İslamofoblar sammiti
Siyasət

İslamofoblar sammiti

Bu günlərdə ABŞ Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) tərəfindən və ABŞ Senatının həmsədrliyi ilə Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (IRF-2024) keçirilir. IRF-2024 Sammitində çıxış edən spikerlər arasında Xankəndidən olan "qaçqın jurnalist" kimi təqdim edilən Siranuş Sarkisyan da daxil olmaqla, beş erməni var.

Bu bir daha ABŞ-ın ölkəmizə qarşı olan qərəzini ortaya çıxarır. Belə ki, IRF Sammiti getdikcə islamofob və xristian fanatizmi ideyalarını təbliğ edir, həmçinin yalan məlumatlar yayır. Bu faktı artıq başqa müsəlman ölkələri təsdiq edir. İcraçı direktor Piter Börnsin "X" sosial şəbəkəsində ABŞ prezidentliyinə keçmiş ermənipərəst namizəd Vivek Ramasvaminin əlində Ermənistan bayrağı tutmuş, səlibçi paltarı geyinmiş və arxa planda dağıdılmış məscidlərin şəklini paylaşıb. Beynəlxalq Dini Etiqad Azadlığı Sammitinin icraçı direktorunun belə bir şəkil paylaşması həqiqətən utancvericidir. Din azadlığı adı altında dağıdılmış məscid görüntüsü paylaşmaq islamofob meyillərin əyani göstəricisidir. İslama və ya müsəlmanlara qarşı bu irrasional qorxu, nifrət və qərəz ayrı-seçkiliyi təşviq edir.

Dini etiqad azadlığı fərdlərin hökumətin və ya digər şəxslərin müdaxiləsi, məcburiyyəti olmadan öz dini etiqadlarını həyata keçirmək, ifadə etmək və təzahür etdirmək hüququna istinad edən əsas insan hüququdur. Bu, çox vaxt milli və beynəlxalq qanunlarla qorunur və fikir, vicdan, ifadə azadlığı kimi daha geniş anlayışların mühüm aspekti hesab olunur. İnsanlar müxtəlif dinlərə və inanclara riayət edirlər. Dini müxtəlifliyə hörmət ictimai harmoniyaya, dinc yaşamağa xidmət edir. Dini etiqad azadlığı beynəlxalq təşkilatlar və bir çox ölkələr tərəfindən əsas insan hüququ kimi tanınır. Başqalarının inancına hörmət etmək fundamental hüquqları qorumağın və tolerantlığı təşviq etməyin bir yoludur.

Lakin IRF Sammiti paylaşımları və islamafob hərəkətləri ilə islamofob və Azərbaycan əleyhinə olmasını bir daha sübut edir. Lakin deyəsən din dedikdə İslam nəzərdə tutulmur. Azərbaycanın ABŞ-ın "dini etiqad azadlığını məhdudlaşdıran" ölkələrlə bağlı hesabatına daxil edilməsinin səbəbi aydın olur. Səlib yürüşləri hər iki tərəfdən saysız-hesabsız insanların itkisinə səbəb olan dini dözümsüzlük və zorakılıqla yadda qalıb. Dini fərqliliklərə, müqəddəs müharibə ideyasına əsaslanan bu fikirlər tolerantlıq və birgəyaşayış prinsiplərinə ziddir və təəssüf ki, bu meyillər bu gün də özünü göstərir. Ermənistan tərəfindən Qarabağda məscidlərdə donuz saxlanılanda din azadlığı yox idi? Xristianlığı din kimi qəbul edən IRF Sammiti bəs İslamı, ona olan hörmətsizliyi nə üçün gözardı edir?

Digər bir məsələ, Qarabağ ermənilərini təmsil edəcək jurnalist adlandırılan şəxs hələ 2019-cu ildə Qarabağda şəraitsizliyə görə yaranan problemlərdən, illərdir həll olunmayan məsələlərdən danışıb, müsahibəsinin bir hissəsində "vəziyyət belə davam edərsə, Qarabağdakı ermənilər oranı tərk edəcəklər" deyə bildirib. Gülməlidir ki, 4 il qabaq Xankəndini tərk etməyi düşünənlər indi özlərini qaçqın elan edib. Birincisi, qaçqın, irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına, yaxud siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan şəxsə deyilir. Bu situasiyada isə bunların heç biri onlara adi edilə bilməz. Çünki Azərbaycan beynəlxalq qanunlarla təsdiqlənmiş ərazisini işğaldan azad edib. Yəni burada heç kim hansısa bir ölkədən qovulmayıb. İkincisi isə Azərbaycan tərəfindən onlara vətəndaşlıq təklif edilib, yəni getmək istəyənlər öz şəxsi seçimləri ilə buranı tərk edib.

Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub, öz torpaqlarından didərgin salınıb. Lakin bu qədər vacib bir məsələ nəzərə alınmır, Ermənistanın olmayan qaçqınları problemi qabardılır. Aydın şəkildə bəlli olur ki, bu Sammit obyektiv yanaşmadan çox uzaqdadır və onun əsl adı dini azadlıq deyil, "xristian birliyi" sammiti olmalıdır.

N.SÜLEYMANOVA,

"Respublika".