Qərənfil, şəhid qanı
Tarix

Qərənfil, şəhid qanı

Bundan sonra bu al-qırmızı güllər bir daha ağlamayacaq

...Yanvarın 19-da çoxlu qar yağmışdı. İş həftəsinin sonu, cümə günü idi. Gərgin keçən daha bir günü başa vurmuşduq, amma hər kəs narahat görünürdü. Şəhərə qoşun yeridiləcəyi barədə gəzən xəbərlər rahatlığımızı əlimizdən almışdı. Qorxduğumuz başımıza gəldi...

Axşam 22:00 radələrində müxtəlif istiqamətlərdən şəhərə daxil olan sovet qoşunları misli görünməmiş faciə törətdi, günahsız insanların həyatına son qoyuldu. Neçə-neçə nakam taleyin qar üzərində acı hekayəsi yazıldı, bəyaz qar insan qanından rəngini dəyişdi, meyitlər səpələnən küçələr qərənfil yağışına tutuldu. O gündən matəm, hüzn gülü oldu qərənfil, şəhidlərin simvoluna çevrildi. Xan qızı Natəvanın:

Belə pəjmürdə hal ilə durubsan,

Düşən güllər əra qovğa, qərənfil!

- deyib halını sorduğu: "Səni kimdir sevən bıca, qərənfil? Sənə mən aşiqi-şeyda, qərənfil!" - deyib sevgisini izhar etdiyi qərənfil şəhid məzarlarının "bəzəyi" oldu. Yanvarın 22-də böyük insan selinin müşayiətilə son mənzilə yola salınan şəhid cənazələrinin qırmızı örpəyi oldu qərənfil.

Azadlıq meydanından Dağüstü parka doğru axan böyük insan selinin çiyinlərdə apardığı şəhid övladlarına ağı dedi analar:

Qərənfil şəhid qanı!

Qan götürdü dünyanı...

Ağla, inlət meydanı,

Ağla, qərənfil ağla!

O gün dağ üstündə bir məzarlıq salındı, sonralar Şəhidlər Xiyabanı adlandırılan bu məzarlıq and yerimizə çevrildi. Hər il 20 yanvarda Bakının bütün qərənfilləri heç vaxt dəyişməyəcək görüş yerində bir-birinə sarılır. Onun sıx düzülmüş ləçəkləri 34 ildir ki, pıçıldayır: Ağlamayın! Mübariz olun! Qələbə çalın!

20 Yanvar. Tariximizin qanlı səhifəsi. 34 il bundan əvvəl belə bir faciənin baş verəcəyini dövrün insanları heç ağıllarına belə gətirməzdilər. Xalqlar dostluğunun, beynəlmiləlçilik ruhunun ağlımızda, düşüncəmizdə hakim kəsildiyi o sovet dönəmində vətən saydığımız ittifaq dövlətinin "öz xalqını" gülləbaran edəcəyi yatsaq yuxumuza da girməzdi. Ancaq bütün bunlar oldu, o faciəni yaşadıq. 34 il, az müddət deyil, indi 34 ildir ki, hər təzə il gələndə, yanvar ayı yer üzünə qədəm qoyanda, hə, bir də çoxlu qar yağanda o qanlı şənbə gecəsini, ondan sonra olanları, bu hadisələrə aparan yollarda baş verənləri acı bir xatirə kimi yaddaşımın, ağlımın süzgəcindən keçirirəm. Çünki bu yolu o gecənin qurbanları ilə birgə yerimişdik...

Ermənilərin əsrlərlə arzusunda olduğu "böyük Ermənistan" yaratmaq ideyasının "ilk cücərtiləri" baş qaldıranda mən partiya işində çalışırdım. Mingəçevir Şəhər Partiya Komitəsində referent vəzifəsini icra edirdim. Qarabağda, Əsgəranda ermənilərlə azərbaycanlılar arasında toqquşmada iki azərbaycanlı öldürülmüşdü. Xəbər gəldi ki, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov hadisə ilə bağlı canlı yayımda xalqa müraciət edəcək. Vaxtı qabaqcadan bəlli olduğundan bütün əməkdaşlar zala toplaşıb, baş katibin çıxışını dinləmək üçün televizorun səsini bir qədər də ucaldaraq səbirsizliklə gözləyirdi. Təbii ki, eşitmək istədiklərimiz vardı. Nəhayət, gözlənilən an gəlib çatdı. SSRİ rəhbəri hamını salamlayıb sözə başladı. Xalqlar dostluğundan, SSRİ xalqlarının monolitliyindən danışdı və hər iki xalqı təmkinli, səbirli olmağa çağırdı. Bəli, xallı Mixail danışdı, heç nə olmamış kimi, qan tökülməmiş, günahsız insanlar qətlə yetirilməmiş kimi... Bundan sonra Kremldən demək olar ki, hər gün üzərində "son dərəcə məxfi!" sözləri yazılmış iri konvertlər gəlməyə başladı. Bu məktublar birbaşa Partiya Komitəsinin birinci katibinə çatdırılır və bir az keçməmiş onun otağında şəhərin hüquq-mühafizə, təhlükəsizlik orqanları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilirdi. Düşünürdük ki, Kreml yaranmış vəziyyətdən narahatdır və məsələ ilə bağlı mütləq tədbirlər görəcək. Əslində isə Moskva tamam başqa bir şey planlaşdırırdı... Sən demə, o "namə"lərdə "ekstremislərin" (azadlıq mübarizlərinin) susdurulması üçün "rəngarəng" ssenarilər yazılıb göndərilirmiş. Xallı Mixail Azərbaycan xalqının milli oyanışından narahat imiş... Bunu isə təbii ki, sonralar anlamışdıq...

Hadisələrin sonrakı axarını isə Bakıda izləməli oldum. Belə ki, ailə vəziyyəti ilə əlaqədar 1988-ci ildə paytaxta köçmüş və İliç adına (indiki Heydər Əliyev adına) Yeni Neftayırma Zavodunun Azərbaycan və rus dillərində çıxan "Neftayıran" çoxtirajlı qəzetinin redaktoru vəzifəsində işləməyə başlamışdım. Vəziyyət ürəkaçan deyildi, çünki nədən, necə yazmaq son dərəcə çətinləşmişdi. Sovet ideologiyasının hökm sürdüyü bir məqamda azadlıq, istiqlaliyyət uğrunda xalq mübarizəsi də vüsət almışdı, mitinqlər keçirilir, "Müstəqil Azərbaycan!", "Bütövləşən Azərbaycan!" və s. azadlıq ruhlu şüarlar səsləndirilirdi. Xatirimdədir, o ab-havaya köklənib yazdığım "Bütöv Azərbaycan!" adlı yazıya görə "xəbərdarlıq" da almışdım. Bu, o vaxtlar idi ki, artıq sovet qoşunları Bakının bütün küçələrini, idarə və müəssisələrini "nəzarətə götürmüşdü". Hər gün işə, zavodun idarə heyətinin yerləşdiyi binaya lap girəcəkdə dayanmış sovet tankının lüləsi altından keçib gedir, axşam da o qayda ilə geri dönürdük.

Hadisələr artıq dönməz xarakter almışdı. Qarabağdan gələn xəbərlər isə vəziyyəti daha da gərginləşdirirdi. Yanvarın 9-da Ermənistan parlamenti "Dağlıq Qarabağ"ı öz büdcəsinə daxil etmək qərarına səs verdi və əlbəttə ki, bu addım azərbaycanlıları çox qəzəbləndirdi. Qarabağın şimalında - Xanlar və Şaumyan rayonlarında ermənilərlə azərbaycanlılar arasında daha bir toqquşma baş verdi, insanlar girov götürüldü, daxili qoşunların dörd əsgəri öldürüldü.

Yanvarın 6-7-də Xalq Cəbhəsi parçalandı, yanvarın 12-də Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçko yeni təzadlı plan irəli sürdü. Onun Xalq Cəbhəsi ilə apardığı danışıqlar nəticəsində respublika sərhədlərini erməni təcavüzündən qorumaq üçün Azərbaycanda "Milli Müdafiə Şurası"nın yaradılacağı bəyan olundu. Yanvarın 14-də Kremlin rəsmiləri Yevgeni Primakov, SSRİ müdafiə naziri Dmitri Yazov da Bakıya gəldi. Dağlıq Qarabağda, sərhəd rayonlarında və Gəncədə fövqəladə vəziyyət tətbiq etmək qərarı verildi, lakin nədənsə bu qərar Bakıya şamil olunmadı. Siyasi oyun davam edirdi...

Bakıda fövqəladə vəziyyət gecəyarı, şəhərə qoşun yeridildikdən sonra tətbiq olundu. Təbii ki, şəhər sakinləri bundan xəbərsiz idi, çünki yanvarın 19-da saat 19:30-da televiziya stansiyasının enerji bloku partladıldığından yayım kəsilmişdi. Bakılılar fövqəladə vəziyyət barədə yalnız yanvarın 20-də səhər saat 5:30-da Mirzə Xəzərin təqdimatında Azadlıq Radiosu vasitəsilə xəbər tuta bildilər. Lakin artıq çox gec idi. SSRİ tarixində ilk dəfə sovet silahlı qüvvələri öz dövlətində qırğın törətmişdi. 1990-cı il yanvarın 20-də xalqımız şəhid verdi. Bununla, həm də SSRİ Azərbaycanı itirmiş oldu. Azadlığa, dövlətimizin müstəqilliyinə aparan yol buradan başladı. Bu gün məmləkətimizin hər yerində üçrəngli bayrağımız dalğalandıqca sanki deyir: bundan sonra heç zaman ağlamayacaq qərənfillər...

Zümrüd QURBANQIZI,

"Respublika".