“Qoca qitə”nin əsas enerji tərəfdaşı
İQTİSADİYYAT

“Qoca qitə”nin əsas enerji tərəfdaşı

Ölkəmizin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət istər tərəfdaş dövlətlər, istərsə də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Azərbaycan regional və qlobal təhlükəsizliyin möhkəmlənməsinə, sabitliyin qorunmasına, əməkdaşlığın dərinləşməsinə öz töhfələrini verir. Bu gün etibarlı tərəfdaş kimi tanınan dövlətimizin həm regionda, həm də beynəlxalq müstəvidəki qarşılıqlı, faydalı əməkdaşlıq əlaqələri bir çox ölkələrə örnəkdir.

Azərbaycanın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri məhz quruculuğun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Bunun nəticəsidir ki, ölkəmizə rəğbət günbəgün artır. Dövlətimizin enerji siyasəti regional və qlobal işbirliyinə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını da şərtləndirmişdir. Azərbaycanın öz enerji ehtiyatlarından səmərəli istifadə etməsi ölkəmizi regionda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdən birinə çevirmişdir. Dövlətimiz, həmçinin sahib olduğu bütün bu üstünlüklərdən əməkdaşlıq münasibətlərini inkişaf etdirmək üçün istifadə edir.

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan "Əsrin müqaviləsi" ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycan beynəlxalq enerji bazarında birbaşa iştirakçıya çevrilmişdir. "Əsrin müqaviləsi"ndən sonra 1996-cı ildə "Şahdəniz" qaz kontraktı üzrə sazişin bağlanması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki Cənub Qaz Dəhlizinin mənbəyinin əsasında məhz "Şahdəniz" qaz yatağı dayanır. Bundan başqa, "Şahdəniz" dünyanın ən böyük qaz yataqlarından biri olmaqla 1 trilyon kubmetrdən çox ehtiyata malikdir. Enerji sahəsində atılan uğurlu addımlardan biri də 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərinin tikilməsi olmuşdur. 2006-cı ildə istifadəyə verilən, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəməri isə həm Azərbaycan, həm də Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir.

Bundan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi.

Bütün bunların nəticəsində Azərbaycan hazırda dünyada həm də qaz ixrac edən ölkə kimi tanınır. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın əsas məqsədi Avropanın bir sıra ölkələri ilə sıx əlaqələr qurmaq, istehlakçı ölkələri bir-birinə bağlayan və 50 milyard kubmetrə qədər qaz nəql etmək gücündə optimal paylayıcı şəbəkə qurulmasına nail olmaqdır. Xatırladaq ki, Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir: "Şahdəniz", Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. TANAP ilə təbii qaz Şahdəniz və digər yataqlardan Avropa bazarlarına nəql edilir. TANAP, həmçinin bir neçə mərhələdə həyata keçirilməklə region ölkələri arasında əməkdaşlığı daha da dərinləşdirəcək. Bu il sözügedən kəmər vasitəsilə istehsal olunan qazın həcmi 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Bundan başqa, Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il, iyunun 2-də 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində çıxışı zamanı "Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd etməsi ölkəmizin bu sahədəki uğurlarını bir daha təsdiqləmişdir. Bununla yanaşı, Prezidentin "elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də gündəmdədir" fikri Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə verdiyini göstərir. Bununla ölkəmiz qarşılıqlı əməkdaşlıq mühiti yaradaraq həm də regionun təhlükəsizliyinə xidmət etmiş olur. Cənub Qaz Dəhlizinin icrası zamanı boru kəmərinin keçdiyi ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurulmuşdur.

Azərbaycanın dünyanın aparıcı enerji şirkətlərindən olan "ACWA Power" və "Masdar" şirkətləri ilə də əməkdaşlığı beynəlxalq müstəvidə etibarlı tərəfdaş olduğunun göstəricisidir. Xatırladaq ki, 44 günlük müharibədə işğaldan azad olunan ərazilərimiz, xüsusilə də Kəlbəcər və Laçının potensialı enerji üzrə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Bundan başqa, ölkə başçımızın bu il martın 9-da Bakıda keçirilən "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılışında söylədiyi nitqi Azərbaycanın qaz yataqlarına investisiyaları artırdığını bir daha sübut etmişdir: "Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır, bu belədir, biz hər zaman etibarlı tərəfdaş olmuşuq. Biz neftimizi, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına çıxarırıq".

Şübhəsiz, dövlətimiz sadəcə bunlarla kifayətlənmir, Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək, daha geniş tərəfdaşlıqlar üçün müxtəlif təşəbbüslərlə çıxış edir.

Nəzrin ELDARQIZI,

"Respublika".