Yeni neft strategiyasının uğurlarının başlanğıcı
İQTİSADİYYAT

Yeni neft strategiyasının uğurlarının başlanğıcı

12 noyabr 1997-ci ildə "Əsrin müqaviləsi"nin reallaşması istiqamətində görülən işlər çərçivəsində Azəri-Çıraq-Günəşli platformasında - "Çıraq" yatağından ilk neftin hasil olunması münasibətilə ulu öndər Heydər Əliyevin iştirakı ilə təntənəli mərasim keçirilib.

İlkin neft və qazın sahilə nəqli üçün sualtı boru xətləri çəkildi, Səngəçalda yeni müasir terminal tikildi. "Dədə Qorqud" qazma qurğusu bərpa edilərək istifadəyə verildi. Beş milyon tondan artıq neft, bir milyard kubmetr səmt qazı çıxarıldı. Azərbaycan neftinin dünya bazarlarına nəqlini təmin etmək üçün Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri işə salındı. İlkin hesablamalara görə, "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edildi. Bu nəhəng yataqlar blokunun istismarı üç mərhələdə nəzərdə tutulmuşdu. 1997-ci il noyabrın 7-də "Çıraq" platformasından ilk neft hasili növbəti mərhələlərin uğurla həyata keçirilməsinə zəmin yaratdı. Noyabrın 12-də bu münasibətlə platformada ulu öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirildi. Bu tarixi hadisə Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı oldu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış "Əsrin müqaviləsi" respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. "Əsrin müqaviləsi" üzrə ilkin neftin çıxarılması münasibətilə keçirilən təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev nitqində demişdir: "Bu gün - Azərbaycan üçün əziz olan Konstitusiya günü, eyni zamanda Xəzər dənizindəki yataqlarda üç il görülən işlər nəticəsində ilkin neftin hasilatının qeyd olunması mərasimi bir-biri ilə üzvi surətdə bağlıdır. Çünki məhz Azərbaycan dövlət müstəqilliyi əldə edəndən, xalqımız öz sərvətlərinin sahibi olandan, öz sərvətlərindən istədiyi kimi istifadə etmək imkanı əldə edəndən sonra Azərbaycan müstəqil olaraq dünyanın bir çox ölkələri, şirkətləri ilə "Əsrin müqaviləsi" kimi müqavilə imzalamağa nail ola bildi".

"Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın müstəqil dövlət olaraq öz sərvətlərinə tam sahib çıxdığını dünyaya bir daha göstərdi. Tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırılan dəyəri 7,4 milyard dollar olan kontraktda dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti "Amoco", BP, "McDermott", "Unocal", SOCAR, "LUKoil", "Statoil", "Exxon", "Türkiye Petrolleri", "Pennzoil", "Itochu", "Remco", "Delta" iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Dünyanın böyük neft şirkətləri ilə bu uzunmüddətli müştərək işin başlanması Azərbaycanın ictimai-siyasi həyatında və iqtisadiyyatında sabitliyin yarandığını, respublikamızda demokratik prinsiplərin bərqərar olduğunu və inkişaf etdiyini beynəlxalq aləmdə əyani şəkildə nümayiş etdirdi.

Müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq saziş - "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatının XXI əsrin astanasında dinamik inkişafının əsasını qoymuşdur. "Çıraq" yatağı yeni inşa olunan daha böyük və müasir platformalar istirmara verilənədək, yəni 2005-ci ilədək yeganə hasilat və ixrac mənbəyi olmuşdur. Bu gün də "Çıraq" altı hasilat platformasından biridir. Xatırladaq ki, "Azəri" yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən neft hasilatı həyata keçirilir. 2008-ci il aprel ayının əvvəlindən "Günəşli" yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə "Çıraq" yatağının qərb hissəsində neft hasilatına başlanılıb.

Onu da qeyd etmək lazımdır ki, "Əsrin müqaviləsi" çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə Bakı-Novorossiysk kəmərinin ötürücülük qabiliyyəti məhdud olduğundan ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi ortaya çıxdı və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. Lakin bu da kifayət etmirdi. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan neftini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşasına zərurət yarandı. Belə olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi.

Beləliklə, 2002-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur. Bu gün Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.

14 sentyabr 2017-ci ildə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsündə düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Yeni Sazişlə "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb.

Mustafa KAMAL,

"Respublika".