Qürurla anırıq: Elgiz Kərimov
Sosial həyat

Qürurla anırıq: Elgiz Kərimov

Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxr örnəyi olan Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini bitirərək elə həmin il hərbi xidmətə çağırılmışdır. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsa da, ön cəbhəyə könüllü, ürəkli gedənlərdən biri olur. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Elgiz 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxdı.

Elgiz Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv edir. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri olur. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəlir. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarılır, döyüşçülərimiz azad edilir. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəlir. 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak olur.

Elgizin yarımçıq qalmış gündəliyindəki qeydlərindən: "Cəbhəyə gedəndə anam "Bir dayan, a bala, boy-buxununa doyunca baxım", - Bu gün 91-ci ilin yanvar ayının 5-i ad günümdür. 20 yaşım tamam olur. Dostlarım dedilər ki, silahı qoy yerə. Qoymadım. Çünki ermənilər Əsgəran səmtdən amansızlıqla hücuma keçmişdilər. Biz onları geri qayıtmağa məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu. Onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq uşaq kimi ağlayır: "Ermənilər bizi satın alıblar", - deyirdi. İkincisi Qarabağ haqqında anlayışı olmayan gəlmə "dığa" gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncüsünü isə yaxşı tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi. O, necə mənə yalvarır, imdad istəyirdi. Soruşdum: "Heç utanırsan?" Cavab verdi: "Utanmaq azdır, ölüm yaxşıdır". Bir gün icazə alıb evimizə getdim. Atam qurban kəsdi. Anam nəzir dedi. Onun bu dünyada ən böyük arzusu mənim toyumu görmək idi. Heç demə, qonşu qızının "hə"sini də alıbmış. Üç gündən sonra yenidən xidmət etdiyim hissəyə qayıtdım. Ermənilər daha da vəhşiləşmişdilər. Şuşanın səmasında sərnişin vertolyotunu vurub, 43 nəfəri öldürmüşdülər. Kərkicahanı isə hər gün, hər gecə atəşə tuturdular. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsilmişdi. Cəmilli kəndinin müdafiəsində ağır yaralandım. Üç ay özümdə olmadım".

Elgiz xatirələrində yaralanandan bir neçə ay sonra yenidən cəbhəyə, döyüş yoldaşlarının yanına qayıtdığını bildirir: "Yenidən silahdaşlarımızın yanına qayıdanda dostlarım sevindilər. Ancaq bu sevinc uzun sürmədi. Ermənilər Naxçıvanik (indiki Naxçıvanlı) istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməli idi. Müdafiə, gözləmə mövqeyindən çıxıb, hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi".

Elgiz Bərdədə Şəhidlər xiyabanında dəfn olunub. Bərdə şəhər 4 saylı tam orta məktəb Milli Qəhrəmanın adını daşıyır.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu gün Elgizin uğrunda şəhid olduğu torpaqlar öz sahibinə qovuşub.

Müşfiq CƏFƏROV,

"Respublika".