Qürurla anırıq: Məhərrəm Seyidov
Digər xəbərlər

Qürurla anırıq: Məhərrəm Seyidov

Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Mirəziz oğlu Seyidov 1952-ci il sentyabr ayının 7-də Şərur rayonunun Alışar kəndində dünyaya göz açıb. 1969-cu ildə buradakı N.Nərimanov adına orta məktəbi bitirmişdir. Hərbi xidmətini Ukraynanın Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlamışdır. Məhərrəm Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir. Şərur Rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi. 1980-ci ildə M.Seyidov Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır.

1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 1990-cı ilin yanvar ayının 16-da erməni silahlı birləşmələri Naxçıvanda-Kərkidə öz azğın əməllərinə başlamışdılar. Üç min nəfərdən ibarət silahlı erməni qulduru Kərkini darmadağın edərək evləri yandırmış, vəhşiləşmiş canilərin hücumuna tab gətirməyən soydaşlarımız doğma yurdlarını tərk etməyə məcbur olmuşlar. Yanvarın 17-də nisbətən sakitlik olsa da, düşmən öz azğınlığını yenə də davam etdirir, Sədərək istiqamətində irəliləyirdilər. Yaxınlaşan təhlükə haqda Şərur RDİŞ-ə məlumatlar gəlir. Şöbənin rəisi Allahverdi Həsənov vəziyyəti təhlil edib əməkdaşlarına konkret göstərişlər verir.

Vəziyyət son dərəcə gərgin idi. Sayı əllini keçməyən Sədərək müdafiəçiləri avtomatla silahlanmış minlərlə erməni yaraqlılarının qarşısına çıxaraq Vətənin müdafiəsinə qalxdılar. Bu müdafiəçilərin arasında Naxçıvan elinin igid oğlu, şərurlu Məhərrəm Mirəziz oğlu Seyidov da var idi.

Yanvarın 18-i qanlı döyüşlər şiddətləndi. Toplardan açılan atəşlər Sədərəkdə yeri-göyü titrədirdi. Cəzasızlıqdan azğınlaşmış erməni yaraqlılarının istifadə etdikləri toplar qədim Sədərək torpağını lərzəyə gətirirdi. Şərur oğulları sinələrini düşmən gülləsinə sipər edərək Vətən torpağının hər qarışı üçün ölüm-dirim mübarizəsinə girişdilər. Sədərəyi, Şəruru, sonra isə Naxçıvanı tutmaq eşqi ilə vəhşiləşən erməni caniləri döyüşlər getdikcə quduzlaşırdılar. Lakin, Şərurun cəngavər oğulları düşmənlə qeyri-bərəbər qüvvədə olmasına baxmayaraq, onları yerlərində oturda bildilər. Düşmən canlı qüvvə sarıdan böyük itki verdi. Məhərrəm Seyidov bu döyüşlərdə xüsusilə fərqləndi. Onun döyüşlərdəki şücaəti qanlı döyüşlərin şahidlərini heyran etdi.

Sədərəyin müdafiəsi təmin olunsa da, bu çətin mübarizə qurbansız keçmədi. Ölənlər və yaralananlar var idi. Kapitan Azər Seyidov isə əsir düşmüşdü. Bunu qanlı döyüşlərdən sonra nisbi sakitliyə görə istirahətə buraxılan Məhərrəm Seyidov yanvar ayının 19-u Azərin atasından eşitdi. Oğul həsrətli naümid ata Məhərrəmdən kömək istədi. Dar gündə çarəsiz ataya kömək etmək üçün Məhərrəm evə deyil, yenidən düşmən tərəfə qayıtdı. Azəri xilas etmək risqə getmək idi. Bunu Məhərrəm də yaxşı başa düşürdü, yoldaşları da. Ancaq fikri qəti idi. Üç gündən bəri odun-alovun içərisində vuruşan Məhərrəmi heç kim geri qaytara bilmədi. Bircə cümlə - "erməni kimdi ki, onun qabağından qaçım?", - deyib Azərin harayına tələsdi.

Məhərrəm güllə yağışı altında özünü Azərə yetirdi. Onun özü də düşmən əhatəsində idi. Lakin bu onu qətiyyən qorxutmurdu. Kərki kəndi ətrafında gedən döyüşlərdə də Məhərrəm erməni quldurlarının mühasirəsində qalmış, lakin on nəfər quldurun birini belə yaxına buraxmamışdı. Əlindəki qumbaranı hazır vəziyyətə gətirərək "özümü də öldürəcəm, sizi də", - deyə azğın quldurları təslim olmağa məcbur etmişdi. Məhərrəmin həyatında bu cür ölümlə mübarizə anları çox olmuşdu. Odur ki, o, hərbçi yoldaşı Azərə kömək etməyə qətiyyən tərəddüd etmədi. Azərin xilas olmasına, düzü heç kəs inanmırdı. Onu düşdüyü mühasirədən xilas olmağını az qala möcüzə sanırdılar. Məhərrəm qəhrəmanlıq mücəssəməsinə çevrilmişdi. Vətənpərvər idi Məhərrəm. Azərbaycanlı olmağı ilə, qeyrətli oğullarımızla fəxr edirdi. Nəhayət, altı saatlıq mübarizədən sonra Məhərrəm Azəri mühasirədən çıxarda bildi. Lakin özü qəhrəmancasına şəhid oldu. Şərur rayonunda, Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Dörd övladı yadigar qalıb.

Şərurda M.Seyidovun adına küçə verilmiş, tuncdan büstü qoyulmuşdur. 2 saylı Şərur şəhər orta məktəbi Milli Qəhrəmanın adını daşıyır.

 M.MİRZƏ,

"Respublika".