Regionda vəziyyətə ikivektorlu yanaşma zərurətdir
Digər xəbərlər

Regionda vəziyyətə ikivektorlu yanaşma zərurətdir

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında Qarabağ mövzusu yer almayacaq

"Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyan ilə təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə ikivektorlu yanaşmanın zəruri olmasını başa düşürük. Bu, əvvələn Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları vektoru, ikincisi Qarabağın erməni əhalisi ilə Azərbaycanın əlaqəsi vektorudur". Bu fikri Prezident İlham Əliyev "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdakı çıxışında bildirib.

Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsinin zəruriliyini qeyd edən dövlət başçısı həmçinin deyib: "Biz hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümid edirik ki, tezliklə bu işi yekunlaşdıra biləcəyik. Mən hesab edirəm ki, bu, ciddi tarixi fikir ayrılıqları olan ölkələrin birgə toplaşmaq və düşmənçilik səhifəsini çevirmək üzrə yaxşı nümunə ola bilər".

59-cu Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti dövlətimizin, xalqımızın sülhpərvərliyini bütün dünyaya bir daha bəyan etdi. Bu da onu göstərir ki, Azərbaycanın mövqeyi dəyişməzdir: biz müharibə istəmirik, biz sülh, barış, əmin-amanlıq istəyirik... Ermənistanın danışıqlardan yayınmasına və bölgədə gərginlik yaratmasına rəğmən Azərbaycan Prezidenti bir daha ölkəmizin sülhpərvər mövqeyini ortaya qoydu. Müharibədən qalib çıxan ölkə məğlub ölkəyə sülh, barış təklif edir.

Bu isə bir təklif olaraq qalmır, dövlətimiz bu istiqamətdə mühüm addımlar atır, 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Müharibə başa çatdıqdan bir qədər sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasını təklif edən Azərbaycan Prezidenti danışıqlardan yayınan, sülh müqaviləsinin imzalanması prosesinin hər vəchlə uzanmasına səy göstərən Ermənistanı müxtəlif səviyyəli görüşlərdə həmişə ifşa edir. Lakin Ermənistan lideri bunlardan bir nəticə çıxarmır.

Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışır, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir. Qarabağda yaşayan erməni sakinlərinin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastanla müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır.

Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiyyəti yoxdur. İndi bəzi qüvvələr Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılması barədə danışırlar, ancaq bu barədə söhbət gedə bilməz və Azərbaycan buna razılıq verməyəcəkdir. Ermənistanın bununla bağlı iddiaları tamam məntiqsizdir və süni gərginlik yaratmaq məqsədi daşıyır. Təsadüfi deyildir ki, istər Brüssel görüşlərində, istərsə də ötən ilin sentyabrında Vaşinqtonda keçirilmiş görüşdə Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin məhz Azərbaycan Konstitusiyası çərçivəsində təmin edilməsi məsələsi müzakirə mövzusu olub.

Ermənistan danışıqları pozur, təxribatlar törədir, üçtərəfli Bəyanatın müddəalarına əməl etmir. Qarabağ bölgəsində minlərlə silahlı hələ də qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımasına baxmayaraq, baş nazir və digər Ermənistan rəsmiləri tərəfindən vəziyyəti qəsdən gərginləşdirən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü sual altına qoyan, təhdid edən açıqlamalar verilir, addımlar atılır. Bu xətt son vaxtlar daha da güclənir.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyası məsələsi həllini tapmır, çünki separatçılar, Ermənistan rəhbərliyi sülh istəmir. Onlar "Qarabağın ətrafında demilitarizasiya olunmuş zonanın yaradılması", "BMT-nin faktaraşdırıcı missiyasının Qarabağa, Laçın yoluna göndərilməsi" kimi açıqlamalar verir, ancaq düşünmürlər ki, bu, boş bir xəyal, geosiyasi avantüra, süni gərginlik yaratmaqdan başqa bir şey deyil. Düşmənin belə qıcıqlandırıcı açıqlamaları isə onların İkinci Qarabağ müharibəsindən əvvəl "Qarabağ Azərbaycandır və nöqtə", "Yeni ərazilər naminə yeni müharibə", "Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq", "7 şərt" kimi bəyanatlarını xatırladır.

Ermənistan rəhbərliyini xalqının taleyi maraqlandırmır, onlar daha çox torpaq, daha çox ərazi əldə etmək iddiasındadırlar. Elə Azərbaycan tərəfinin Qarabağdakı erməni əsilli azərbaycanlıların reinteqrasiyası ilə bağlı atdığı addımlar da bu səbəbdən bir nəticə vermir. Daha doğrusu, erməni sakinlərin Azərbaycan rəsmiləri ilə görüşünə, təmasına mane olurlar. Martın 1-də Xocalıda ilkin təmaslar aparılsa da, növbəti görüşlər baş tutmadı. Məqsəd isə aydındır. Lakin Azərbaycan Prezidenti ən mötəbər toplantılarda dəfələrlə vurğulayıb ki, Ermənistanla sülh sazişinə Qarabağ məsələsi daxil edilməyəcək. Bunun nə demək olduğunu başa düşmək bu qədərmi çətindir? Dövlət başçısının dediyi kimi, Azərbaycan istədiyinə nail olur. O səbəbdən də regionda vəziyyətə də məhz ikivektorlu yanaşma daha məqbuldur. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında Qarabağ mövzusunun yer almasına yol verilməyəcək...

Zümrüd QURBANQIZI,

"Respublika".