Reinteqrasiya ən məqbul seçimdir
Digər xəbərlər

Reinteqrasiya ən məqbul seçimdir

Prezident İlham Əliyevin Şuşada "Euronews" televiziyasına verdiyi müsahibəni dinləyərkən hər bir azərbaycanlı, sözün əsl mənasında, qürur hissi keçirir. Möhtərəm Prezidentimizin müxbirin suallarına verdiyi ətraflı, əsaslandırılmış, birmənalı və qəti cavabları eşidərkən fərəhlənməmək mümkün deyil. Mən siyasətlə məşğul olan bir insan kimi, indiyədək bir çox dövlət başçılarının, ölkə rəhbərlərinin çıxışlarını eşitmişəm, müsahibələrini dinləmişəm. Və hər dəfə dinlədikcə cənab Prezident İlham Əliyevin intellektinə, dünyagörüşünə, uzaqgörənliyinə və əlbəttə ki, humanistliyinə heyranlığım daha da artır. Dövlət başçımızın "Euronews"a müsahibəsində verdiyi mesajlar həm Ermənistan əhalisinə, həm də Qarabağ iqtisadi rayonunun erməni sakinlərinə ünvanlanmışdır.

Milli Məclisin deputatı Novruzəli Aslanov onu da bildirdi ki, Prezidentimiz müsahibəsində Azərbaycan və Ermənistan xalqları arasında birgəyaşayış prinsipləri əsasında münasibətlərin yenidən qurulması imkanlarını təhlil edərək Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasının mümkün yollarını göstərmişdir. İndiki Ermənistan ərazisinin əslində tarixi Azərbaycan torpaqları olmasına rəğmən, dövlətimizin başçısı birmənalı olaraq bəyan etdi ki, bizim heç bir ölkənin ərazisində gözümüz yoxdur və biz bundan sonra qətiyyən müharibə istəmirik. Qarabağın erməni sakinlərinə gəlincə isə onlar sadəcə Azərbaycan Konstitusiyasını tanımaq, yaşadıqları ölkənin qanunlarına tabe olmaqla öz normal gələcəklərini təmin edə bilərlər. Bu gün danışıqlar prosesinin rəvan getməməsi təəssüf doğursa da, Ermənistan tərəfindən konstruktiv yanaşma nümayiş etdiriləcəyi halda bəlkə də ilin sonunadək sülh variantının tapılması mümkün ola bilər.

Millət vəkili qeyd etdi ki, çox maraqlıdır ki, Azərbaycanın 20 faiz ərazilərinin 30 ilə yaxın müddət ərzində erməni işğalı altında olduğu dövrdə yüz minlərlə qətlə yetirilən, dədə-baba yurdlarından qovularaq didərgin salınan, kütləvi qırğınlara məruz qoyulan azərbaycanlıların haqlarının müdafiəsi üçün bir kəlmə belə olsun söz deməyən beynəlxalq təşkilatlar bu gün Qarabağda yaşayan və faktiki olaraq özləri-özlərini yaşadıqları ölkədən təcrid vəziyyətinə salan erməni əhalisini guya gözləyə biləcək hansısa potensial təhlükələrə qarşı Azərbaycandan zəmanət tələb edirlər. Bu, açıq-aşkar ölkəmizə qarşı ikili standartlar siyasətinin tətbiq edilməsi cəhdindən başqa bir şey deyil. "Euronews" televiziyasına verdiyi müsahibəsində dövlətimizin başçısı bir daha Laçın-Xankəndi yolundakı vəziyyətdən siyasi spekulyasiya predmeti kimi istifadə edilməsinin yolverilməz olduğunu bir daha bəyan etdi.

M.NƏRİMANOĞLU,

"Respublika".