Qibləgahım, dinim, imanım Göyçədi
Digər xəbərlər

Qibləgahım, dinim, imanım Göyçədi

XX əsrin bəlası – Deportasiya

Azərbaycanın Qərb bölgələrinin – Göyçə, Zəngəzur, İrəvan, Ağbaba, Dərələyəz, Vedibasar və digər əzəli yurd yerlərimizin hər qarışında türkün tarixinin izləri yaşayan qudsal torpaqlarımız, erməni işğalı altında qalmış aranlı-yaylaqlı ağır ellərimiz var. XX əsrin ayrı-ayrı dövrlərində Oğuz yurdu hayların xəyanəti ilə üzləşdi… Göyçəni dörd dolanıb Ələsgər ocağında sazın-sözün sehrində, necə deyərlər, "varından yox olmayan", o ellərin bal kimi şirin ləhcəsini dinləməyən hər kəs nələri itirdiyini təsəvvürünə belə gətirə bilməz! Gənclik illərimdə, ulu Göyçədən ayrı düşəcəyimiz kimsənin ağlına gəlməyən vaxtda, mahallarımızın erməni əsarətində qalmasından doğan yanğını belə ifadə etmişdim:

"İrəvan çuxuru" alışır sazda,

Sinəmə sığmayan "Göyçə gülüm" var…

Dağların başında Ələsgər kimi

Bizdən ayrı düşən bir küsülüm var!

XX əsrin sonunda Qərbi Azərbaycandakı o ağır ellər yerindən tərpəndi: dağlar yerindən oynayan kimi, min illərin palıdı, çinarı kökündən qopan kimi…

Azərbaycanlılar 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə öz tarixi torpaqlarından kütləvi şəkildə köçürülməyə, deportasiyaya məruz qalmışlar. SSRİ dövründə sovet rəhbərliyi tərəfindən bu proses daha məharətlə aparılmış və bu zaman erməni vandalları Sov. İKP MK-nın siyasi bürosundakı havadarlarına (İ.Stalin, Mikoyan və Beriya üçlüyünə) arxalanmışlar. 1948-1953-cü il deportasiyası ilə bağlı İ.V.Stalinin verdiyi 4083 saylı Fərman belə adlanır. "Azərbaycan millətindən olan kolxozçuların və Qərbi Azərbaycandakı digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə". Bu deportasiya nəticəsində 150 min soydaşımız Ermənistanın dağlıq rayonlarından Azərbaycanın qızmar iqlimi olan Kür-Araz ovalığına köçürülmüşdür.

1812-ci ildə Krımın ruslar tərəfindən zəbt edilməsinə fəal kömək edən ermənilər Rusiya hökuməti yanında böyük etibar qazandılar. Rus imperiyası 1853-1856, 1877-1878-ci illərdə Türkiyə və 1826-1828-ci illərdə İranla müharibələrdə də ermənilərə söykəndi. Ermənistanın bu "xidməti"nin əvəzində 1828-ci ildə İrandan 40 min, 1829-cu ildə Türkiyədən 90 min erməni gətirilib, İrəvan-Naxçıvan xanlığı ərazisində yerləşdirildi. Müsəlmanların bayram günü, yəni 20 mart 1828-ci ildə həmin xanlıqların ərazisi erməni vilayəti elan edildi. Halbuki o vaxta qədər bu vilayətlərdə olan 1114 kənddən ancaq 62-də erməni yaşayırdı. Dağıdılmış, əhalisi qırılmış 359 müsəlman kəndində ermənilər (haylar) məskunlaşdırıldı. Bunun nəticəsi idi ki, artıq 1918-ci ildə bu ərazidə yaşayan əhalinin sayı - ermənilər 775, azərbaycanlılar 575 min nəfər təşkil edirdi.

Müsəlmanların pərakəndə qırğınları ilə kifayətlənməyən erməni daşnakları 1917-ci ilin may ayında Qarsda 35 min nəfərlik qoşun korpusu yaradaraq onları üç diviziyaya böldülər. Arisyan İrəvanətrafı rayonları, Silikyan Göyçə gölü ətrafını, Andranik isə Naxçıvanı, Zəngəzuru, Qarabağı, Şuşa və sair yerləri zəbt etməli idi. Qeyd olunan ərazilərin kəndlərini dağıdıb, əhalisini qılıncdan keçirib qırmağa, damlara doldurub yandırmağa başladılar. Andranikin diviziyası Zəngəzurda, Qarabağda 130 kəndi dağıdıb, əhalisini qırdı, 21 kəndin əhalisini damlara doldurub yandırdı. İrəvanda 20 min müsəlman əhali qətlə yetirildi. Tək Vedi rayonunda 45 kəndi dağıdıb qırmaqla kifayətlənməyən ermənilər rayonun Millidərə, Çanaxçıdərə zonalarında 17 kəndin əhalisini damlara doldurub yandırdılar. Göyçə gölü ətrafı rayonlarda, o cümlədən Çəmbərək, Basarkeçər rayonlarında 150 kənd dağıdılıb, əhalisi qətlə yetirildi və sağ qalanlar ata-baba yurdlarından zülm və işgəncə ilə qovuldular. Bayazit rayonunun Bığlı, Ağ qala, Ağzıbir kəndlərinin əhalisi qışın boranlı günlərində Göyçə gölünə dolduruldu.

1918-ci ildə indiki Ermənistanın 575 min nəfər müsəlman əhalisi olduğu halda, 1920-ci ilin noyabrında burada ancaq 12 min nəfər azərbaycanlı qalmışdı.

Sovetləşmədən sonra Qərbi Azərbaycanda əsasən hökumət başına ermənilər keçdi. Xan, ağa, bəy, molla, millətçi və sair adlarla minlərlə azərbaycanlı şərlənərək məhv edildi. Sağ qalan soydaşlarımızı indiki Ermənistanın Martuni, Bayazit, Gərni, Əştərək, Talin, Cəlaloğlu və bir neçə başqa rayonlarda öz daimi yurdlarına buraxmadılar.

Kollektivləşmə zamanı kolxoza yazılmaqdan boyun qaçırdıqlarına görə və digər bəhanələrlə Basarkeçər rayonundan 25, Vedi rayonundan 28 azərbaycanlı güllələndi. Vedi rayonunun Alməmməd kəndində yaşayan 80 ailə 1932-ci ildə bir gecədə Araz çayı ilə Türkiyəyə qaçarkən onların çoxu çayda batdı. Basarkeçər rayonunda bir gecədə 157 nəfər həbs edilərək qazamata salındı. Ermənilərin xalqımıza qarşı törətdikləri belə xəyanəti saymaqla qurtarmaq olmaz.

XX əsrin 80-ci illərində Qərbi Azərbaycanda ermənilər daha da azğınlaşdılar. Ermənilər Qorbaçovu ələ aldılar, Raisanı başdan-ayağa daş-qaşla bəzədilər, bununla da 1988-ci ildə Qərbi Azərbaycandakı soydaşlarımızın ata-baba yurdlarından qovulmasına şərait yaradıldı. Son deportasiyada bir nəfər olsun azərbaycanlı Ermənistan deyilən ərazidə qalmadı. Qızıl Moskva isə bu ədalətsizliyə göz yumdu.

1988-ci ildə Qərbi Azərbaycandan deportasiyaya məruz qalan 300 minə yaxın azərbaycanlıdan biri də mənəm. Əslən Çəmbərək rayonunun Ardanış kəndindənəm. Gənclik illərim atlas geyimli dağların qoynunda, Göyçə gölünün nəğməli sahillərində keçib.

Qərbi Azərbaycandan ayrıldığım vaxtdan artıq 36 il ötür. Bütün həmvətənlərim yurd həsrətilə yaşayır, əmindirlər ki, günlərin birində qəribsəmiş el-obalarına dönəcəklər.

Fatma ABDULLAYEVA,

mühəndis-texnik.