Reinteqrasiya Qarabağda yaşayan erməni əhali üçün tarixi şansdır
Gündəm

Reinteqrasiya Qarabağda yaşayan erməni əhali üçün tarixi şansdır

"Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir". Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin dayandırılmasından sonra xalqa müraciəti zamanı səsləndirmişdir.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərə dövlətimiz tərəfindən belə şans 44 günlük müharibədən sonra dəfələrlə verilib. Onların ölkəmizə reinteqrasiya olunması təklif olunub və ölkə başçısı İlham Əliyev hər bir azərbaycanlı kimi onların da hüquqlarının qorunacağını, azərbaycanlıların malik olduqları imtiyazlara sahib olacaqlarını, dini, mədəni və humanitar ehtiyaclarının Azərbaycan Konstitusiyası çərçivəsində təmin ediləcəyini bildirib. Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib və bu il martın 1-də Xocalı şəhərində Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında ilkin təmaslar qurulub. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizə reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb və görüşün sonunda təmasların davam etdiriləcəyi diqqətə çatdırılıb.

Lakin sadə erməni əhalini 30 il girov kimi saxlayan Ermənistan və Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşən xunta rejimi onların reinteqrasiyasına hər vəchlə mane olur, yalan informasiyalar, əsassız ittihamlarla azərbaycanlılara qarşı nifrət aşılayır, revanşist qüvvələr onlara xüsusi imtiyazların verilməsini tələb etməklə əhalinin təmasları davam etdirməsinə heç bir şəkildə imkan vermirdilər. Belə ki, Qarabağ bölgəsində yaşayan etnik ermənilərə azərbaycanlılarla bərabərhüquqlu vətəndaş kimi yanaşan Azərbaycan mərkəzi hakimiyyəti reinteqrasiya ilə yanaşı, ermənilərin yaşadığı ərazilərdə infrastruktur məsələlərini də müzakirə etmək məqsədilə onları ikinci dəfə Bakıda dialoqa dəvət etsə də, bu görüş baş tutmadı. Qarabağdakı erməni sakinlərin nümayəndələri Azərbaycanın bu dəvətindən imtina etdilər.

Bundan başqa, Azərbaycan mərkəzi hakimiyyəti Qarabağda yaşayan ermənilərə ərzaq çatdırılması üçün bir neçə marşrut təklif etsə də, separatçılar Ağdam-Xankəndi yolunu bağlayaraq bundan siyasi məqsədlər üçün istifadə etmiş və Qarabağda erməni əhalinin "blokada" şəraitində yaşadığını əks etdirən yalan dolu, əsassız informasiyaları bütün dünyaya yaymışlar.

Sentyabrın 19-da 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin mövqeləri, silahları, texnikaları məhv edildi. Artıq Qarabağ bölgəsində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunur, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Xunta rejiminin təslim olmasından sonra bölgədə mövcud olan gərginliyə son qoyulacaq və Qarabağda yaşayan erməni əhali sərbəst şəkildə ölkəmizə reinteqrasiya olunacaq və onlar Azərbaycan Konstitusiyasının, beynəlxalq öhdəliklərinin tələblərinə uyğun olaraq rahat şəraitdə yaşayacaqlar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəvəti əsasında sentyabrın 21-də Qarabağdakı erməni nümayəndələrinin Yevlax şəhərində Azərbaycan mərkəzi hakimiyyəti ilə müzakirələri də baş tutub. Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov erməni sakinlərin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Eyni zamanda, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov da iştirakçı qismində görüşə qatılıb. Görüş çərçivəsində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar məsələlərin müzakirəsi zamanı əhalinin yanacağa ehtiyacı olduğunu bildirmiş və qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş etmişlər. Onların xahişi nəzərə alınaraq bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin tez bir zamanda yanacaqla təmin olunması nəzərdə tutulur. Görüş zamanı həmçinin Qarabağın erməni əsilli əhalisinin ölkəmizə reinteqrasiyasının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olaraq aparılması, infrastrukturun bərpası məsələləri müzakirə olunub və Ramin Məmmədov Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edib. Sonda növbəti görüşün keçirilməsi üçün razılıq əldə olunub. Bütün bunlar isə Qarabağda yaşayan ermənilərinin taleyinin məhz Azərbaycanın daxili məsələsi olduğunun əyani sübutudur.

Mehparə ƏLİYEVA,

"Respublika".