Siyasət

"Rəngli inqilablar" və ədalətdən uzaq Ağ Ev

Rəngini dəyişməyi, əsl üzünü gizlətməyi yaxşı bilən Ağ Ev, özü ağ olsa da, bu ağın təmsil etdiyi məsumluqdan, saflıqdan çox uzaqdır. Dünyanın digər tərəfində oturub ölkələrin daxili işinə qarışan rəsmi Vaşinqtonun ikiüzlü siyasəti yeni deyil. Tarixən, münaqişələri alovlandıran, toqquşmaları dəstəkləmək üçün kəsilməz enerji qaynağı, generator rolunu oynayan Qərbin bu mövqeyi heç kəsə təəccüblü deyil. Yalandan sülh gətirmə adı ilə ölkələrə müxtəlif vədlərlə dəstək göstərəcəyini deyən ABŞ indiyə qədər bu dövlətlərə sülh və sabitlik deyil, qan, gözyaşı gətirib.

Qərb dövlətləri Azərbaycana insan hüquqlarından dərs deməyə çalışır, daim üzərimizə yalan ittihamlar yağdırır. Görünür, Qərbin yürütdüyü siyasətdən xəbəri yoxdur. ABŞ daim ölkələrdə rəngli inqilablara zəmin yaradıb, xaos yaratmağa xidmət edib. Ağ Ev hər zamankı mövqeyini davam etdirir, digər ölkələrdə dövlət çevrilişlərini dəstəkləyir, onlara hərbi dəstək göstərir. Bütün bunlar isə ABŞ hökumətinin ikiüzlülüyünün növbəti sübutudur. Qeyd etdiyimiz kimi, rəsmi Vaşinqton hər rəngi ala bilir. Məsələn, Gürcüstanda "qızılgüllər inqilabı", Ukraynada "narıncı inqilab", Livanda "sidr inqilabı", Fələstində "zeytun inqilabı", Qırğızıstanda "zanbaqlar inqilabı", Yuqoslaviyada, Küveytdə, Liviyada, Birmada, Tibetdə və digər ölkələrdə dövlət çevrilişləri baş verib. Görünür, ABŞ hökuməti siyasət yürütməyin ciddiyyətinin fərqinə varmır, əlinə karandaş qutusunu almış uşaq kimi "buranı nə rəngə boyayım" deyə düşünür. Hələ boyaya bilmədiyi yerlər də var. Belə ki, Moldovada, Monqolustanda, Özbəkistanda, Ekvadorda, Boliviyada və Belarusda inqilablar planlaşdırılıb, lakin baş tutmayıb. Əgər ABŞ diktator adlandırdığı "hökmdar"lara qarşı inqilablar yaradırsa, onda bəs nə üçün əsl diktatorlara, xüsusən də Latın Amerikasında, fəal şəkildə dəstək olub. İkiüzlü siyasətin təzahürü buradan da özünü göstərir.

Amerika öz maraqları naminə çıxış edir. Ağ Evin öz daxili siyasətində yüzlərlə insan hüquqlarının pozulması faktına rast gəlmək mümkündür. Qərb ölkələri, xüsusilə də ABŞ öz ölkəsində qanundan kənara çıxır, etiraz aksiyalarına sərt müdaxilələrlə yadda qalır, lakin başqa dövlətdə bu cür hadisələr baş verdikdə can-fəşanlıqla çıxış edir. ABŞ hadisənin mahiyyətinə varmadan, etirazçılar tərəfindən törədilən zorakılığın nəticəsinə baxmadan bu cür fəaliyyətləri dəstəkləyir. Qərb KİV-i isə məkrli planları dəstəkləmək üçün "dinc etirazçı" obrazı yaradır. ABŞ-a öz göyqurşağı üçün yeni rəng seçmə imkanı verir.

Rəsmi Vaşinqtonun sülh və demokratiya adı altında ölkələrin daxili işlərinə müdaxiləsi, hakimiyyət dəyişikliyini dəstəkləməsi onların inqilaba açıq çağırışının göstəricisidir.

Yeni inqilablar cəhdinə isə məkrli təşkilat USAID rəhbərlik edir. Bu, Azərbaycana da yaxşı məlumdur, vaxtilə eyni oyunların ölkəmizdə həyata keçirilməsinə cəhd edilib. Təşkilatın rəsmi saytında 1991-ci ildən indiyə qədər Azərbaycana 417 milyon ABŞ dollarından çox maliyyə vəsaiti xərcləndiyi qeyd olunur. Bu pullar müxalif media və təşkilatlarla əməkdaşlığa yönəldilib. Qərbin "demokratiya" adı altında "rəngli inqilab"lar siyasətinə yenidən başlaması Azərbaycanı USAID və digər Qərb təşkilatlarının fəaliyyətini yenidən nəzərdən keçirməyə məcbur edir.

İraq, Əfqanıstan, Ukrayna və sair kimi ölkələrə müdaxilələrini Cənubi Qafqaza da tətbiq etmək istəyən ABŞ başa düşməlidir ki, bu bölgə onların inqilab edəcəyi yer deyil, Cənubi Qafqaz əhalisi məsələlərin fərqindədir.

Azərbaycanda daxili sabitliyin təmin edilməsi ölkəmizin nüfuzunu, dünya dövlətlərinin, böyük investorların ölkəmizə marağını artırıb. Bütün bunlar Azərbaycan Respublikasının humanizm prinsiplərinə söykənən mövqeyinin nəticəsidir. Azərbaycana qarşı davam etdirilən çirkli siyasətin, yalan provokasiyaların səbəbi də məhz artan nüfuzumuzdur. Ancaq bütün bunların heç faydası olmayacaq. Ölkəmiz öz daxili siyasətini idarə etmək qüdrətinə sahibdir və kənar müdaxilələrə icazə verməyəcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".