İslamofob ABŞ: öz eybini görməyən dövlət
Siyasət

İslamofob ABŞ: öz eybini görməyən dövlət

Beynəlxalq aləmdə baş verən proseslər sürətlə yenilənir. Gündəmi zəbt edən mövzuları isə çox vaxt Qərb dairələri özləri təyin edir. Təkcə məsafəcə yaxın ölkələrin deyil, həm də minlərlə kilometr uzaqda yerləşən dövlətlərin məsələləri də onlar üçün olduqca maraqlıdır.

Son dönəmlər xüsusi canfəşanlıq edən Qərb qüvvəsi isə məhz ABŞ-dır. Lakin maraqlısı odur ki, Ağ Evin ölkələri ittiham etdiyi məsələlər özündə mövcud olan, lakin görməzdən gəldiyi problemlərdir. Necə deyərlər, dəvəquşu kimi başını quma basdırdı, elə bildi ki, görünmür. Lakin bütün həqiqətlər gün kimi ortadadır.

Yanvarın 30-31-də ABŞ-da Beynəlxalq Dini Etiqad Azadlığı Sammitinin (İRF-2024) keçirilməsi rəsmi Vaşinqtonun növbəti beynəlxalq ictimaiyyəti aldatma cəhdidir. Qeyd edək ki, tədbir ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) tərəfindən və ABŞ Senatının həmsədrliyi ilə keçirilib. İRF-2024 sammitində çıxış edən spikerlər arasında Xankəndidən olan "qaçqın jurnalist" kimi təsvir edilən Siranuş Sarkisyan da daxil olmaqla, 5 erməni olub. Onların necə çıxış edəcəkləri və nə üçün "ağlayacaqları" isə artıq məlum məsələ idi. Heç bir mənbəyə istinad etmədən, guya "erməni" kilsəsinin azərbaycanlılar tərəfindən "dağıdılması", onun gümbəzinin məhv edilməsi haqqında dezinformasiyalar yayan şəxslərin nitqləri sözsüz ki, heç bir mahiyyət daşımır. Uydurma məlumatlarla özlərini "yazıq" kimi göstərmək ermənilərə xas xüsusiyyətdir. Azərbaycan tərəfi artıq bu kimi boş iddialara məhəl qoymur. Lakin burada əsas məsələ ondan ibarətdir ki, 30 il Azərbaycanın müraciətlərinə diqqət yetirməyən Ağ Ev indi qondarma iddialara görə, sözün əsl mənasında, əl-ayağa düşüb. Görünür rəsmi Vaşinqton üçün "dini azadlıq" deyəndə sadəcə xristianlar və onların inancları yada düşür. Məscidlərdə heyvanların saxlanması, ibadət evlərinin tövlə halına gətirilməsi və ya dağıdılması elə də əhəmiyyət kəsb etmir. Sübut və görüntülər əsasında müraciət edilməsinə baxmayaraq, 30 il bu problem həll edilməyib və ya Ermənistana qarşı ciddi tədbirlər görülməyib. Qərəzli mövqedən çıxış etməyən və dini etiqad azadlığını düşünən ölkə erməni nümayəndələrlə yanaşı, qeyd edilən faktlara əsasən Azərbaycanı da sammitə dəvət etməli idi. Bu da onu deməyə əsas verir ki, İRF sammiti getdikcə islamofob və xristian fanatizmi ideyalarını təbliğ edir. Əslində bu, elə də təəccüblü görünmür. Bəlli məsələdir ki, bu cür sammitlərin, dinləmələrin, orada qəbul edilən sənədlərin heç də əsas məqsədi dünyada hüquq və azadlıqların təmin olunması deyil. Bu, daha çox Amerikanın dünyanın müxtəlif bölgələrində maraqlarının təmin olunması üçün həyata keçirilən addımlardır.

Tarixə nəzər salsaq, bütün illərdə ABŞ-da islamofob aksiyalar, hərəkatlar və ya dövlət tərəfindən qanunların tətbiq olunması faktları ilə rastlaşa bilərik. Özünü "demokratik" elan edən avropalılar heç də məsum deyillər. İstər sadə vətəndaşlar, istərsə də rəsmi dairələr tərəfindən müsəlmanlara qarşı ciddi təzyiqlər göstərilib və hələ də davam edir. Belə ki, bir çox amerikalı vətəndaş müsəlmanların cəmiyyətə inteqrasiyasının qarşısını alır və ikili standart tətbiq edir. Bu qrup insanlar İslamı Amerika dəyərlərinə təhlükə kimi görürlər. Daha bir məsələ isə müsəlmanların terrorçularla bir tutulmasıdır. Avropa cəmiyyəti tərəfindən İslama inanan şəxslər birbaşa həmin statusu alırlar. Təəssüf ki, bunun ən başlıca səbəbi isə bir çox əyalətlərin və orada mövcud olan yerli hökumətlərin tətbiq etdiyi qayda-qanundur. Belə olduqda müsəlman şəxslərin dövlət qurumlarında rahatlıqla işə düzəlməsinə əngəllər yaranır, geyimə (hicab) müdaxilələr olur. "Demokratik" və "dini azadlıq" kimi anlayışların ölkəsində mövcudluğunu iddia edən rəsmi Vaşinqton isə bu məsələlərə göz yumur.

Hələ bir neçə il bundan qabaq Ağ Evin əhalisinə görə ən böyük üçüncü şəhəri olan Çikaqoda məscidin tikilməsi ilə bağlı narazılıqlar yaranmışdı. Belə ki, uzun müddət boş qalan və istifadəyə yararsız köhnə xristian kilsəsinin bərpa edilib məscidə çevrilməsi əhali tərəfindən qəbul edilməmişdi. Aksiya keçirən sakinlər işə maneə törədib, sözün əsl mənasında, işçilərin yollarına daş qoymuşdular. Onların şüarlarındakı əsas məqsəd isə müsəlmanların daha çox yayılmasının qarşısını almaq olub.

Öz eybini görməyən ABŞ heç çəkinmədən Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin xüsusi siyahısına salıb. İllik siyahını açıqlayan dövlət katibi Antoni Blinken ötən ilin qara siyahısında olan 12 ölkənin hamısını siyahıda saxladığını, lakin bütün bunlarla yanaşı, Əlcəzair, Azərbaycan, Mərkəzi Afrika Respublikası, Komor Adaları və Vyetnamı da daxil etdiyini bildirib. USCIRF isə öz bəyanatında Azərbaycanın nəzarət siyahısına daxil edilməsini "alqışlayıb". Özünü bütün dinlərə hörmət edən dövlət kimi qələmə verən rəsmi Vaşinqton üçün ataların bir misalını çəkmək lap yerinə düşər: "Oğru elə bağırdı, doğrunun bağrı yarıldı". Çünki Azərbaycan dini azadlıqlara, bütün dinlərə mənsub insanlara hörmətlə yanaşan, onların fəaliyyətinə şərait yaradan çoxdinli, çoxmillətli ölkədir. Respublikamız dünyada tolerantlıq nümunəsidir. İstər paytaxtda, istərsə də ətraf bölgələrimizdə kilsələr, məbədlər, sinaqoqlar mövcuddur. Müəyyən vaxtlarda həmin dini evlər restavrasiya edilib, maliyyə yardımları göstərilib.

Nəticə etibarilə onu deyə bilərik ki, Azərbaycan hansısa ölkədə qərəzli, adı ilə əməli uyğun gəlməyən sammitlərə, oradan çıxan hansısa bəyanatlara əhəmiyyət verən, ondan çəkinən, qorxan dövlət deyil. Şübhəsiz ki, bu cür çirkin yollarla, təzyiqlərlə Odlar yurdunu haqq yolundan döndərə bilməzlər.

Töhfə SƏMƏDOVA,

"Respublika".