Riad Əhmədov
Sosial həyat

Riad Əhmədov

Vətənin bütövlüyü naminə canından keçən oğulların qanları ilə yazdığı şanlı zəfər tariximiz qürur mənbəyimizdir. Torpaqlarımız uğrunda şəhid olan vətənpərvər oğullarımızdan biri də Əhmədov Riad Fikrət oğludur.

1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. Orta təhsilini 134 saylı orta məktəbdə alıb. Riad Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi İdarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb.

O, sərhədçi olmaq arzusunda idi. Onun ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda doğulsa da, 1918-ci ildə erməni daşnaklarının təzyiqi altında Naxçıvana köçməyə məcbur olmuşdur. O, Azərbaycanın ilk sərhədçilərindən idi. Məhz bu peşədə o, polkovnik-leytenant rütbəsinəcən yüksəlmiş, ad-san çıxarmışdı. Riadın ana babası polkovnik-leytenant Məcid Məmmədov isə İkinci Dünya müharibəsində həlak olmuşdu. Döyüşlərdə göstərdiyi şücaət və igidliyə görə iki dəfə "Qırmızı Ulduz" ordeni, "Qırmızı Bayraq" ordeni və çoxlu sayda medallarla təltif olunmuşdur. Bax elə buna görə də bu ailədə hərbçi peşəsinə böyük hörmət bəslənilirdi. Buna görə də Ali Hərbi məktəbdə təhsilini davam etdirməyi qərara alır.

1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan R.Əhmədov, 1981-1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutun nəzdindəki kurslarda dinləyici olub. Riad Əhmədov 1992-ci ildə Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilir. O, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdam və digər ərazilərimizin müdafiəsi uğrunda fədakarcasına mübarizə aparır. 38 əməliyyatdan uğurla çıxır, ermənilərə ağır zərbə vurur.

Riad Əhmədov 1989-cu ildən etibarən tez-tez Qarabağın sərhəd bölgələrinə gedirdi. O, döyüşlərin fəal iştirakçısına çevrilmişdi. 1991-ci ildə erməni yaraqlılarının mühüm strateji dayaq məntəqələrindən biri sayılan Çaykəndin azad edilməsi əməliyyatında xüsusi igidlik göstərdiyinə görə yüksək mükafata layiq görülür. O, artıq polkovnik-leytenant rütbəsində idi…

1992-ci ilin yanvarı… O, keçmiş Əfqanıstan döyüşçülərini başına toplayıb, xüsusi təyinatlı dəstə yaradır. Bu dəstə Şuşada, Goranboyda və Qarabağın digər döyüş bölgələrində böyük uğurlar qazanır. 1992-ci ilin yanvarın 22-də polkovnik-leytenant R.Əhmədov öz dəstəsi ilə Şuşaya göndərilir. Onlar əvvəlcədən planlaşdırılan "Daşaltı" əməliyyatında iştirak edəcəkdilər. Bu əməliyyat Daşaltıda sayca 4-cü əməliyyat sayılırdı. Əvvəlki 3 əməliyyatdan 2-si tamamilə baş tutmamış, birində isə düşmən xeyli itki ilə üzləşmişdi. Lakin kəndi tutmaq mümkün olmamışdı.

Yanvarın 26-sı… Daha bir çətin döyüş tapşırığı... Riad dəstədən 11 nəfər döyüşçü ilə Şuşa-Laçın yolunun üstündə ən böyük maneə olan Daşaltı kəndinə yollanır. Vəziyyət gözləndiyindən də ağır idi.

Bu döyüşlərdə Riad Əhmədov itkin düşür. Riad Əhmədov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun şərəfli döyüş yolunu əks etdirən "İgidnamə" sənədli və "Qayıt Riad" bədii-sənədli filmi çəkilib. 2 övladı yadigar qalıb.

M.MİRZƏ,

"Respublika".