Sahibə Qafarova: Çingiz Aytmatov hələ sağlığında klassikə çevrilmiş yazıçı olub
Siyasət

Sahibə Qafarova: Çingiz Aytmatov hələ sağlığında klassikə çevrilmiş yazıçı olub

Qırğızıstanın paytaxtı Bişkek şəhərində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.

Konfransda çıxış edən S.Qafarova Çingiz Aytmatovun hələ sağlığında klassikə çevrilmiş yazıçı olduğunu söyləyib, onun dünya ədəbiyyatında yeni nəsrin yaradıcılarından biri olmaqla oxucularına misilsiz irs qoyduğunu bildirib.

Çingiz Aytmatovun Azərbaycanın böyük dostu olduğunu xatırladan parlamentin sədri onun Azərbaycan xalqı, mədəniyyəti haqqında dəyərli fikirlər söylədiyini diqqətə çatdırıb. Azərbaycan xalqı da Çingiz Aytmatova, onun yaradıcılığına böyük diqqət və rəğbət bəsləyir. Ç.Aytmatovun yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün Türk dünyasının fəxridir". Çingiz Aytmatovun yubileylərinin Azərbaycanda təntənəli şəkildə qeyd edildiyini vurğulayan S.Qafarova Prezident İlham Əliyevin Sərəncamı ilə onun "Dostluq" ordeni ilə təltif edildiyini deyib.

Parlamentin sədri bildirib ki, Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə paytaxt Bakıdakı küçələrin birinə onun adı veriləcək və büstü qoyulacaq.

Çingiz Aytmatovun bütün əsərlərində fəlsəfi, əxlaqi və ümumbəşəri problemlərə müraciət edən böyük yazıçı olduğunu deyən S.Qafarova vurğulayıb ki, ədibin yaradıcılığı prizmasından qırğız xalqının bütün milli kimliyini izləmək olar. O, Vətən obrazını dünya ədəbiyyatına gətirib, onu mənəvi irsə çevirib, bu böyük yazıçının əsərləri 170-dən çox xarici dilə tərcümə edilib və milyonlarla tirajla nəşr olunub.

Sahibə Qafarova çıxışında Çingiz Aytmatovun ictimai-siyasi, diplomatik fəaliyyəti barədə də danışıb.

Qeyd edək ki, beynəlxalq konfransda MDB Parlamentlərarası Assambleyasına üzv ölkələrin parlament rəhbərləri, elm və ədəbiyyat xadimləri və yerli ictimaiyyət nümayəndələri də iştirak ediblər. Çıxışlarda böyük qırğız yazıçısının həyat və yaradıcılığının ən müxtəlif səhifələrinə dair fikirlər səsləndirilib.