Şanlı Qələbəmizin nidası
Siyasət

Şanlı Qələbəmizin nidası

"Gün gələcək Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq". 

Bu sözləri dövlətimizin başçısı İlham Əliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda demişdir. Həmin vaxt hər birimizə xəyal kimi görünən o müqəddəs gün gəlib çatdı. Düz üç il bundan öncə, 2020-ci ilin 10 dekabrında Azadlıq meydanında möhtəşəm Zəfər paradı keçirildi. Həmin tarix 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin dünyaya bəyan edildiyi günə, Azadlıq meydanında atılan hər bir addımın, deyilən hər bir sözün böyük həyəcan və maraqla izlənildiyi günə çevrildi.

Sözügedən məkanda bir çox tədbirlər təşkil olunsa da, Zəfər paradı xalqımızın düşmən üzərindəki qələbəsinin rəmzi təntənəsi idi.   Meydanda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olundu. Ermənistan ordusundan götürülmüş istifadəyə yararlı texnikalar - "KamAZ" markalı avtomobilin qoşqusunda D-30, "Ural" markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, "ŞİLKA", "OSA-1T", "KUB" zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), "T-72" tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli "UAZ Patriot", "UAZ Hunter" minik, "ZİL-131", "Ural", "KamAZ" markalı yük avtomobilləri, 122 millimetrlik "Qvozdika" özüyeriyən artilleriya qurğusu, BM-21 "Qrad" qurğuları, PDM-1 və PDM-2 texnikaları və T-72 tanklarının nümayişi qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqi oldu. Parada işğaldan azad edilmiş torpaqlarda dalğalandırılan bayraqlarımız gətirildi. 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi isə dövlətimizin hərbi qüdrətinin göstəricisi idi. 

Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yeniliklər tətbiq edən ordudur. Zəfər paradı, həmçinin dünyaya sübut etdi ki, qüdrətli ölkəmiz pozulmuş hüquqlarını bərpa etmək iqtidarındadır. Zəfər paradı Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətini nümayiş etdirməklə yanaşı, regionun lider ölkəsi olduğunu da təsdiqlədi. 

Bu parad dostu dost, düşməni isə düşmən göstərən tarixi hadisə idi. Tədbiri Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açdılar. Tədbirdə 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etdi. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürü idi. Bu parad genetik kökləri eyni olan bir millətin işğala qalib gələn iradəsinin təntənəsi hesab edilməlidir. Zəfər paradında ölkə rəhbərimizin - "Türkiyə hər zaman Azərbaycanın yanındadır, bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Zəfər paradında birgə iştirak da bu birliyimizi həm xalqlarımıza, həm də bütün dünyaya nümayiş etdirdi" - deməsi bu birliyin sarsılmazlığını və əbədiliyini dünyaya nümayiş etdirdi. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə bildirdi ki, Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün Bakıdayıq. Bu çıxışların fonunda demək olar ki, parad həm də Azərbaycan-Türkiyə tandeminin gücü ilə bağlı beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Bütün dünya bir daha gördü ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır.

Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Zəfər paradını keçirərkən Ermənistan daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişatı göstərir ki, 44 günlük müharibədəki məğlubiyyət Ermənistan və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur.

Jalə QASIMZADƏ,

"Respublika".