SARIYAQUB SAKİNLƏRİNİ GÖZLƏYİR...
Digər xəbərlər

SARIYAQUB SAKİNLƏRİNİ GÖZLƏYİR...

1988-ci ildən gündüzlər acı göz yaşları ilə, gecələr nisgildən qovrulan, torpaqları erməni vandallarının işğalında olan insanlar xoş xəyalların, arzuların həsrəti ilə yaşayırdılar. Axır ki, o həsrətə, o göynərtilərə son qoyuldu... Dilbər guşə olan Qarabağ torpaqlarına yeni nəfəs gəldi, yenidən bu ocaqlar əsarətdən qurtulan qucaqlarını doğma övladlarına açdı, artıq darıxdıqları çal-çağır səslərinə qovuşmaqdadırlar. Həmçinin Qərbi Azərbaycandan didərgin düşmüş həmvətənlərimiz isə, onların sevincinə şərik olur, tam əminliklə öz qədim vətənlərinə qovuşacaqlarını səbirsizliklə gözləyirlər.

1988-ci ildə qədim oğuz yurdu Göyçədən deportasiya edilmiş, Gəncə Dövlət Universitetinin siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli (Sarıyaqublu) ilə həmsöhbət olduq. O bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirmişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır". Məhz, bu qürurverici çıxışdan sonra, bütün doğma Oğuz yurdunun qucağının istisinə tələsən Qərbi azərbaycanlılar tam əminliklə, həsrətlə həmin günü səbirsizliklə gözləyirlər... Bir faktı demək yerinə düşərdi ki, hələ 13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Ağcakəndində, ümummilli lideri Heydər Əliyevin göyçəlilərlə tarixi görüşündə, fenomen şəxsiyyət öz uzaqgörənliyi ilə söyləmişdir: "Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. XX əsrin sonu, XXI əsrin ilk illəri bunu sübut edir və göstərir ki, dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey bir yerdə durmur. Heç bir şey olduğu kimi qalmır. Mən inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm". Tarixi mənbələrdən də aydın göründüyü kimi, erməni millətçiləri "dənizdən-dənizə böyük Ermənistan" kimi böyük imperiya xülyasına qapılaraq, iki əsr boyu Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Zaman-zaman, mərhələli şəkildə himayədarlarının köməyi ilə həyata keçirilən məkrli planları nəticəsində azərbaycanlılar tarixi torpaqlarından qovulublar, kütləvi qətl və qırğınlara məruz qalıblar. Əhaliyə böyük maddi və mənəvi zərər vurulub, mülkləri talan edilib. Xalqımızın taleyində faciəvi rol oynayan, 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə tarixi şəhərimiz - İrəvanın Ermənistana bağışlanması gerçəkləşdirilib. Bundan azğınlaşan erməni şovinistləri, daha da iştahlanaraq min bir fitnə-fəsadla qədim Azərbaycan torpaqlarını zəbt etməyə  başlayıblar. 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını da sovet hakimiyyətinin köməyi ilə Ermənistana birləşdirməyə nail olublar. Bu azmış kimi, Qərbi azərbaycanlılara qarşı törədilən faciələrini davam etdirərək, 1948-1953-cü illərdə sovet hökumətinin xalqımıza qarşı növbəti cinayətinin nəticəsi olaraq Qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qaldılar. Nəhayət, 1988-ci il yenidən azərbaycanlılar deportasiya edildi. Dünya ancaq bunu seyr etdi... Sayca ermənilərdən çox olmasına baxmayaraq, İrəvanda yaşayan azərbaycanlılara muxtariyyət verilmədi. Bu cür siyasi proseslərdə qədim Göyçənin də başı çox bəlalar çəkdi. Bu gün, respublikamızın müxtəlif guşələrində məskunlaşıblar. Onlardan vətən həsrəti ilə yaşayan, sazlı-sözlü dilbər guşələrindən sayılan, qədim tarixə malik Sarıyaqub kəndindən söhbət açmaq istərdim: - Göyçənin zümzümə, buz kimi sərin bulaqları, əsrarəngiz ormanları ilə seçilən, Göyçə gölünün şərqində Göyçə dağlarının, dağ silsilərinə aid olan Şivri dağlarının ətəyində, kəndi ikiyə bölən Məzrə çayının sağ və sol sahilində yerləşən Sarıyaqub kəndinin tarixi çox qədimidir. Bu tarix Oğuz Xanın, Bayandur xanın vətəni Göyçədə onların uyuduğu müqəddəs məzarların yaşından da qədimdir. Kənddə olan qədim "Oğuz" (Uğuz) qəbiristanlığı buna əyani sübütdur. Bu kənddə Səfəvilər dövlətinin qurucusu və hökmdarı Şah İsmayıl Xətainin (1487-1524-cü ildə) rəğbət bəslədiyi və məsləhətlərinə hörmət etdiyi sufi Seyid Hüseyin Məhəmməd oğlu (1430-1535) yaşamışdır. Həmin kəndin idarə olunmasını, yəni rəhbərliyini Şah İsmayıl Xətai ona vermiş və verilən fərman yəni, əl basılmış sənəd bu gün də "Miskin Abdal" ocağında saxlanılır. Miskin Abdal müqəddəs ocaq kimi Göyçənin hər kəndində və Türkiyənin bir çox əyalətlərində tanınır və tarixi öyrənilir. XVII-XVIII əsrlərdə Səfəvi hökmdarı Sultan Hüseynin də bu kəndə gələrək "Miskin Abdal" ocağını ziyarət etiyi deyilir. "Miskin Abdal" ocağının müəyyən sənədləri bu gündə Goranboy rayonun Qaradağlı kəndində saxlanılır. Sarıyaqub kəndinin ilk adı "Zərgərli" kəndi olmuşdur. Bəzi mənbələrdə yazılır ki, Zərgərli adı da Miskin Abdalın mənsub olduğu tayfanın adı ilə bağlıdır. Belə ki, tayfada yaşayanların əksəriyyəti varlı olublar. Hətta zərgərliklə də məşğul olurmuşlar. Miskin Abdal misdən gözəl bəzək əşyaları düzəldərmiş. Sarıyaqub kəndi uzun zaman Şah İsmayıl Xətainin fərmanına uyğun olaraq Hüseyin bəyin (Miskin Abdalın) oğlanlarının yəni, Şadmanlı tayfasının idarəçiliyində olmuşdur. XIX əsrdən etibarən Sarıyaqub kəndinə Şadmanın nəslindən olan Yaqub (ləqəbi Sarı Yaqub) kəndxudalıq etmişdir. Kənd Yaqubun şərəfinə "Sarıyaqub" adlandırılmışdır. Kəndin 4800 hektara yaxın torpaq sahəsi olmuşdur. Əkinçilik, heyvandarlıq əhalinin əsas məşğul olduğu sahə idi. Həmçinin yaylaq yerlərində Keyti yaylası, Buzlu bulaq, Xaney bulağı, quzu qulağı yaması, lilpar dərəsi kimi əsrarəngiz guşələri var idi ki, yayda orada həm dincəlir, həm də heyvanlarını aparardılar. 1988-1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda mövcud məlumatlara görə, 226 soydaşımız ermənilər tərəfindən öldürülüb (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.), 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Bu da həmin illərdə ermənilər tərəfindən öldürülmüş və yaralanmış soydaşlarımızın tam siyahısı deyil. Əsas qaçqınlıq dövrü 1988-ci ilin noyabr-dekabr aylarına təsadüf etdiyindən soydaşlarımızın kolxozlarda olan illik əməkhaqları da ermənilərə qalmış, bir çoxları dövlət banklarında olan əmanətlərini belə götürə bilməmişlər. Çox çətinliklə, zəhmətlə, dişlə-dırnaqla yığdıqları, min bir əziyyətlə qazandıqları pullar Ermənistanda qalmışdır. Ümumiyyətlə, soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlakları da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus bu əmlakın dəyəri Azərbaycan Qaçqınlar Cəmiyyətində tonlanmış sənədlər əsasında hesablanaraq müəyyən olunub ki, təxminən ziyan 2,5 milyard ABŞ dolları təşkil edir.

Bizim Sarıyaqubu da viran etmişlər, talamışlar. Kəndin qəbiristanlığını və qəbiristanlıqda olan qədim XV əsrlərdə və sonralar XIX əsrlərdə zövqlə tikilmiş türbələri belə sökmüşlər. Bəli, bu, bəşəriyyətə sığmayan erməni vandalizminin bariz nümunəsidir. Amma bu bir həqiqətdir ki, əzəli torpaqlarımızın Azərbaycandan parça-parça qoparılaraq ilhaq edilməsi, həm də bu torpaqların əsl sahiblərinin müxtəlif vaxtlarda məcburi şəkildə torpaqlarından didərgin salınması xəritə və sənədlərdə öz əksini tapıb. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qüdrətli siyasəti və şanlı ordumuzun şücaəti sayəsində 44 gündə qazanılan qələbə ilə işğaldan azad olunan torpaqlarda indi geniş miqyasda quruculuq, tikinti işləri geniş vüsət alıb. Bir sözlə, işğaldan azad olunan Qarabağ torpaqlarına başlanan Böyük Qayıdışın doğurduğu sevincin əks-sədası hər yandan eşidilir. Bütün Dünya Azərbaycanlıları bundan qürur duyur. Bu qayıdışı tam, qətiyyətlə gerçəkləşdirən dövlətimizin növbəti tarixi hədəfi, Qərbi azərbaycanlıların pozulmuş hüquqlarını bərpa edərək, onları əzəli yurd-yuvalarına qaytarmaqdır. Doğma, bənzərsiz yurduma, Miskin Abdalın diyarına qayıdacağım günü səbirsizliklə gözləyirəm.    

Zabit XƏLİLOV,

 "Respublika".