Sarıyer yaylağı
Digər xəbərlər

Sarıyer yaylağı

Atlas geyimli dağlarla əhatə olunmuş, loğman təbiətli Sarıyer yaylağı Azərbaycanın bir parçasıdır. Bu yaylaq həmişə ölkəmizdə heyvandarlığın inkişafında, məhsul bolluğunun yaradılmasında müstəsna rol oynayıb. Bir vaxtlar bu qədim yurd yerinin geniş otlaq sahələrində heyvanlar bəslənər, yapıncısı dumandan nəm çəkən çobanlar hər 100 qoyundan 110-115 bala, hər davardan 3 kiloqramdan çox yun götürərdilər.

Sarıyer yaylağı Kəlbəcərin və Göyçə mahalının yaxınlığında idi. Yamaclara yayılan qoyun-quzu sürüləri, dağ döşündəki yaşayış çadırları, nəğməli dağ çayları, sıldırım qayalıqlar, şəlalələr diqqəti cəlb edirdi. Bəzən el aşıqları, incəsənət ustaları bura gələr, yaylaqda çal-çağırlı günlər keçirilərdi.

...1980-ci ilin iyun ayı idi. Qəflətən göyün üzünü qara buludlar aldı, güclü şimşək çaxdı, görünməmiş sel hamını heyrətə gətirdi. Sarıyer yaylağında aramsız yağan dolu, yağış çobanları və onların ailə üzvlərini təhlükə qarşısında qoydu. Xəbər yayıldı ki, təsərrüfatda itkilər baş verib. Dərhal Bakıdan Kəlbəcərə rəhbər işçilər göndərildi.

Yevlax Rayon İcraiyyə Sovetinin sədri Aqil Əliyevin təşəbbüsü ilə Sarıyer yaylağında heyvandarlarla görüş keçirildi, onlara lazımi tövsiyələr verildi. Çətin iqlim şəraitində vaxt itirmədən Basarkeçər rayonundakı azərbaycanlı kolxoz sədrləri Mikayıl Bayramov, Cəmşid Hənifəyev və başqaları Sarıyer yaylağındakı ferma işçilərinə qardaşlıq əli uzatdılar, onlara ərzaq məhsulları və tibbi avadanlıqlar gətirildi.

Basarkeçər rayon partiya komitəsinin birinci katibi, qatı millətçi, şovinist R.Qriqoryan Sarıyer yaylağındakı ferma işçilərinə ən çətin anda kömək göstərdiklərinə görə Mikayıl Bayramovu və Cəmşid Hənifəyevi raykoma çağırtdırdı və hər iki azərbaycanlı kolxoz sədri birinci katib tərəfindən öz cəzalarını aldılar.

Sarıyer yaylağındakı çobanlara köməkliklə bağlı "Vardenis" rayon qəzetində yazı dərc olunduğuna görə qəzetin redaktoru da faşist xislətli R.Qriqoryan tərəfindən cəzalandırıldı.

Bütün bunlar onu göstərir ki, ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olublar. Həmin illərdə ermənilər Azərbaycan Respublikasının Ümumittifaq Keçici Bayraqlarına layiq görülməsindən bərk narahat idilər, Azərbaycanın irəliləməsini istəmirdilər.

Erməni xəyanəti nəticəsində 1988-ci ildə Qərbi azərbaycanlılar deportasiyaya məruz qaldılar. Birinci Qarabağ savaşında ərazilərimizin bir hissəsi erməni daşnakları tərəfindən işğal olundu. Yeraltı və yerüstü sərvətləri ilə dünyada məşhur olan Kəlbəcər və onun yaxınlığındakı atlas geyimli ucsuz-bucaqsız Sarıyer yaylağı da erməni vandallarının əlinə keçdi. Həmin illərdə respublikamızın heyvandarları yay aylarında ciddi çətinliklərlə üzləşdilər. Yaylaq şəraitində qoyun-quzu sürülərini otlaq sahələrinə çıxarmaq müşkül məsələyə çevrildi.

2020-ci ildə qüdrətli Azərbaycan ordusu 30 ilə yaxın erməni vandallarının işğalı altında olan torpaqlarımızı azad etdi.

30 illik həsrətdən sonra Göyçə gölünün nəğməli sahilləri ilə üzbəüz olan Sarıyer yaylağı erməni separatçılarından təmizləndi.

Bu günlərdə Azərbaycan televiziyasında Sarıyer yaylağı ilə bağlı maraqlı reportaj hazırlanmışdı. Şübhəsiz ki, o müqəddəs yerləri respublikamızın çoxsaylı heyvandarları, xüsusilə yaşlı nəslin nümayəndələri yaxşı tanıyırlar.

Sarıyer yaylağı bu gün yenidən öz zəhməti ilə xarüqələr yaradan insanların ixtiyarındadır. Bu yerlərdə yenidən bolluq yaranacaq, heyvandarlığın inkişafına səy göstəriləcəkdir.

Qədir ASLAN,

"Respublika"