SAXTA “PARLAMENT
Digər xəbərlər

SAXTA “PARLAMENT"IN SAXTA “SEÇKILƏR"I BEYNƏLXALQ HÜQUQUN POZULMASIDIR

İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. 30 il müddətində erməni əsarətində olan şəhər, kənd və qəsəbələrimiz düşməndən geri alındı. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatla tərəflər üzərlərinə öhdəliklər götürdü.

Münaqişə zonasında hərbi əməliyyatların tam dayandırılmasını ehtiva edən 2020-ci il 10 noyabr Bəyanatına əsasən Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilməli idi. Müharibənin bitməsindən 3 il vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də imzaladığı məğlubiyyət aktında öz əksini tapmış öhdəlikləri yerinə yetirmir. Azərbaycan ərazilərindən qanunsuz silahlı birləşmələrini bu günədək çıxarmayaraq bölgədə gərginlik yaratmaqda davam edir.

Adətən müharibədən sonrakı mərhələ bərpa-quruculuq dövrü hesab olunur. 44 günlük İkinci Qarabağ müharibəsindən qalibiyyətlə çıxmış Azərbaycan da postmüharibə dövrünün ilk günlərindən işğaldan azad edilmiş ərazilərin bərpasına, düşmənin viran qoyduğu şəhər və kəndlərin yenidənqurulmasına başladı və bu istiqamətdə genişmiqyaslı işlər aparılır. Məğlub Ermənistan isə hələ də müharibə, dağıdıcılıq, terror, təxribat əməllərindən əl çəkmir.

Düşmənin bu hərəkətləri isə iki ölkə arasında vəziyyətin normallaşmasına imkan verməməklə yanaşı, ümumilikdə regionda sülhü, təhlükəsizliyi təhdid edir. Lakin ermənilər bir şeyi anlamaq istəmirlər ki, öz məqsədlərinə çatmaqda hər zaman qətiyyət göstərən Azərbaycanın siyasi iradəsi qarşısında Ermənistan gec və ya tez ölkəmizin təklif etdiyi beş prinsipdən ibarət sülh müqaviləsini imzalamağa məcbur olacaq. Bu mənada, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli və xunta rejimi birdəfəlik ləğv edilməlidir. Lakin son hadisələr göstərdi ki, Ermənistanın hərbi-siyasi dairələri və separatçıların tör-töküntülərinin "rəsmiləri" İkinci Qarabağ müharibəsindən lazımınca dərs almayıblar. Sentyabrın 9-da Azərbaycan qanunlarını, eləcə də beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Qarabağda qondarma "prezident seçkiləri"nin keçirilməsi bunu bir daha təsdiq etdi.

2020-ci ilin martında qondarma "Dağlıq Qarabağ respublikasının prezidenti" seçilən Araik Arutyunyanın istefasından sonra Qarabağdakı separatçıların Samvel Şahramanyanı özlərinə "prezident" seçməsi Azərbaycan Respublikasının Konstitusiyasına və ölkə qanunlarına zidd olmaqla, eyni zamanda, iki ölkə arasında münasibətlərin normallaşmasına, Qarabağda yaşayan etnik erməni sakinlərin reinteqrasiyasına ciddi zərbədir. Ölkəmizin suveren ərazisində yaradılmış qondarma separatçı rejim düşmənin 30 ilə yaxın davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin təzahürü olmaqla heç bir qanuni bazaya əsaslanmır. Azərbaycan ərazisində "seçki" adı altında aparılan qanunsuz fəaliyyət, saxta parlamentin saxta seçki keçirməsi bir daha onu göstərir ki, Ermənistan sülhün bərqərar olmasında əsla maraqlı deyil, əksinə bu cür təxribat, qanunazidd hərəkətlə yeni münaqişə yaratmağa cəhd edir. Hər zaman sülhün, əməkdaşlığın tərəfdarı olan Azərbaycanın hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasını, sərhədlərinin delimitasiyasını, kommunikasiyaların açılmasını nəzərdə tutan, 5 baza prinsipini özündə əks etdirən sülh təklifinin reallaşması üçün bu günədək hələ də əməli addım atmayan Ermənistan qeyri-konstruktivlik göstərərək sülh prosesini ciddi şəkildə təhlükə altına alır. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti İlham Əliyev isə Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsinin sırf Azərbaycan dövlətinin daxili işi olduğunu və heç bir ölkənin bu məsələyə müdaxilə etməsinin mümkünsüzlüyünü dəfələrlə demiş, erməni əsilli sakinlərin hüquq və azadlıqlarının Azərbaycan qanunları çərçivəsində qorunacağını vurğulamış və bu gün də bunu qətiyyətlə bildirir: "Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır".

Bütün bunların fonunda Azərbaycan ərazisində saxta "seçki" keçirməsi Ermənistanın heç bir qanuna sığmayan növbəti cinayət əməlidir. Artıq bütün dünya da bilir ki, bu ölkənin atdığı hər bir addım saxtakarlıqdan, riyakarlıqdan başqa bir şey deyil. İstər müharibə dövründə, istərsə də müharibədən sonra  beynəlxalq hüquq normalarına, qanunun aliliyinə məhəl qoymayaraq misli görünməmiş cinayətlər törədən Ermənistanın saxta "seçki"ləri beynəlxalq aləmdə də birmənalı qarşılanmadı, dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyü bütün ölkələr tərəfindən qeyd-şərtsiz dəstəkləndi. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Xidməti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası, Türkiyə, ABŞ, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Moldova, Rumıniya, Macarıstan, Pakistan, Özbəkistan kimi dünyanın bir çox ölkələri və aparıcı beynəlxalq təşkilatlar erməni separatçılarının Xankəndidə keçirdiyi qondarma prezident seçkilərini pislədiklərini və tanımadıqlarını bəyan etdilər.

ABŞ-ın Dövlət Departamenti xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçılarının keçirdiyi "seçkilər"i tanımadığını açıqlayıb. Macarıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Mate Patsolay onun ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və Qarabağdakı qondarma "prezident seçkilərini" qeyri-legitim hesab etdiyini vurğulayaraq münaqişənin mümkün qədər tez bir zamanda sülh yolu ilə nizamlanmasına çağırıb. Rumıniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da bu dövlətin Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma prezident seçkilərini tanımadığı bildirilir.

Respublikamızın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən ölkələrin sayı kifayət qədər çoxdur və bütün dünya Azərbaycanın sülhsevər ölkə, etibarlı tərəfdaş olduğunu qəbul edir. Ermənistan bunu bir daha yaxşı-yaxşı fikirləşməlidir.

Mehparə ƏLİYEVA,

"Respublika".