Seçicilərin fəal iştirak etmələri üçün hər cür şərait təmin edilib
Region

Seçicilərin fəal iştirak etmələri üçün hər cür şərait təmin edilib

Hadrut

Üç il bundan əvvəl müzəffər ordumuzun bölmələrinin şücaəti ilə qazanılan Hadrut qələbəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, çətin dağ şəraitində, keçilməz yerlərdən keçərək dörd tərəfdən dağlarla əhatə olunmuş yurd yerimizi işğalçılardan azad etməsi hərb tariximizin ən şərəfli səhifəsidir.

Bu qələbə dünyaya səpələnmiş erməniləri, təcavüzkar Ermənistanı, sözün əsl mənasında, şoka saldı. Qeyd edək ki, həmin döyüşlərdə düşmənin onlarla hərbi texnikası, yüzlərlə döyüşçüsü məhv edildi. Hadrut respublikamızın ən dilbər guşələrindən biridir. Təsadüfi deyil ki, əsl cənnəti xatırladan bu yerlər Qarabağ torpaqlarının açarı hesab olunurdu. Əzəli və əbədi yurd yerimiz olan Hadrutun işğaldan azad edilməsi həm də tarixi ədaləti bərpa etdi. İndi Hadrutda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Artıq xeyli müddətdir ki, Hadrutda bərpa və yenidənqurma işlərinə başlanılıb və sürətlə aparılır. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkilir. Onu da qeyd edək ki, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Fərəh hissi ilə qeyd edək ki, burada bir sıra infrastruktur layihələr uğurla icra edilir və Hadrutun tarixi hissəsi yenidən qurulur.

İkinci Qarabağ müharibəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və 37 kənd qəhrəman silahlı qüvvələrimizin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində 2020-ci il 9 oktyabr tarixində azad edilib. Uzun illər xocavəndlilərin qəlbində gəzdirdiyi nisgil, kədər, həsrət indi sevincə dönüb, hər kəsin fərəhdən ürəyi köksünə sığmır. Doğma yurd, Xocavəndin bir parçası, laləzar Hadrut düşmən caynağından xilas edilib. Otuz il yurd həsrəti ilə yaşayan xocavəndlilərin ən böyük arzusu doğma yurdlarına qayıtmaq idi. Bu tarixi hadisə, Böyük Qayıdış başlanıb. Xocavəndlilər bax belə qanadlı duyğularla, ürəkləri cuşa gətirən qürurla, böyük sevinc hissilə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcəklərini bildirirlər. Demokratiyanın təməl daşlarından biri olan seçkilər cəmiyyətin gələcəyində mühüm rol oynayır və buna görə də xocavəndli seçicilər öz hüquqlarından sərbəst şəkildə istifadə edəcəklərinə əmindirlər.

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə xocavəndli keçmiş məcburi köçkünlərin yaşadıqları ərazilərdə 11 seçki məntəqəsi yaradılıb. Həmin seçki məntəqəsindən 6-sı Beyləqan, 1-i Ağcabədi rayonlarında, 1-i Sumqayıt və 2-si isə Bakı şəhərində təşkil olunub. Növbədənkənar prezident seçkilərində 6260 nəfərin səsverməsi gözlənilir. Seçki məntəqələrindən biri Hadrut qəsəbəsində təşkil olunub. Qeyd edək ki, seçki məntəqələrində seçicilərin fəal iştirak etmələri üçün hər cür şərait təmin edilib, lazımi avadanlıqlarla təchiz olunub. Prezidentliyə namizədlərin təşviqatı üçün bərabər şərait yaradılıb. Sözün həqiqi mənasında, Hadrut qəsəbəsində 30 ildən sonra seçkilərin keçirilməsi haqqın, qələbənin, ədalətin təntənəsidir. Qəsəbədə təşkil edilmiş 108 saylı seçki məntəqəsinin sədri Raqil Əliyev bildirir ki, fevralın 7-də bu məntəqədə 522 nəfər seçicinin səs verməsi nəzərdə tutulub. Qeyd edim ki, seçicilərin böyük əksəriyyəti burada aparılan tikinti-quruculuq işlərində çalışanlardır və onların arasında xocavəndlilər də var. Vətən müharibəsi iştirakçısı Elvin Namazov məntəqə seçki komissiyasının üzvüdür. Elvin Namazov deyir ki, uğrunda döyüşdüyümüz və qan bahasına azad etdiyimiz torpaqlarda növbədənkənar prezident seçkilərinin keçirilməsində iştirak etmək ikiqat qürur doğurur. Xocavəndli seçicilər bir ağızdan dedilər ki, fevralın 7-də ən layiqli namizədə səs verəcəklər.

Salman ALIOĞLU,

"Respublika".