Səfərbərlik və hərbi xidmətə çağırış ölkəmizin müdafiəsinin mühüm tərkib hissəsidir
Sosial həyat

Səfərbərlik və hərbi xidmətə çağırış ölkəmizin müdafiəsinin mühüm tərkib hissəsidir

Birinci Qarabağ müharibəsi zamanı orduda səfərbərlik və hərbi xidmətin düzgün aparılmaması nəticəsində Azərbaycan ərazisinin bir hissəsini itirdi. Ölkədə hökm sürən xaos, anarxiya və kreslo davası hərbi sahədə pərakəndəliyi, özbaşınalığı bir az da artırdı. Əlbəttə ki, bunun da nəticəsi böyük fəsadlara yol açdı. Ölkədə ordu quruculuğu ilə bağlı dövlət strategiyası yox səviyyəsində, dövlət və ordu bir-birindən ayrı vəziyyətdə idi. Eyni zamanda orduda vahid komandanlıq təmin edilməmişdi. Lakin ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkə həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Dövlətin ərazi bütövlüyünün, suverenliyinin qorunmasında əsas qüvvələrdən birini təşkil edən ordu quruculuğu, səfərbərlik və hərbi xidmətə çağırış üzrə aparılan böyük islahatları sonrakı dönəmlərdə Ali Baş Komandan İlham Əliyev layiqincə davam etdirdi.

Ölkə başçısının 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması olduqca böyük əhəmiyyət kəsb etdi. Xidmətin yaradılmasından sonra müasir standartlara uyğun səfərbərliyin təşkil edilməsi istiqamətində, orduya çağırış məsələlərində böyük irəliləyişlər əldə olundu. Müasir dünya təcrübəsindən bəhrələnərək yeniliklər tətbiq edildi, qanunvericiliyin təkmilləşdirilməsi, gənclərin hərbi xidmətə hazırlığı istiqamətində vacib işlər görüldü. Dövlətin aparıcı qüvvələrindən olan gənclər vətənpərvərlik ruhunda formalaşdı. Sözsüz ki, bu işdə də əsas rol oynayan qurum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idi. Bu dövlət qurumu gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığını, həqiqi hərbi xidmətə çağırışını, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqramı həyata keçirməklə bərabər, həm də döyüş ruhunda formalaşmasını əsas prioritet seçdi. Eyni zamanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə şəraitində isə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələrilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirdi.

İslahatların aparılmasında əsas məqsəd uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan torpaqlarını azad etmək olmuşdur. Bu mənada dövlətin apardığı ordu quruculuğu istiqamətindəki uğurlu islahatların kökündə Qarabağ probleminin həll olunması, torpaqlarımızı işğaldan azad edilməsi dayanırdı. Bunun üçün də ordunun güclənməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətin qarşısında duran əsas məsələ idi. Çünki müharibə şəraitində yaşayan Azərbaycan gəncləri hərtərəfli hazırlanmalı idi. İllərlə aparılan məqsədyönlü islahatların nəticəsini və gənclərin mütəşəkkil şəkildə səfərbərlik çağırışına qoşulmasının 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində şahidi olduq. İşini, təhsilini yarımçıq qoyub vətənin dar günündə döyüşə atılan və xidməti borcunu yerinə yetirən bütün Azərbaycan gəncləri Vətən müharibəsində hərb tarixində Zəfər dastanı yazdı. Ermənistanın növbəti cəbhəboyu təxribatlarına Azərbaycan ordusu layiqli cavab verərək cəmi 44 günə qələbə qazandı. Ordumuzun qəhrəmanlığının əsl qiymətini isə Ali Baş Komandan İlham Əliyev verərək bu döyüşləri tarixi qələbə kimi xarakterizə edib, Azərbaycan ordusunun döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumunun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu bildirmişdir.

Qələbədən sonrakı dövrlərdə də ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili xidmətin üzərinə əlavə məsuliyyətlər qoyur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və yeni idarə, şöbə və bölmələrinin dinamik inkişafının təmin edilməsi, normativ-hüquqi bazanın və maddi-texniki təminatının yaxşılaşdırılması, xidmətin hərbi qulluqçularının və işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlər tam şəffaflıq prinsipləri əsasında həyata keçirilir.

Ramidə YAQUBQIZI,

"Respublika".