Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, hərbçilər şəhid Nağıyev Pərvizi doğum günündə məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Pərviz Güloğlan oğlu Nağıyev 1991-ci il yanvarın 1-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 1997-2008-ci illərdə E.Məmmədov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra bir müddət fərdi təsərrüfatla məşğul olub. 08.09.2020-ci il tarixdən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu Pərviz Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb. Nəşi gec tapılıb, 22 may 2021-ci ildə Tovuzda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə çavuş Nağıyev Pərviz Güloğlan oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.
V.VƏLİYEV,
"Respublika".