Açıq havada ev-muzeyi
Sosial həyat

Açıq havada ev-muzeyi

Tərtər

Tərtər rayonu 30 il düşmən təxribatından əziyyət çəkmişdir. İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən rayona ölçüyəgəlməz dərəcədə maddi və mənəvi ziyan vurmuşdur. Şanlı qələbəmizdən dərhal sonra Tərtərdə quruculuq-abadlıq işlərinə start verilmişdir.

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri və ümumtəhsil məktəblərinin şagirdləri şəhərin Elman Hüseynov küçəsində 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dağılmış açıq havada fəaliyyət göstərən ev-muzeyinə ekskursiya edib, muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət yaradılmış fotoguşəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Tərtər rayonunda 15 oktyabr 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələrinin atdığı raket nəticəsində şəhər qəbiristanlığında dəfn mərasimində iştirak edən 4 nəfər mülki vətəndaş şəhid olub, 4 nəfər yaralanıb. Bu insanlığa sığmayan terror hadisəsindən artıq üç il ötdü.

Tədbirdə yüzlərlə sakin iştirak edib.

Vəli VƏLİYEV,

“Respublika”.