Şəhid kapitanın xatirəsi anılıb
Sosial həyat

Şəhid kapitanın xatirəsi anılıb

Sentyabrın 27-dən sonra yaşadığımız günlər tariximizin şanlı və unudulmaz parlaq səhifəsidir. Son 30 il ərzində gözlədiyimiz,  arzuladığımız qələbəni cəmi 44 gündə qazandıq. Torpaqlarımızın vandal ermənilərdən azad olunması uğrunda igidliklə döyüşərək qəhrəmancasına şəhid olmuş taqım komandiri, kapitan Vüqar Aydın oğlu Nəcəfovun anım tədbiri keçirilmişdir.

Vüqar Nəcəfov 1988-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Dırnıs kəndində dünyaya göz açmışdı. Onun dayısı hərbçi idi. Atası və əmisi birinci Qarabağ müharibəsində iştirak etmiş və Naxçıvanı yağı düşmən hücumundan qorumuşlar. 1992-ci ildə Dırnıs kəndi 5 şəhid vermişdi. Vüqar hələ kiçik yaşlarından atası ilə Şəhidlər Xiyabanına gedər və Vətən uğrunda şəhid olmuş qəhrəmanların məzarını ziyarət edərdi. Atası ona  erməni quldurları tərəfindən Naxçıvanın kənd və şəhərlərinin tez-tez atəşə tutulmasından danışar, onu vətənpərvərlik ruhunda tərbiyə edərdi.

Erməni quldurları tərəfindən Naxçıvanın atəşə tutulması və uzun müddət blokada şəraitində saxlanılması Vüqarın qəlbini sıxırdı. O, evin tək oğlu olsa da, kiçik yaşlarından hərbçi olacağını deyirdi. V. Nəcəfov 2006-cı ildə Dırnıs kənd orta məktəbini əla qiymətlərlə bitirib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2010-cu ildə təhsilini müvəffəqiyyətlə  başa vuraraq, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlayıb. Aprel döyüşlərində, Tovuz rayonunda düşmənin təxribatının qarşısının alınmasında iştirak edib.

27 sentyabrda Ermənistan silahlı qüvvələri tərəfindən kəndlərimiz və hərbi mövqelərimiz artilleriya atəşinə tutuldu. Müzəffər Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alaraq, əks-hücum əməliyyatlarına başladı. Taqım komandiri, kapitan Vüqar Nəcəfov Vətən müharibəsi başlayan andan əsgərləri ilə bərabər döyüşlərə atılmış, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə fədakarlıq nümunəsi göstərərək, Cəbrayıl rayonunun Rüzgar kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq, şəhidlik zirvəsinə ucalmışdır. Onun  nəşi 3 oktyabr 2020-ci ildə Bakı şəhərinə gətirilmiş və 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Şəhid kapitan Vüqar Aydın oğlu Nəcəfov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında  iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhidin atası Aydın Nəcəfov: “Vüqar kiçik yaşlarından hərbçi olacağını və torpaqlarımızı yağı düşməndən azad edəcəyini deyirdi. Oxuyub hərbçi oldu.Vətən müharibəsi başlayan andan döyüşlərə qatıldı və rəşadətli döyüş yolu keçdi. Onun yurdunda İnci adlı qızı və Aydın adında oğlu böyüyür.

Şəhidlər ölməzdir. Oğlumla fəxr edirəm. Təki Vətən sağ olsun!

Kamil İSMAYIL,

“Respublika”.