Şərq poeziyasının klassiki Mirzə Şəfi Vazeh
Mədəniyyət

Şərq poeziyasının klassiki Mirzə Şəfi Vazeh

Mən bu dünya üzündə

            bir vilayət görmüşəm,

Orda dili zəhərli min-min

            xilqət görmüşəm.

Bir-birini döyən çox,

            söyən çox, danlayan çox,

Böyük, kiçik... çoxunda

            kin-küdurət görmüşəm.

Bu sonsuz çəkişmələr,

            bu fəryadlar içində,

Çox da gözəl dolanan

            bəşəriyyət görmüşəm.

O dövrün mövcud reallıqlarını əks etdirən bu misraların müəllifi, Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış Mirzə Şəfi Vazeh 1794-cü ildə Gəncə şəhərində anadan olub. O, Cavad xanın dövründə memar olmuş Kərbəlayi Sadığın ailəsində dünyaya göz açıb. İlk təhsilini mədrəsədə alan, burada ərəb və fars dillərini, eləcə də şəriət elmlərini dərindən öyrənən Mirzə Şəfi "Vazeh" təxəllüsü ilə həm Azərbaycan dilində, həm də fars dilində şeirlər yazıb. Vazeh sözünün mənası "ifadəli, aydın" deməkdir. Mirzə Şəfi Vazehin əsərləri XIX əsrin əvvəllərindən başlayaraq dünya xalqlarının diqqətini cəlb edib. O dövrdə alman şairi Fridrix Bodenştedt Vazehdən Şərq dilləri dərsini alıb. F.Bodenştedt hətta "Şərqdə min bir gün" kitabında Vazehin şeirlərinin tərcümələrini nəşr etdirib. Onun "Mirzə Şəfi nəğmələri" adlı kitabı 1851-ci ildə ilk dəfə Almaniyada işıq üzü görüb. Həmin nəğmələr Avropa dillərinə dəfələrlə tərcümə olunsa da, şairin yaradıcılığının böyük bir hissəsi günümüzə çatmayıb.

Mirzə Şəfi hələ erkən yaşlarından poetik sözə böyük həvəsi ilə seçilirdi. O, mədrəsədə dinin əsaslarını qavramış, burada təhsilini başa vurandan sonra isə ərəb və fars ədəbiyyatı, Azərbaycan və rus klassiklərinin əsərləri, sufilik fəlsəfəsi ilə dərindən məşğul olub.

Vazeh öz əsərlərində insan ruhunun əzəməti ilə yanaşı, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri də vəsf edirdi. "Züleyxa haqqında" şeirlər silsiləsi də məhz bu motivlər əsasında qələmə alınıb.

Bundan başqa, M.Ş.Vazehin "Yusif və Züleyxa", "Sədi və şah" poemaları, çoxsaylı qəzəlləri, rübailəri, kəskin satira və yumorla dolu aforizmləri də şairin dövrü üçün xüsusi əhəmiyyət kəsb edirdi. Klassik "Kitabi-türki" adlı ilk Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olub. Həmin dövrdə Vazehin yaradıcılığı, onun tədrisə və maarifçiliyə yönəlmiş səylərini həzm edə bilməyən din xadimləri şairə güclü təzyiqlər göstərirdilər. Məhz bu səbəbdən Mirzə Şəfi 1840-cı ildə doğma şəhərini tərk edib. O, daha sonra Qafqazın mütərəqqi mədəniyyət, elm və təhsil mərkəzi sayılan Tiflisə köçüb.

Tiflisdə olarkən buradakı məktəblərin birində  "nəstəliq" xətti ilə yazıdan, sonra isə şərq dillərindən və ədəbiyyatdan dərs deməyə başlayıb. Hətta şair öz evində "Divani-Hikmət" ədəbi məclisi də təşkil edib. Həmin dövrdə nüfuz qazanmış şair, yazıçı və filosoflar, o cümlədən Mirzə Fətəli Axundzadə də həmin məclisdə iştirak edib. Mirzə Şəfinin bütün şagirdləri şairin Nizami, Füzuli, Xaqani, Hafiz, Xəyyam və başqalarının yaradıcılığına hörmət və məhəbbətlə yanaşmasını yüksək qiymətləndirirdilər.

Mirzə Şəfi 1848-ci ildə Gəncəyə qayıdaraq qəza məktəbində müəllimlik edib. Lakin 1850-ci ildə yenidən Tiflisə gəlib və zadəganlar gimnaziyasında Azərbaycan və fars dillərindən dərs deməyə başlayıb. Şairin həyatının ən maraqlı, yaradıcılığının ən parlaq dövrü bu şəhərlə bağlıdır. O, "Tiflislə əlvida" şeirində öz düşüncələrini məharətlə qələmə alıb. Yaradıcılığı,  poeziyası ilə bir çox xalqların görkəmli nümayəndələrinin marağına səbəb olan şairin bəzi şeirinə romanslar da yazılmışdır.

Yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən klassikin maarif sahəsində də mühüm xidmətləri olub. O, Azərbaycan dilində xüsusi dərsliyin, təlim vasitələrinin olmadığını nəzərə alaraq bu işi öz üzərinə götürüb və 1852-ci ildə Tiflisdə Kazım bəyin Moskvadakı tələbələrindən biri İvan Qriqoryevlə birlikdə Azərbaycan dilində ilk dərs vəsaiti tərtib edib. "Kitabi-türki" adlı bu dərslik qəza məktəblərində Azərbaycan dilini öyrənmək üçün nəzərdə tutulub.

Zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi gətirən Vazehin lirik sevgi şeirləri Azərbaycandan çox-çox uzaqlarda da sevilib və özünə oxucu auditoriyası qazanıb. Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vazeh 1852-ci il noyabr ayının 28-də Tiflisdə vəfat edib və orada da dəfn olunub.

Xatırladaq ki, ölkəmizin başçısı 2014-cü ildə Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Yubiley tədbirləri ərəfəsində görkəmli şairin irsi daha geniş öyrənilməyə başlanılıb və bu sahədə uğurlu addımlar atılıb. Sərəncam imzalandığı gündən indiyədək şəhər icra hakimiyyətinin təşəbbüsü ilə şairin Almaniya muzeylərində saxlanılan 256 ədəd əlyazmasının surəti Gəncəyə gətirilib. On bir monoqrafiyası çap etdirilib. Şəhərdə Mirzə Şəfi Vazeh Muzeyi inşa olunub və ədibin əsərlərinin yenidən tərcümə edilərək nəfis şəkildə nəşr olunması işlərinə başlanılıb.

Röya RÜSTƏMLİ,

"Respublika".