Silah almaqla üstünlük qazanılmır
Siyasət

Silah almaqla üstünlük qazanılmır

Cənubi Qafqazda nə baş verir? Regionda superdövlətlərin bir növ savaşı gedir. Bildiyiniz kimi, dünya siyasətində ABŞ-la Rusiyanın - iki super dövlətin siyasi savaşı gündəmdədir. Bu iki dövlətin savaşının birinci episentri Ukraynadırsa, ikincisi Cənubi Qafqazdadır. Bunu da qeyd edək ki, Qərb deyiləndə ABŞ və Avropa Birliyinin bir platformadan çıxışı nəzərdə tutulur.

Ukraynada siyasi gərginlik başlayanda Birləşmiş Ştatların Ukraynada oyunçuları Böyük Britaniya və Polşa idi. Cənubi Qafqazda isə Fransa və Almaniya Qərbin oyunçuları rolunda çıxış edir. Fransa ilə Almaniya, Cənubi Qafqazda Ermənistanı dəstəkləməklə Paşinyan hökumətini şirnikləndirirlər. Məhz son vaxtlar Fransa başda olmaqla bəzi Qərb dairələrinin Ermənistanı silahlandırmaları buna xidmət edir. Əgər Qərb Ermənistan və Azərbaycan arasında sülh sazişi təşəbbüsünü dəstəkləyirsə bu addıma nə ad vermək olar? Bu silahların verilməsi Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən dirçəldilməsi deməkdir. Məqsəd Azərbaycanın timsalında Cənubi Qafqazda stabilliyi pozmaq, Ermənistanı gücləndirərək təzyiq formalaşdırmaq və Qərb koalisiyasını Cənubi Qafqaza gətirməkdir.

Birləşmiş Ştatlar Rusiyanın dünya siyasi arenasında Avropa ilə əlaqəsini kəsib. Növbəti hədəf isə Cənubi Qafqazla bağlantını kəsməkdir ki, Ermənistanla yaxınlaşmalar da buna xidmət edir. Bolşeviklərin lideri Leninin bir sözü var idi: "Azərbaycan Şərqin qapısıdır". Məhz bu səbəbdən, Qərb əks-həmlə ilə regiona müdaxilə etməklə istəyir ki, Cənubi Qafqazdakı respublikalar Rusiyaya düşmən olsun. Bu baxımdan, Qərbin son vaxtlar Ermənistanı silahlandırması, ona siyasi və iqtisadi dəstək verməsi, Azərbaycana təzyiq etmək deməkdir. Ermənistan unutmasın ki, bu qədər silahlansa da, Azərbaycan Ordusu qarşısında tab gətirə bilməz. İstər Fransa, istər Hindistan, istər də digər dövlətlərdən silah almaq Azərbaycana qarşı üstünlük qazandırmayacaq. Ona görə ki, Azərbaycanın ordusu kifayət qədər müasir döyüş qabiliyyətinə malikdir. Bu cür metodlar özünü doğrultmayacaq. Bu silahlar sadəcə Ermənistan tərəfindən Azərbaycanı provokasiyaya cəlb etməkdə istifadə edilə bilər.

Güclü ordu yaratmaq üçün öncə iqtisadi bazaya malik olmaq lazımdır. Ermənistanın bu gün iqtisadi resursları imkan vermir ki, ən müasir silahları əldə edə bilsin. Xaricdən diasporların maliyyə yardımları ilə iki-üç silahın alınması Azərbaycana qarşı, ancaq təxribat xarakterli aksiyaların keçirilməsinə hesablana bilər. Hesab edirəm ki, Fransa və Almaniya daxil olmaqla qərb blokunun digər üzvləri də bu cür metodlardan əl çəkməlidir.

Azad MƏSİYEV,

politoloq.