Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsi qlobal problemdir
Digər xəbərlər

Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsi qlobal problemdir

Birinci Qarabağ müharibəsi xalqımızın tarixinə qanla yazılıb. Minlərlə insan öz yaxınlarını itirib, torpaqlarından didərgin düşüb. Birinci Qarabağ müharibəsində 30 ildən çox keçməsinə baxmayaraq, itkin düşmüş 4000-ə yaxın şəxsin taleyi hələ də naməlum olaraq qalır.

Bu məsələ ölkəmizin üzləşdiyi ən ağır problemlərdən biridir. Minlərlə vətəndaşımız vandal ermənilər tərəfindən işgəncələrə məruz qalıb, qətlə yetirilib və Azərbaycanın əvvəllər işğal altında olan ərazilərində kütləvi məzarlıqlarda basdırılıb. Əsir və ya itkin düşmüş vətəndaşlarımızın taleyi hər zaman dövlətimizin diqqət mərkəzində olub. 1993-cü ildə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb. Komissiyanın əsas məqsədi Ermənistan tərəfindən həyata keçirilən soyqırımı siyasətinin dünya ictimaiyyətinə çatdırılması, ermənilər tərəfindən əsir və girov götürülmüş şəxslərin qaytarılması, münaqişə bölgələrində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların axtarılması işinin səmərəliliyinin artırılması, bu sahədə dövlət orqanları ilə ictimai və beynəlxalq təşkilatların fəaliyyətinin əlaqələndirilməsidir.

İkinci Qarabağ müharibəsindən sonra itkin düşən vətəndaşlarımızın axtarışı istiqamətində işlər davam edir. Davam edən araşdırmalarda bu günə qədər Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb. Ötən il aparılan axtarışlar nəticəsində Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar tapılıb. Məlumata əsasən, məzarlarda 1990-cı illərdə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən Azərbaycan hərbçilərinin qalıqları aşkar edilib. Edilli kəndindəki məzarların birində əl-ayağı bağlı şəkildə öldürülmüş 12 hərbçinin qalıqları tapılıb. Onların kəllə sümüklərindəki izlər güllələndiklərini təsdiq edir.

Bu il iyunun 3-də Şuşa türməsinin ərazisində 4, avqustun 15-də isə 17 şəxsə aid insan qalıqları tapılıb. Qeyd edək ki, hazırda tapılan şəxslərdən 15-nin kimliyi müəyyən edilib. Onlardan 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu tapılıb və Ermənistana verilib. Lakin erməni tərəfi nə basdırdıqları minaların, nə də kültəvi məzarlıqların yerini dəqiq açıqlamır.

Ölkə başçımız sentyabrın 18-də "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb. İlham Əliyev bildirib ki, 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir: "Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik. İtkin düşmüş şəxslər məsələsi postmünaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu, sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir".

Ölkə başçımız vurğulayıb ki, bu məsələdə Ermənistan və Azərbaycan qarşılıqlı əməkdaşlıq həyata keçirməlidir. Çünki bu məsələ həm də iki ölkə arasında münasibətlərin normallaşdırılması baxımından da vacibdir. Dövlət başçımız konfransın beynəlxalq ictimaiyyətin diqqətinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi ağrılı məsələyə cəlb olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Töhfə SƏMƏDOVA,

"Respublika".