ŞİRVAN: Hər yola salınan il uğurları ilə yadda qalır
Region

ŞİRVAN: Hər yola salınan il uğurları ilə yadda qalır

Yola saldığımız 2022-ci il Şirvan şəhərində yaddaqalan və uğurlu olmuşdur. Əməkdaşımız Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla görüşüb ondan Şirvanın ictimai-siyasi həyatında, təsərrüfat və biznes mühitində baş verən yeniliklərdən, şəhərdə aparılan həyat əhəmiyyətli abadlıq-quruculuq işlərindən danışmağı xahiş etmişdir:

- Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin beynəlxalq aləmdəki mövqeləri möhkəmlənmiş, əlaqələri genişlənmiş, Azərbaycanın adı nüfuzlu ölkələr sırasında çəkilməyə başlanmış, diplomatik münasibətlərdə əsas söz sahibinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində xeyli işlər icra edilmişdir. Şəhərin sosial-iqtisadi inkişafı, su-kanalizasiya sisteminin yenidən qurulması, daxili avtomobil yollarının çəkilişi, küçələrin işıqlandırılması işləri davam etdirilmiş, abadlıq-quruculuq işləri aparılmış, nümunəvi məhəllələr, yaşıllıqlar salınmışdır. M.Füzuli adına Mədəniyyət və İstirahət Parkı genişləndirilmiş, ən müasir tələblər səviyyəsində, əsaslı şəkildə yenidən qurulmuşdur.

2022-ci ildə Şirvan şəhərində 17 siyasi partiya, 23 qeyri-hökumət təşkilatı, 1 yerli "İşıq" qəzeti fəaliyyət göstərmişdir. Siyasi partiyaların və ictimai birliklərin, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün lazımi şərait yaradılmışdır.

Qeydiyyatdan keçmiş dini qurumların, o cümlədən xristian dini icmasının fəaliyyəti qanunvericiliyə uyğun təşkil edilmişdir. Şəhərdə 8 məscid, 5 dini icma karantin qaydalarına əməl olunmaqla dini mərasimləri və ibadətləri lazımi səviyyədə təşkil etmişlər.

Ümummilli lider Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, yeni nəslin vətənpərvərlik, azərbaycançılıq və müstəqil dövlətçilik prinsipləri əsasında formalaşdırılması, tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda rolunun artırılması, onların intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi işi davam etdirilmişdir.

Şəhərdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlara və digər aztəminatlı ailələrə diqqət və qayğı daha da artırılmışdır. Onlara müraciətləri əsasında maddi və mənəvi köməkliklər göstərilmişdir.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı hər ayın sonuncu həftəsinin cümə axşamı aidiyyəti qurumların nümayəndələri ilə Şəhidlər Xiyabanında aparılan səliqə-sahman, abadlıq işləri ilə tanış olmuş, "Şəhid Anası" memorial abidə-kompleksi önündə şəhid ailələri ilə görüşmüş, onların sosial məsələləri ilə maraqlanmış, problemlərinin həlli istiqamətində zəruri tədbirlər görmüşdür. Görülən işlərə, həyata keçirilən tədbirlərə görə Şirvan şəhər sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Şirvan şəhərində şəhidlərin xatirəsi əziz tutulmuş, onlara həsr olunmuş xatirə lövhələri, guşələri yaradılmış, doğum və anım günləri şəhər səviyyəsində keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri yüksək şücaətlərə görə ordenlə təltif olunmuş 6 Vətən müharibəsi şəhidinin adı şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə əbədiləşdirilmiş və adları əsasən yaşadıqları küçələrə verilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi dövlətimiz tərəfindən daim əziz tutulur, onların ailələrinə lazımi diqqət və qayğı göstərilir. Şəhər icra hakimiyyəti tərəfindən Birinci Qarabağ müharibəsi şəhidi Tağıyev Malik Sadiq oğlunun ailəsinin yaşadığı binada şəhid adının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş barelyefi təmir edilmiş, şəhid İbrahimov Mahmud Qələndər oğlunun xatirə bulağının əsaslı təmiri işlərinə başlanılmışdır. Vətən müharibəsi şəhidi Əliyev Elçin Əliqardaş oğlunun və şəhid Bağırov Fuad Allahverdi oğlunun ailələrinin yaşadıqları binada şəhid adının əbədiləşdirilməsi məqsədilə barelyefləri inşa edilmişdir. Şəhər ərazisində 22 şəhid adı verilmiş küçə adlarını əks etdirən ünvan lövhələri vurulmuşdur.

Şəhər icra hakimiyyəti gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm vermiş, şəhidlərin doğum və anım günlərində Şəhidlər Xiyabanında məzarlarını ziyarət etmiş, ailələrində olmuş, ailə üzvlərinə maddi və mənəvi dəstək göstərmişdir. Şəhidlər Xiyabanında və Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında şəhidlərin xatirəsinə həsr olunan "Zəfər" abidəsi ətrafında Şirvan şəhərindən olan hər bir şəhidin adına ümumilikdə 157 ağac əkilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan şəhəri ərazisində iqtisadi durumun yaxşılaşdırılması, biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması məsələlərinə ciddi fikir verilir.

2022-ci il ərzində ümumi məhsul buraxılışı 822 milyon 700 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6.8 faiz çoxdur.

Yola saldığımız ildə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 105 milyon 935,8 min manat vəsait yönəldilmişdir ki, onun da 99 milyon 607 min manatı və ya 94.0 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Şirvan şəhəri ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2022-ci il ərzində də şəhər ərazisində tikinti-quraşdırma və abadlıq işləri davam etdirilmişdir. "Bakı Abadlıq Xidməti" MMC tərəfindən şəhərin küçə və prospektlərinin işıqlandırılması işlərinə başlanılmışdır. Eyni zamanda şəhər icra hakimiyyəti tərəfindən Heydər Əliyev parkında, Heydər Əliyev meydanında, Səməd Vurğun adına parkda, Nəriman Nərimanov adına parkda, Məhəmməd Əmin Rəsulzadə və İstiqlaliyyət prospektlərindəki xiyabanlarda işıqlandırma şəbəkəsinin dayanıqlığının təmin edilməsi məqsədilə mal-materiallar alınmış və quraşdırma işlərinə başlanılmışdır.

"IDEA" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Bakıdan kənar, regionlarda ilk dəfə Şirvan şəhərində məhəllələrin abadlaşdırılması işləri həyata keçirilir. "IDEA" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində İstiqlaliyyət prospekti 3 və 7 nömrəli, 20 Yanvar küçəsi 1 və 2 nömrəli yaşayış binalarının qarşısında ümumi sahəsi 1,2 hektar olan sayca 3-cü nümunəvi məhəllədə abadlıq işlərinə başlanılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsünə qoşulan şirvanlılar 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsinə 2020-ci ildən başlayaraq hər il 613 ədəd, ümumilikdə isə 1839 ədəd ağac əkmişlər.

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir. Müsabiqənin şəhər mərhələsinin qalibi şəhər 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Məmmədov Əlikram Əli oğlu olmuşdur.

2021-2022-ci dərs ilində ümumtəhsil məktəblərinin IX sinfini 1077, XI sinfini 708 şagird müvəffəqiyyətlə bitirmiş, onlardan 18 nəfər ümumi orta, 15 nəfər isə tam orta təhsil haqqında fərqlənmə attestatı, 1 nəfər gümüş medal almışdır.

2022-ci ildə 561 nəfər ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, onlardan 314 nəfəri qəbul olmuşdur. Abituriyentlərin 19 nəfəri 600-dən, 24 nəfəri 500-dən yuxarı bal toplamışlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olan tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən dünyada yayılan və pandemiyaya səbəb olan (COVID-19) infeksiyasına qarşı vaksinasiya işləri hazırda şəhərimizdə də uğurla davam etdirilir. 2022-ci il ərzində (COVID-19) testi üçün 11037 yaxma götürülmüş və bunlardan 9768 testin cavabı neqativ, 1269 testin cavabı isə pozitiv çıxmışdır. 2022-ci ildə dövlət büdcəsinin Şirvan şəhəri üzrə yerli gəlirləri 7 milyon 140.0 min manat proqnoza qarşı 7 milyon 194.10 min manat və ya 100.8 faiz yerinə yetirilərək büdcəyə proqnozda nəzərdə tutulduğundan 54.10 min manat çox vəsait daxil olmuşdur.

Keçən il yeni açılmış iş yerlərinin sayı 746 vahid olmuşdur ki, onlardan da tam 100.0 faizini daimi iş yerləri təşkil etmişdir.

Sosial təminatının yaxşılaşdırılması məqsədilə 2 nəfər şəhid ailəsi üzvünə aylıq və birdəfəlik olmaqla ümumilikdə 670 manat, 2 nəfər müharibə iştirakçısının hər birinə 100 manat olmaqla ümumilikdə 200 manat birdəfəlik maddi köməklik göstərilmişdir. Evlərinin təmiri məqsədilə 3 nəfər şəhid ailəsinə və 2 nəfər müharibə iştirakçısına ümumilikdə 13384 manat maddi yardım edilmişdir.

Həyata keçirilən bütün tədbirlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafında əldə olunan uğurlar, əhalinin rifah halının yüksəldilməsi, regionların sosial-iqtisadi inkişafında, o cümlədən Şirvan şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri geniş təbliğ edilmişdir.

Tofiq HÜSEYN,

"Respublika".