SOCAR-ın birinci rübünə dair göstəriciləri
İqtisadiyyat

SOCAR-ın birinci rübünə dair göstəriciləri

Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 18 min metrə yaxın qazma işləri həyata keçirilib. Şirkətin mətbuat xidmətinin verdiyi məlumata görə müstəqil şəkildə və ya əsas payçı qismində şirkətin istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 2 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 12,6 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, ilin birinci rübü ərzində Azərbaycanda 7,3 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3,9 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 2,3 faiz artaraq 6,5 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 4,9 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,7 milyon tona yaxın neft, 923,7 milyon kubmetr qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 495,5 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 faiz artıb.