SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton
İqtisadiyyat

SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton" şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "DeGolyer and MacNaughton" şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, strateji yataqların karbohidrogen ehtiyatlarının "DeGolyer and MacNaughton" şirkəti tərəfindən beynəlxalq standartlara uyğun olaraq hesablanması, həmçinin yataqların modelləşdirilməsi işləri üzrə 2017-ci ildən etibarən davam etdirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib. Əməkdaşlıq çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda 27 yatağın SPE-PRMS təsnifatı əsasında hesablanması istiqamətində işlərə başlanıldığı qeyd edilib.

Görüşdə SOCAR-ın strateji hədəflərindən və qarşıya qoyulan vəzifələrdən bəhs edilib, səmərəliliyin daha da artırılmasının və optimallaşdırmanın təmin edilməsinin şirkətin uzunmüddətli Korporativ Strategiyasının əsas istiqamətlərindən olduğu bildirilib, hasilatın optimallaşdırılması istiqamətində atılan addımlar və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.