SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin doğma yurd yerlərindən kütləvi şəkildə köçürülməsinə başlanılmışdı
"Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd aydın idi - imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və əfsuslar olsun ki, bu məqsədə çatdılar. Ondan sonra erməni əhalisi qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarında yerləşdirildi və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iki yüzillik işğala son qoyan İkinci Qarabağ müharibəsi zamanı - 2020-ci il oktyabr ayının 26-da xalqa müraciətində səsləndirmişdir.
Zaman-zaman Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər yerli camaatı öz doğma yurd yerlərindən zorla çıxararaq, xalqımıza qarşı soyqırımı, deportasiyalar həyata keçirərək bu ərazilərdə özlərinə dövlət qurmuşlar. Əsrlər boyu xalqımızın yaşadığı, qurub-yaratdığı tarixi Azərbaycan torpaqlarını erməniləşdirmək üçün ciddi cəhdlər göstərilmiş, XX əsrin əvvəllərində bolşevik inqilabından sonra - 1921-ci ildə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana verilməsi təhlükəsi yaranmışdır. Lakin başda Nəriman Nərimanov olmaqla xalqımızın vətənpərvər oğullarının sayəsində Qarabağ Azərbaycanın tərkibində saxlanılmışdır.
XX əsrin sonlarında ermənilərin Qarabağ xülyası yenidən baş qaldırmış, Moskvadakı anti-Azərbaycan rəhbərliyinin vasitəsilə bu istəklərini reallaşdırmağa nail olmuşlar. 1988-ci ildən başlayaraq işğalçılıq mexanizmini yenidən işə salan mənfur qonşularımızın çirkin niyyətləri nəticəsində xalqımız insanlığa sığmayan müsibətlərə düçar edilmişdir. Qoca, qadın, uşaq bilmədən insanlar qətlə yetirilmiş, 1 milyondan artıq soydaşımız əzəli yurd yerlərindən didərgin salınmışdır.
1905-1920, 1948-1953, 1988-1992-ci illərdə həyata keçirilən məcburi köçürülmə və etnik təmizləmə siyasəti ermənilərin zəbt etdiyi Azərbaycan ərazilərində milli tərkibi dəyişdirməyə yönəldilmiş, bu məqsədlə Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlının evləri yerlə-yeksan edilmiş, özləri isə doğma ocaqlarından zorla çıxarılmışdır.
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953-cü illərdə İ.Stalinin göstərişi ilə həyata keçirilmişdir. Belə ki, SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında"kı 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanılmışdı. Bu plana əsasən, 1948-ci ildə 10 min nəfərin, 1949-cu ildə 40 min nəfərin, 1950-ci ildə isə 50 min azərbaycanlının köçürülməsi nəzərdə tutulurdu. Beləliklə, 100 min azərbaycanlı Ermənistandan köçürülməli idi. Lakin 1954-cü ilə qədər davam edən azərbaycanlıların məcburi köçürülməsi zamanı qərarda göstərilən rəqəm dəfələrlə çox olmuşdur. Qərar əsasında köçürülən azərbaycanlıların yaşayış yerlərinə isə xarici ölkələrdən gətirilən ermənilər yerləşdirilmişdir.
SSRİ Nazirlər Sovetinin qərarına əsasən, kolxoz və sovxozlarda yaşayan azərbaycanlıların kütləvi şəkildə Kür-Araz ovalığına - Ucar, Zərdab, Əli Bayramlı (indiki Şirvan), Salyan, Saatlı, Sabirabad, Yevlax, Kürdəmir, Mirbəşir (indiki Tərtər) rayonlarına köçürülməsi dağlıq və dağətəyi ərazilərdə yaşayan insanlar üçün dözülməz idi. O vaxt Azərbaycan Kommunist Partiyasının məsul şəxslərinin bu məsələ ilə bağlı etirazına baxmayaraq, Moskvadan verilən qərar dəyişdirilməmiş və 1948-ci il may ayının 13-də Azərbaycan SSR Nazirlər Şurası 10945 nəfər insanın Kür-Araz vadisində yerləşdirilməsi barədə qərar qəbul etmişdi. Bunun ardınca həmin dövrdə Sovet İttifaqının milliyyətcə erməni olan metallurgiya naziri İvan Tevosyan Qafan bölgəsində yaşayan və mədənlərdə çalışan təxminən 100 ailənin Daşkəsəndəki filiz mədənlərindəki işi yaxşılaşdırmaq məqsədilə Azərbaycana köçürülməsini təşkil etmək barədə göstəriş vermişdi. Yerli əhali yurd yerlərindən çıxarılmalarına etiraz etsələr də, onların istəkləri nəzərə alınmır, saxta protokollar tərtib edilərək guya əhalinin razı salındığı bildirilir və köçürülməsi planlanan azərbaycanlıların sayı daha da artırılır, itaətsizlik göstərənlərə isə zor tətbiq edilirdi. Ermənilər tərəfindən doğma ocağından hədə-qorxu ilə köçməyə məcbur edilən azərbaycanlılar isə həm yollarda, həm də köçürüldükləri yerlərdə böyük problemlərlə üzləşirdilər. Çünki birdən-birə böyük sayda əhalinin qəbul edilməsi, onların yerləşdirilməsi və lazımi şəraitlə təmin olunması respublikanın imkanları daxilində deyildi. Azərbaycanlıların illərlə qurub-yaratdıqları evlərində isə ermənilər rahat şəraitdə yaşayırdılar.
1949-cu ilin iyul ayında SSRİ Nazirlər Şurasının rəhbərliyi ilə aşkar şəkildə həyata keçirilən azərbaycanlıların deportasiyasının sürətləndirilməsi və qarşıya çıxan problemlərin həll edilməsi üçün İttifaq tərəfindən Əsas Köçürmə İdarəsi yaradılmışdı. Bundan sonra həmin il dekabr ayının 17-də SSRİ Nazirlər Şurası daha 3500 ailənin Ermənistandan Azərbaycana köçürülməsi barədə qərar vermiş, 1950-ci ilin 6 sentyabrında verilmiş daha bir qərar əsasında 15 min ailənin köçürülməsi həyata keçirilmişdir. Bütün bunlara baxmayaraq, azərbaycanlıların Ermənistandan köçürülməsində böyük marağı olan Moskva rəsmi Bakını 1948-1949-cu illər planında nəzərdə tutulduğundan daha az insanın köçürülməsinə görə tənqid edirdi. Azərbaycanlıların sıx yaşadıqları Basarkeçər rayonunda 600-dən çox ailə məcburi şəkildə evindən çıxarılmış, əhalinin etirazlarının təşkilatçısı kimi rayon rəhbəri tutduğu vəzifədən azad edilmişdir. Ermənistan rəhbərləri Vedi rayonundan azərbaycanlıları köçürmək üçün daha sərt üsuldan istifadə etmiş, köçürmənin ilk ilində rayondan 500 nəfərin köçürülməsi nəzərdə tutulsa da, 1948-ci il aprelin 28-nə kimi 9.915 min nəfərin köçmək üçün razılıq ərizəsi alınmışdı. Halbuki, 1948-ci ildə Ermənistandan köçürüləcək insanların sayı ümumilikdə 10 min nəfər təşkil etməli idi…
Beləliklə, SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında"kı 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına əsasən "könüllü" olaraq həyata keçirilmiş azərbaycanlıların öz vətənlərindən deportasiyası 1954-cü ilədək davam etmişdi və zaman bunun növbəti səhifəsini 1988-ci ildə Azərbaycan xalqına yaşadacaqdı…
Mehparə ƏLİYEVA,
"Respublika".