Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 26 və 27-ci günləri

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

22 oktyabr

  • Müharibənin 26-cı günündə Azərbaycan Ordusunun bölmələri Araz çayı boyunca-Zəngilan rayonu ərazisində uğurlu döyüş əməliyyatlarını davam etdirərək rayonun bir sıra kəndlərini və Ermənistanla sərhəddə yerləşən Ağbənd qəsəbəsini işğalçı qüvvələrdən təmizləyib. Bununla Azərbaycan-İran sərhədinin 27 ildən artıq Ermənistanın işğalı altında qalmış 132 kilometrlik hissəsi tamamilə işğaldan azad edilib.
  • Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Azərbaycan və İran İslam Respublikası dövlət sərhədini tam nəzarətə götürməsi ilə bağlı paylaşım edib: "Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!".
  • "Azərbaycan Ordusunun bölmələri tərəfindən Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
  • Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş Ombudsmanını qəbul edib.
  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Trend İnformasiya Agentliyinə müsahibə verib.
  • Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək mühüm yüksəkliklərdən və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib. Düşmənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan olub. Hadrut qəsəbəsindən şimalda yerləşən artilleriya bölmələrinə yeni gətirilmiş erməni könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən çoxsaylı itkilər verib. 543-cü alayın müdafiə sahəsinə endirilən atəş zərbələri nəticəsində şəxsi heyət arasında xeyli itki olub. 1-ci taborun bir bölüyünün şəxsi heyəti isə döyüşə girməkdən imtina edib.
  • Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusunun digər mövqelərindəki hərbçiləri də döyüşlərdə iştirakdan imtina edib. Yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar. Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohumları və tanışları telefonla zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edib. Düşmən bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumatlar daxil olub.
  • Müdafiə Nazirliyi düşmən ordusunun ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü paylaşıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri isə yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İti qovan" pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlayıb.
  • Müdafiə Nazirliyi düşmən ordusunun ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü paylaşıb.
  • Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.
  • Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin düşmənin atəş nöqtələrinə və mövqelərinə dəqiq və sarsıdıcı zərbələr vurmasını əks etdirən videogörüntüləri təqdim edib.
  • Azərbaycan Ordusunun cəbhənin Qubadlı, Xocavənd və Ağdərə istiqamətində keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri şəxsi heyət və döyüş texnikası baxımından ağır itkilər verərək mühüm yüksəkliklərdən və bir sıra mövqelərdən geriyə çəkilməyə məcbur edilib. 155-ci artilleriya, 5-ci dağatıcı və 543-cü alaylarına ordumuzun vurduğu artilleriya zərbələri nəticəsində komandir heyəti daxil olmaqla, çoxlu sayda canlı qüvvə məhv edilib, yaralanıb və itkin düşüb. Düşmənin yeraltı sığınacaqları dağıdılıb.
  • Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb.

23 oktyabr

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Vacib ərazi və yüksəkliklər azad edilib. Düşmən fərarilik edərək mövqeləri tərk edib. Müharibənin 27-ci günündə Azərbaycan Ordusunun bölmələri cəbhənin cənub cinahında uğurlu döyüş əməliyyatlarını davam etdirərək, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının daha doqquz kəndini Ermənistan işğalçı qüvvələrindən təmizləyib. Həmçinin Ordumuz Vətən müharibəsində ilk dəfə Qubadlı rayonunun dörd kəndini işğaldan azad edib.
  • Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
  • Azərbaycan Ordusunun Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etməsi ilə bağlı Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində paylaşım edib.
  • Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndinin videogörüntüləri yayılıb.
  • Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirilib, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, mühüm ərazi və yüksəkliklər azad edilib. Bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edib, fərarilik edərək mövqeləri tərk edib.
  • Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub. Düşmənin 4 PUA-sı zərərsizləşdirilib.
  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 12:00-dək 63 mülki şəxs həlak olub, 298 nəfər xəsarət alıb, 2156 ev, 90 çoxmənzilli yaşayış binası və 398 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələrinin məhv edilməsinin videogörüntüləri yayılıb.
  • Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələrinin və komanda məntəqəsinin məhv edilməsinin videogörüntüləri yayılıb.

"Respublika".