Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi
Tarix

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi

Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. 1923-cü il oktyabrın 29-da artıq dünya səhnəsindən çəkilən qocaman imperatorluqdan, yeddi əsrlik Osmanlıdan sonra yeni dövlətin - Cümhuriyyətin qurulması ümumtürk tarixində yeni səhifənin yazılması idi.

Birinci Dünya müharibəsi (1914-1918) gedişində Osmanlı imperiyası nəinki geniş coğrafiyasından məhrum olmuş, hətta özünün tarixi ərazisini, indiki Türkiyənin böyük hissəsini də itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə ağır şəraitdə Mustafa Kamal Atatürk Osmanlı ordusunun vətənpərvər zabitləri ilə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başlayıb. 1919-cu il mayın 19-da Qara dəniz sahilindəki Samsun şəhərindən başlanan mücadilə üç il sürüb. 1919-cu ilin dekabrında Ankaraya gələn Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan edib. Çünki İstanbuldakı iqtidar (Sultan Mehmed Vəhidəddin hökuməti) ölkəyə nəzarəti itirmişdi.

Mustafa Kamal 1920-ci il aprelin 23-də Ankarada xalqın iradəsini təmsil edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) çağırılmasına nail olub. Həmin ilin avqustunda İstanbuldakı hökumət Birinci Dünya müharibəsinin qalibləri (ABŞ, Britaniya, Fransa) tərəfindən təslimçi sülhə - Sevr anlaşmasını imzalamağa məcbur edilib. Sazişə görə, Osmanlı 1914-cü ilə qədər olan ərazilərinin dörddəüçünü itirib, ordu və donanması müttəfiq ölkələr tərəfindən bölüşdürülürüb. Geriyə indiki Türkiyənin təxminən üçdəbiri qalıb. Anlaşma xalqda böyük etiraz doğurub, Mustafa Kamal türk xalqının heç vaxt bu təslimçilik aktına razı olmayacağını bildirib. Onun başçılıq etdiyi Qurtuluş savaşı daha da genişlənib.

1921-ci ilin yanvarından başlayaraq qələbələr əldə edən türk ordusu həmin ilin avqustunda Sakarya savaşından zəfərlə çıxıb. 1922-ci ilin avqustunda Mustafa Kamalın komandanlığı ilə həyata keçirilən "Böyük Taarruz" ("Böyük Hücum") əməliyyatı nəticəsində Türkiyənin yunan ordusunun işğalı altında olan cənub-qərb hissəsi azad edilib.

30 avqust Zəfəri ilə yeni dövlətin quruluşunun da təməli qoyulub. Türkiyə Sevr anlaşmasının ləğv edilməsi üçün Lozannada yeni beynəlxalq konfransın çağırılmasına nail olub. 1923-cü ilin iyulunda Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv edib və Türkiyənin ərazisini indiki sərhədlər çərçivəsində təsbit edib. 1923-cü il oktyabrın 2-də türk ordusu sonuncu işğalçı qoşunları - ingilis hərbi gəmilərini İstanbul ətrafından qovub çıxarıb.

1923-cü il oktyabrın 29-da Mustafa Kamal TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan edib. Parlament Mustafa Kamalı ölkənin ilk prezidenti seçib, ilk hökumətin qurulması isə ordu komandanlarından İsmət İnönüyə tapşırılıb. 1924-cü ilin aprelində Cümhuriyyətin ilk Konstitusiyası - Anayasa qəbul olunub, Osmanlı dönəminə rəsmən nöqtə qoyulub. 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul olunub.

Cümhuriyyətin ilk illəri Türkiyə tarixinin çətin dövrü idi. Yeni dövlət quruluşunu qəbul etmək istəməyən qüvvələr ölkənin müxtəlif yerlərində təxribat və iğtişaşlar törədirdi. Xarici qüvvələrin təhriki ilə Türkiyənin cənub-şərq bölgələrində kürd qiyamları və ilk separatçı çıxışlar da bu dövrə təsadüf edir.

Bununla belə, Mustafa Kamal ölkənin bölünməzliyini və möhkəmlənməsini təmin edib. 1932-ci ildə TBMM-in qərarı ilə Mustafa Kamala Atatürk adı verilib.  Ümumilikdə dörd (1923, 1927, 1931, 1935) dəfə prezident seçilən Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da vəfat edib.

Ölkənin ilk prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub. Hazırda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. O, 2014-cü ilin 10 avqustunda ilk dəfə xalq tərəfindən ümumi səsvermə ilə seçilib. 2017-ci ildə keçirilən referendumla Türkiyənin dövlət idarəçiliyi qismən dəyişib. Ölkə parlament-prezident idarəçiliyindən prezident üsuli-idarəsinə keçib.

Son 20 ildə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə, sosial-iqtisadi sıxıntıları olsa da, ümumilikdə böyük tarixi yol qət edib. Bu illər geniş islahatlar və inkişafla yanaşı, siyasi böhranlarla da müşayiət olunub. 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdin iqtidar-xalq birliyi ilə dəf edilməsi ölkənin həm daxildən güclənməsinə, həm də regional və beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasına zəmin yaradıb. Bu günün Türkiyəsi 20 il, hətta 10 il əvvəlin Türkiyəsindən daha güclü, o cümlədən sürətlə inkişaf edən milli hərbi sənayesi ilə daha da qüdrətlidir.

Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bunu iki qardaş ölkənin liderləri hər zaman xüsusi vurğulayırlar. Bunun ən bariz nümunəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə birliyi olub. 2021-ci ilin 15 iyununda imzalanan Şuşa Bəyannaməsi isə bu birliyə tarixdə əbədilik möhür vurub.

Onu da qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsi tərəfindən bir sıra irimiqyaslı tədbirlər nəzərdə tutulub. Tədbirlər çərçivəsində respublikanın 100 il ərzində əldə etdiyi nailiyyətləri əks etdirən rəqəmsal sərgilər və 3D şoular təşkil olunacaq. İstanbul boğazında pilotsuz uçuş aparatları ilə vizual şou və atəşfəşanlıq keçiriləcək. Müxtəlif tarixi yerlərdə xüsusi işıq şouları təşkil olunacaq. İstanbulun Üsküdar meydanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Rəqəmsal Təcrübə Sərgisi baş tutacaq. Burada Prezident Ərdoğanın rəhbərliyi altında son iyirmi ildə "xəyallardan reallığa çevrilmiş" layihələr təqdim ediləcək. Sərgidə ən son rəqəmsal texnologiyalardan istifadə edilməklə 360 guşə nümayiş olunacaq.  Beləliklə, tarixin bütün sınaqlarından uğurla çıxan Türkiyə bölgədə və dünyada öz mövqeyini qoruyub saxlayır. Türk xalqı atəşfəşanlıq və sevinclə Türkiyə Cümhuriyyətinin 100 illik yubileyini bayram edir.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.