Sülh danışıqları yeni reallıqlar fonunda
Siyasət

Sülh danışıqları yeni reallıqlar fonunda

Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla İspaniyanın Qranada şəhərində görüşü gözlənilir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin qarşıdakı görüşü sülh sazişinin bağlanması üçün real fürsət olacaq. İrəvan rəsmisi bildirib ki, əbədi müharibənin heç kimə faydası yoxdur və indi iki ölkə arasında sülh müqaviləsi imzalamaq üçün tarixi imkanlar formalaşıb. Simonyan Qranadadakı görüşü sülh danışıqlarında irəliləmək üçün fürsət kimi dəyərləndirib.

Mümkün Qranada görüşü öncəsi Simonyanın pozitiv mesajlar verməsi, Ermənistanın sülhə hazır olduğunu bildirməsi bütün hallarda sülh müqaviləsinə olan inamı artırır. Bununla belə, Qranadada yekun sülhün imzalanması elə də mümkün görünmür. Siyasi şərhçi Əli Zülfüqaroğlu bildirir ki, tərəflər arasında hələ də razılaşdırılmamış məsələlər var:

"Sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra Bakı-İrəvan rəsmiləri arasında baş tutacaq təmaslarda Qarabağ mövzusu prioritet olmayacaq. Çünki indiyədək Ermənistan tərəfi Qarabağdakı erməni əhalisinin "hüquq və təhlükəsizliyinin" qorunması məsələsini irəli sürür və bundan əsasən Azərbaycanla danışıqlarda öz maraqlarını təmin etmək üçün rıçaq kimi istifadə edirdi. Amma erməni silahlı dəstələrinin tərk-silah olmasından sonra bu məsələ öz aktuallığını itirdi. Bundan sonrakı danışıqlarda bölgədəki ermənilərin sosial və təhlükəsizlik vəziyyəti müzakirə olunsa da, ölkələrin ərazi bütövlüyünün tanınmasına dair sənədin imzalanmasına, demarkasiya və delimitasiya məsələlərinə yenidən baxılacaq. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkündür və Qranadada bu istiqamətdə çox önəmli danışıqların şahidi ola bilərik. Amma burada imzalanan sülh sazişi yalnız ilkin versiya ola bilər. Çünki yekun sülh sazişinin imzalanması üçün anklav-eksklav məsələsinin həll edilməsi, eləcə də kommunikasiya xətlərinin açılması lazımdır. Amma biz görürük ki, xüsusilə kommunikasiyalarla bağlı məsələdə tərəflər arasında ziddiyyətlər var. Bu, Simonyanın açıqlamasından da aydın şəkildə görünür. Belə ki, parlament sədri bildirib ki, yolların açılması ölkəsi üçün prioritet məsələdir və Ermənistan avtomobil və hətta dəmir yolu təqdim etməyə hazırdır. Burada məhz qətiyyətlə yol sözünün istifadə olunması xüsusi məna kəsb edir. Ermənistanın indi Azərbaycana qarşı istifadə edə biləcəyi yeganə məsələ Zəngəzur dəhlizidir. Ermənistan çalışır ki, məhz Zəngəzur dəhlizi deyil, Zəngəzur yolu fəaliyyət göstərsin. Amma Azərbaycan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki dəhliz beynəlxalq statusa malikdir və buradan daşınan yüklər heç bir yoxlamaya məruz qalmadan ünvana çatdırılır. Digər tərəfdən, Ermənistan çalışır ki, məhz Qranada görüşündə sülh sazişi imzalansın".

Bununla belə, Qarabağdakı lokal antiterror tədbirlərindən sonra Cənubi Qafqazdakı proseslərin yeni mərhələdə davam etməsi qaçılmazdır. Bu mərhələdə qeyri-region ölkələrin arxa plana keçəcəyi gözlənilir. Yəni Ermənistan tərəfi nə qədər qərbdən yana olsa da, Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya formatında, eləcə də 3+3 çərçivəsində müəyyən irəliləyişin ola biləcəyi istisna deyil. Odur ki, keçirilməsi mümkün Qranada görüşündə irəliləyişin əldə olunacağına dair güclü inam olsa da, yekun sülh müqaviləsinin mövcud ziddiyyətlər fonunda İspaniyada imzalanması ehtimal olunmur.

Jalə QASIMZADƏ,

"Respublika".