Sülh və tərəfdaşlıq məkanı
Siyasət

Sülh və tərəfdaşlıq məkanı

NATO-nun baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərin geniş spektrinə dair məsələləri müzakirə ediblər. Ölkə başçımız bildirib ki, bu gün Azərbaycan-NATO münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq xarakterindədir və biz NATO ilə birlikdə beynəlxalq sülhün və təhlükəsizliyin təminatı prosesinə ciddi töhfələr veririk.

Ölkəmiz NATO-nun bir çox mühüm proqramlarında iştirak edir və təşkilatın regional və beynəlxalq sülhün, təhlükəsizliyin qorunması sahəsindəki baxışları, mövqeyi Azərbaycanın təhlükəsizliyə töhfə vermək niyyəti ilə üst-üstə düşür. Biz bu sahədə konkret əməli addımlara imza atmışıq. Cənab Prezident xüsusilə vurğuladı ki, bizim sülhməramlılar Əfqanıstanda hava limanının mühafizəsini həyata keçirirdilər və həmin münaqişə bölgəsini son tərk edən dövlətlərdən biri də məhz Azərbaycan olmuşdur. Yeri gəlmişkən, NATO-nun baş katibi də öz çıxışında açıqladı ki, bəli, Azərbaycan bu gün dünyada sülhün, təhlükəsizliyin təminatı prosesinə ciddi töhfələr verir. Bu kontekstdə Azərbaycanın Rusiya-Ukrayna müharibəsində tutduğu mövqeni təqdir, müdafiə etmiş və bildirmişdir ki, Azərbaycan Ukraynaya humanitar sahədə mühüm dəstək verir və bunu rəsmi Brüssel yüksək qiymətləndirir. Eyni zamanda NATO rəhbəri Azərbaycan ilə təşkilatın bir çox ölkələri arasında enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlığın olduğu faktını xüsusi vurğulamış və qeyd etmişdir ki, bu təkcə ənənəvi deyil, eyni zamanda qeyri-ənənəvi, yəni bərpaolunan enerji sahələrini özündə ehtiva edir.

Bu gün Azərbaycan külək, günəş və su elektrik stansiyalarını işə salmaqla, eyni zamanda Avropanın bərpaolunan enerji ilə təminatı prosesində də mühüm rol oynamaq niyyətini ortaya qoyub və bu istiqamətdə ardıcıl addımlar atılır.

Bu səfər bir daha onu göstərdi ki, Azərbaycan bu gün Qoşulmama Hərəkatının üzvü olsa da, NATO-ya daxil olmaq hədəfini seçməsə də, müxtəlif məsələlərdə, xüsusilə beynəlxalq təhlükəsizliyin təminatı prosesində təşkilata üzv olan və olmayan ölkələrlə sıx əməkdaşlıq edir. Çünki söhbət qlobal təhlükəsizliyin təminatından gedir və Azərbaycanın bu prosesə töhfəsi NATO rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə çox böyük diqqət var. Bu siyasət təqdir və müdafiə olunur. Cənab Prezidentin də bildirdiyi kimi, biz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi zəfərə imza atmışıq, ərazi bütövlüyümüzü təmin etmişik. Eyni zamanda 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirlərində  ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam, qəti, əbədi təmin edilib. Bununla da biz bütün addımlarımızda, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməklə strateji hədəfimizə çatmışıq və indi sülh prosesinə sadiqik. Biz sülhə yaxınıq. NATO-nun da bu istiqamətdə prosesə dəstək verməsi, sülh prosesinin daha da intensivləşdirilməsində və məntiqi sonluğa çatmasında rəsmi Brüsselin də dəstək göstərməsini biz alqışlayırıq.                     

Elman NƏSİROV,

Milli Məclisin deputatı.