Sülhə yaxınlaşma, yoxsa Qərbə inteqrasiya?
Siyasət

Sülhə yaxınlaşma, yoxsa Qərbə inteqrasiya?

Müharibədən sonrakı dövrdə Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəalarına əməl etmək, regionda sabitliyi qorumaq, yeni sülh sazişini imzalamaq kimi məsələlərə etinazlıq nümayiş etdirilib. Rəsmi İrəvan istədiyi himayədarlığı, dəstəyi Rusiyadan görə bilmədiyindən Qərbə tərəf yönəlib. Bunun nəticəsidir ki, hazırda Ermənistan sülh müqaviləsinin imzalanması prosesini aylardır gecikdirir. Müstəqil siyasət yürüdə bilməyən Ermənistan tarixən özünə havadar axtarışında olub. Bu səbəbdən də regionda geosiyasi maraqlarını təmin etmək istəyən Qərb ölkələrinin vədlərinə tez aldanıb. Rəsmi İrəvanın etdiyi manevrlərdə Qərb dövlətlərinin Rusiyanın regiondan sıxışdırılıb çıxarılması siyasəti özünü aydın şəkildə göstərir.

Ermənistan-Rusiya əlaqələrindəki Qərbin "dəstəyi" ilə yaradılmış soyuqluq, Hayastanın regiondan uzaqlaşma meyilləri özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Belə ki, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsində yük qəbul edilməməsi məsələsi aktuallığını qoruyur. Son məlumatlara əsasən, Yuxarı Lars keçid məntəqəsində 3400-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün dayanıb. Həmçinin Rusiya Ermənistandan göndərilən malların, o cümlədən, güllərin fitosanitar qaydalara cavab vermədiyini əsas gətirərək onları geri qaytarıb. Ermənistan Rusiyanın Yuxarı Lars nəzarət-buraxılış məntəqəsində yükləri qəbul etməməsi səbəbilə, Avrasiya İqtisadi İttifaqının (Aİİ) növbədənkənar toplantısını çağırıb.

Roma Statutunun təsdiq edilməsindən sonra, rəsmi İrəvanın yenidən Rusiyanı mühakimə etməyə çalışması, Moskva tərəfinin Ermənistanla əlaqələrə baxışını daha da kəskinləşdirə bilər. Ermənistanın KTMT-də fəaliyyətini məhdudlaşdırmaq, qurumdan uzaqlaşmaq cəhdləri də ölkələr arasında soyuqluq yaradan səbəblərdən idi. Qərbin anti-Rusiya siyasəti özünü qabarıq şəkildə büruzə versə də, Ermənistanın Moskva ilə siyasi-iqtisadi əlaqələrini tamamən qoparması real görünmür. Çünki rəsmi İrəvanın iqtisadiyyatının inkişafında Rusiya ilə ticarət əhəmiyyətli yer tutur. Yəni bir sözlə, Ermənistanın dəmir yolu sistemindən əlavə, enerji və qaz sahəsində də Rusiyadan asılılığı var. Yuxarı Lars yolunda Ermənistan mallarının gecikdirilməsi və yaxud buraxılmaması Ermənistana təzyiq və xəbərdarlıq kimi qəbul edilə bilər. Görünür, Ermənistan bundan istifadə etməklə, Qərbdən aldığı dəstəyi artırmağı hədəfləyib.

30 ilə yaxın davam etmiş işğal dövründə ölkəmizin ərazi bütövlüyünün pozulmasına səssiz qalmış, məcburi köçkünlərimizin hüquqlarını gözardı etmiş bəzi dövlətlər indi öz maraqları naminə Ermənistan tərəfindən həyata keçirilmiş müharibə cinayətlərinə göz yumur. Hətta onu region ölkələrinə qarşı alovlandırır. Azərbaycanın işğala son qoymasıyla birlikdə artan gücü, yeni yaranan reallıqlar xüsusən də Qərb dövlətlərini narahat edir. Bir tərəfdən Rusiyanın bölgədəki gücünü azaltmağa, digər tərəfdən Azərbaycana qarşı yalan iddialarla çıxış etməyə çalışırlar. Bütün bu qüvvələrin ortaq əlaltısı, havadarı isə Ermənistandır. Rəsmi İrəvan artıq böyük qüvvələrin oyuncağına çevrilib.

Ermənistan Qərbin təhrikilə Rusiya ilə olan əlaqələrini zədələyir, müxtəlif ortaq layihələrdən imtina etməklə Moskvaya qarşı demarşa qalxır. Rəsmi İrəvan müxtəlif ölkələrin verdiyi təlimatla hərəkət etməyə davam edir. Müstəqil siyasəti olmayan bir dövlətdə sabitliyin olması absurd səslənir. Bu səbəblə də sülh sazişinin imzalanmasında qeyri-konstruktiv mövqeyini davam etdirən Ermənistan müstəqil siyasət yürütməyə başlamalı, ona verilən yalan vədlərə aldanmaq yerinə öz xalqının və ölkəsinin gələcəyini düşünməlidir. Sülh əldə etməyin tək yolu müxtəlif qüvvələr, maraqlar, vasitəçilər olmadan Azərbaycanla ikitərəfli görüşlərin keçirilməsidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".