Həqiqətləri dünyaya bəyan edən qətiyyətli LİDER
Siyasət

Həqiqətləri dünyaya bəyan edən qətiyyətli LİDER

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının yüksələn xətt üzrə inkişaf etməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu da xeyli artırıb. Tarixilik, realizm, mədəniyyət, müstəqillik kimi prinsiplər Azərbaycanın xarici siyasət prioritetlərinin də müəyyənləşməsində əsas rol oynayır. Azərbaycanın xarici siyasəti Prezident İlham Əliyev tərəfindən milli və bəşəri idealların tarazlığı əsasında qurulmuşdur. Bu gün Azərbaycanın xarici siyasət modeli dünyanın bütün dövlətləri ilə qarşılıqlı və səmərəli əməkdaşlıq perspektivləri açır.

Dövlətimizin uğurlu xarici siyasət kursu dialoq və qlobal inteqrasiya baxımından da xüsusi əhəmiyyətə malikdir. Rəsmi Bakı mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə də evsahibliyi edir. Azərbaycan xarici siyasətində təkcə region ölkələri üçün deyil, qlobal miqyasda da böyük əhəmiyyətə malik olan siyasi xətt yürüdür. Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığı bir sıra qlobal problemlərə qarşı müqavimətin formalaşmasında mühüm rol oynayır. Cənab Prezidentin uğurlu və rasional xarici siyasəti nəticəsində bu gün Azərbaycan bütövlükdə qlobal siyasi sistemin ən önəmli və nüfuzlu ölkələrindən birinə çevrilib.

Bundan başqa, ölkəmiz qlobal xarakterli məsələlərin həllində aktiv iştirak edir. Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr ölkəmizin həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. 

Azərbaycanın beynəlxalq arenada səsləndirdiyi həqiqətlər bu gün dünya tərəfindən təsdiqlənməkdədir. Dünyanın ən ali təşkilatı hesab edilən BMT-nin ölkə başçımızın fikirlərinə xüsusi önəm verməsi deyilənlərin əyani sübutudur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.

Tarix boyu müstəmləkəçiliyi dövlət siyasətinin bir hissəsinə çevirmiş, ən qəddar qərb ölkəsinin beynəlxalq humanitar hüquqazidd davranışları qəbuledilməzdir. Soyqırımları, maddi-mədəni irsin dağıdılması və yox edilməsi, milyonlarla insanın kölə halına salınması kimi saysız-hesabsız bəşəri cinayətlərin müəllifi olan Fransa hələ də əməllərinə görə cavab vermir. Möhtəkirliyin, riyakarlığın pik həddə olduğunu ölkə başçımız Qoşulmama Hərəkatı kimi BMT-dən sonra ikinci ən böyük təsisata rəhbərliyi çərçivəsində bu acı həqiqətləri dəfələrlə vurğulamışdır.

 Fransanın soyqırımlarla zəngin olan hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilmişdir. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bunun utancverici və iyrənc hərəkət olduğunu deyən dövlətimizin başçısı bildirib: "Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik". Müasir dövrdə Fransanın vəhşiliyi hələ heç bir təsisatda bu qədər yüksəkdən səsləndirilməmişdi.  Məhz bu yolla Prezident İlham Əliyevin Fransanın çirkin əməllərini dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirməsi kölgədə qalan həqiqəti aşkara çıxardı. Yalnız bundan sonra, dünyanın məsələlərə baxış bucağı genişləndi. Ölkə başçımızın Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü zamanı bildirdiyi: "Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir" fikri bu gün ədalət tərəfdarı olan bütün ölkələrdə qəbul olunur.

Fransa Afrikada sülh və insanlıq əleyhinə cinayətləri davam etdirməyə çalışır. Sevindirici haldır ki, artıq öz azadlıq mübarizəsinə qalxan xalqlar öz ərazilərindən fransız ordusunu çıxarmağa başlayıblar. Xüsusi vurğulamaq lazımdır ki, təkcə Afrikanın ərazisinin 35 faizi 300 il Fransanın nəzarətində qalmışdır. Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilmiş və bölgədəki bütün resurslar bu ölkə tərəfindən talanmışdır. Bununla yanaşı, tarixin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü ildə baş vermiş Ruanda soyqırımında Fransanın rolu var. Belə ki, 2008-ci ildə Ruanda hökuməti Fransanı soyqırıma hazırlığından xəbərdar olub. Hutu hökumətinin hərbi dəstələrinə kömək edib onlara təlim keçməkdə günahlandırır.

Fransanın Əlcəzairdə törətdiyi soyqırımı insanlıq əleyhinə ən qanlı aktlardan biridir. Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Cənab Prezidentin də vurğuladığı kimi, məhz buna görə Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olmuşdur.

Müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların nümayəndələri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 20-də Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransına gələrək haqq səslərini bir daha duyurdular.   Prezident İlham Əliyevin konfransın iştirakçılarına müraciəti isə öz növbəsində beynəlxalq aləmə mesaj xarakteri daşıyırdı. Fransanın törətdiyi bəşəri cinayətləri vurğulayan ölkə başçımız XXI əsrdə kolonializmin davam etməsindən və kolonializm meyillərinin artmasından narahatlığını da bildirdi. Fransanın həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətdiyini, etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyduğunu diqqətə çatdırdı.

Əminliklə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması bir daha ölkə başçımızın bəşəri dəyərlərə, ədalətsizliyə qarşı yanaşmasının qlobal səviyyədə dəstəklənməsini sübut edir.

Nurlan ABDALOV,

"Respublika".