SÜLHÜN, ƏMİN-AMANLIĞIN TƏRƏFDARIYIQ
Digər xəbərlər

SÜLHÜN, ƏMİN-AMANLIĞIN TƏRƏFDARIYIQ

27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə edilən hücum bu ölkənin terror dövləti olduğunu bir daha təsdiqlədi. "Kalaşnikov" silahı ilə silahlanmış şəxsin Azərbaycan səfirliyinə hücum edərək mühafizə xidmətinin rəisini qətlə yetirməsi, iki nəfəri yaralaması ilə bağlı İran tərəfinin yanlış açıqlama verməsi onun riyakarlığının təzahürüdür. Hadisənin motivini təhrif etməyə cəhd göstərən İran hücumun ailə-məişət zəminində baş verdiyini söyləsə də, kamera görüntüləri bu yalanı ifşa etdi. Hadisəni törədən şəxsin İran vətəndaşı olduğu açıqlandı.

Çox güman ki, Azərbaycan səfirliyinin əməkdaşı terrorçunu zərərsizləşdirib tutmasaydı, faciənin miqyası daha böyük olacaq, səfirliyin bütün əməkdaşları qətlə yetiriləcəkdi. Lakin Azərbaycan səfirliyinin əməkdaşının fədakarlığı sayəsində planlaşdırılan qətliamın həyata keçirilməsi mümkün olmadı.

Mətbuat səhifələrindən, sosial şəbəkələrdən də məlumat alırıq ki, Tehran terrorun məsuliyyətini üzərindən atmaq üçün müxtəlif yanlış xəbərlər və açıqlamalar yayaraq hadisənin mahiyyətini təhrif etməyə çalışır. Siyasi şərhçilərimizin də dediyi kimi, İranın məqsədi xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunun hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılmasıdır. İranın hadisənin mahiyyətini təhrif etmək üçün yaydığı daha bir yalan isə guya hücumun erməni əsilli şəxs tərəfindən törədilməsi ilə bağlıdır. Lakin terrorçunun adı və soyadı onun erməni kökənli olmadığını göstərir. Bu isə qarşı tərəfin məkrli oyun oynamasından xəbər verir.

İranın bütün cəhdlərinə baxmayaraq, bu xain hücumun məqsədinin Azərbaycan səfirliyinə və diplomatlarına qarşı yönəldilmiş terror aktı olduğu artıq bəllidir. Üstəlik, İran polisinin terrorun qarşısını almaq üçün heç bir addım atmaması elə polisin özünün də bu terrorda əlinin olduğunu sübut edir.

Son zamanlar İranda anti-Azərbaycan kampaniyasının aparılması heç kimə artıq sirr deyil. Belə ki, qonşu ölkədə həm rəsmi şəxslər, həm də hakimiyyətin ayrı-ayrı qolları tərəfindən Azərbaycan əleyhinə təbliğat aparılır. Rəsmi Tehranın bu mövqeyi isə ölkələrimiz arasında qarşılıqlı münasibətlərdə soyuqluq yaradır, daha da gərginləşməsinə səbəb olur. Azərbaycanın regionda, eləcə də dünyada güclənən mövqeyi İranı çox narahat edir. Buna görə də, rəsmi Tehran dövlətimizin bölgədəki sülh və əməkdaşlıq təşəbbüslərinə əngəl olmağa çalışır. Lakin biz bir millət olaraq hər zaman sülh, əmin-amanlıq tərəfdarı olmuşuq. İranda baş verən terror hadisəsinə münasibət bildirmək üçün kollecimizdə müəllim və tələbələrin iştirakı ilə tədbirlər keçirmişik. Hər kəs qətiyyətlə bu hadisəni pisləyir. Ümumiyyətlə, bütün Azərbaycan vətəndaşları, ictimaiyyətimiz törədilən cinayəti terror hadisəsi hesab edir və bu hücumu şiddətlə qınayır.

Terror hadisəsində səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov şəhid olub, iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Bu hər bir azərbaycanlını sarsıtdı. Lakin hadisənin daha böyük faciəyə səbəb olmasının qarşısının Azərbaycan səfirliyinin mühafizəçisi tərəfindən alınması hər birimizi qürurlandırırdı.

3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Orxan Əsgərovun (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilməsi isə dövlətimizin qəhrəman oğul və qızlarına yüksək dəyərin göstəricisidir.

Nuranə ƏLƏKBƏROVA,

Tovuz Rayonu Dövlət Sosial İqtisad Kollecinin

direktor müavini.