ŞUŞANIN YENİLMƏZ FATEHLƏRİ
Region

ŞUŞANIN YENİLMƏZ FATEHLƏRİ

2020-ci ildə güclü sərkərdə, Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə minlərlə vətəndaşımız yaşından asılı olmayaraq Vətənin müdafiəsinə qalxdı. Bu, bir daha xalqın öz liderinə inamının əyani təzahürü idi. Müharibənin ilk günlərində döyüş meydanında üstünlüyü ələ alan yenilməz ordumuzun bölmələri nəyə qadir olduğunu göstərdi. Düşmənin 30 il ərzində qurduğu sədləri dağıdaraq irəliləməyə nail oldu.

Ordumuz cəmi 44 gün ərzində möhtəşəm qələbəyə imza ataraq torpaqlarımızı azad etdi. Çox qısa zaman ərzində igid, cəsarətli Azərbaycan oğullarının göstərdiyi saysız-hesabsız şücaət və igidlik əbədi olaraq xalqın yaddaşından silinməyəcək.

Vətən müharibəsində hər döyüşçünün bir amalı olmuşdur. Ölümün gözünə dik baxmaq, yalnız irəliyə gedərək düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızdan qovmaq. 44 günlük müharibədə iştirak edən qazilər, veteranlar və şəhidlik zirvəsinə ucalan oğullarımızın hər biri haqqında cildlərlə kitablar yazılsa da yenə də azdır.

Qalib ölkənin Ali Baş Komandanı İlham Əliyev ölkəmizdə keçirilən növbədənkənar zəfər seçkisindən sonra andiçmə mərasimində çıxışı zamanı bildirib ki, biz döyüş meydanında göstərdik ki, nəyə qadirik. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Elə günə salmışdıq ki, özlərinin etirafına görə 12 mindən çox fərarisi olmuşdur".

Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak edən Şuşa fatehlərindən biri Elnur Elbrus oğlu Salahov 19 avqust 2000-ci ildə Tərtər rayonunun Poladlı kəndində anadan olub.

2007-2015-ci illərdə Poladlı kənd ümumi orta məktəbində, 2015-2019-cu illərdə Şəki Dövlət Texniki Kollecində təhsil alıb, hazırda Mingəçevir Dövlət Universitetinin mühəndislik fakültəsində qiyabi yolla təhsilini davam etdirir.

Elnur Salahov 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. O, Naxçıvan Muxtar Respublikasında  "N" saylı hərbi hissədə nümunəvi xidmət edib, sonra könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qoşulub.

27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatları başladıqda döyüş yoldaşları ilə birlikdə cəbhə bölgəsinə ezam olunublar. Elnurun döyüş yolu Xocavəndin Çanaqçı kəndinin azad olunması uğrunda gedən şiddətli savaşdan başlayıb. Qələbədən ilk ruhlanan döyüşçülərimizdə irəliyə getmək, düşmənə sarsıdıcı zərbələr endirməklə digər torpaqlarımızı da təmizləmək həvəsi daha da güclənib.

Növbəti günlərdə Xocavəndin Sığınaq, Dəmirçi, Zərdanaşen kəndləri azad edilib. O, əsgər yoldaşları ilə birlikdə Daşaltı əməliyyatında iştirak etmiş, alınmaz qala sayılan, çətin relyefə malik, Qarabağın incisi Şuşa şəhərinə sıldırım qayalara dırmaşaraq daxil olmuş, Şuşanı mənfur düşməndən azad ediblər.

Bu əməliyyat, sözün əsl mənasında, bütün dünyanı heyrətə gətirdi. Şuşa azad olunduqdan sonra Elnur Şuşanı mühafizə etmək üçün döyüş yoldaşları ilə birlikdə 11 dekabr 2020-ci il tarixədək xidməti vəzifəsini yerinə yetirib.

İkinci Qarabağ müharibəsi zamanı arzuları həyata keçdi, düşmən Müzəffər Ordunun gücünü, dəmir yumruq zərbəsini hiss etdi. Elnur danışır  ki, hər dəfə döyüş  zamanı erməni əsgərləri maksimum 2-3 dəqiqə müqavimət göstərə bilir, dərhal geri çəkilməyə, döyüş meydanından qaçmağa məcbur olurdu. Gücümüz qarşısında tab gətirə bilmirdilər.

İgid döyüşçü Elnur Salahov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ən ali mükafata "Azərbaycan bayrağı ordeni", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Müharibə iştirakçısı", "Böyük zəfər" medalları ilə təltif olunub.

Müsahibim bildirdi ki, Şuşanın azad olunmasında iştirak etməyim həddindən artıq qürurvericidir. Keçmiş döyüşçü Azərbaycan dövləti, rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə, eləcə də müharibə veteranlarına göstərilən qayğını yüksək qiymətləndirib, hazırda oxuduğu ali təhsil ocağında təhsil haqqının dövlət tərəfindən ödənildiyini bildirib.

Vəli VƏLİYEV,

"Respublika".