ASTARADA İLK TƏHSİL FESTİVALI
Region

ASTARADA İLK TƏHSİL FESTİVALI

Astara şəhərinin dənizkənarı park-bulvar ərazisində əsl qələbəlik idi. Burada paytaxt Bakının və cənub regionunun ali, orta ixtisas, ümumtəhsil və peşə məktəblərinin, uşaq bağçalarının ayrı-ayrı layihələr üzrə təqdimatları təşkil olunmuşdu.

Elm və Təhsil Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ilk dəfə təhsil festivalı keçirilirdi. Tədbirdə Elm və Təhsil naziri Emin Əmrullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatları, təhsil müəssisələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak edilib.

Festival iştirakçıları əvvəl ulu öndərin Astara şəhərindəki abidəsi önünə gül dəstələri düzərək unudulmaz xatirəsini ehtiramla yad etdilər.

Festivalın əsas məqsədi cənub regionunda özəl sektorun və təhsilin inkişafı üçün maraqlı tərəflər arasında əməkdaşlıq platformasının yaradılmasına dəstək verməkdən ibarət idi. Genişmiqyaslı festivalda müxtəlif layihələrin qaliblərinin təqdimatları izlənildi, düzgün ixtisas seçimi, təhsil kreditləri ilə bağlı məlumatlar verildi, şagirdlərlə xarici dillərdə dialoqlar aparıldı.

Festival iştirakçıları gənc nəslin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən bu cür tədbirlərin paytaxtla yanaşı regionlarda keçirilməsini yüksək dəyərləndirdilər, təhsilin  inkişafına göstərdiyi müstəsna qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.