Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 39-cu günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

4 noyabr

  • Vətən müharibəsinin 39-cu günündə döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.
  • "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində paylaşım edib.
  • Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd D-30 topu, "Zastava M-55" zenit qurğusu, bir ədəd taktiki PUA-sı, üç ədəd hərbi yük maşını sıradan çıxarılıb.
  • Ermənistan silahlı qüvvələrinin bir ədəd "M-55" zenit qurğusu dəqiq atəşlə vurulub.
  • Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
  • Ermənistanın zenit qurğusunun sıradan çıxarıldığının videogörüntüsü yayılıb.
  • Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verib: "Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik".
  • Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan Tovuz və Ağstafa istiqamətində atəşkəs rejimini pozub.
  • İşğalçı ordunun 5-ci dağatıcı alayının xeyli sayda şəxsi heyəti və döyüş texnikası məhv edilib.
  • "Rusiya tərəfi Qarabağ münaqişəsinin başa çatması üçün ondan asılı olan hər şeyi edəcək". Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiyadakı dini icmaların nümayəndələri ilə görüşündə deyib: "Bilirsiniz, Rusiya əlindən gələn hər şeyi edir ki, Cənubi Qafqazdakı münaqişə mümkün qədər tez başa çatsın. Bir-birinin qarşısında duran və təəssüf ki, hələ də bir-birini avtomat, tüfənglərin nişangahında görən və bir-birinə qarşı silah istifadə edən insanların həyatda qalması üçün edirik". Rusiya Prezidenti əminliyini bildirərək deyib ki, qarşıdurma tərəfləri məqsədlərinə sülh danışıqları yolu ilə də çata bilərlər: "Hər halda biz həm Ermənistanla, həm də Azərbaycanla əlaqədəyik. Ümid edirəm ki, biz nəticə əldə edə biləcəyik və bu, bölgədə yaşayan bütün insanları qane edəcək".
  • Ermənistan ordusunda fərarilik gündən-günə artıb. Erməni mətbuatında yayılan məlumatlar ermənilərin döyüşmək istəmədiyini göstərir. Məlumatlardan aydın olur ki, son bir ay ərzində 4600 əsgər və zabit fərarilik edib. Fərariliyə görə 190 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
  • Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 4-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2734 ev, 98 çoxmənzilli yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Tərtər atəşə tutulub. Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb.

"Respublika".