Tarixi torpaqlarımıza Böyük Qayıdış davam edir
Sosial həyat

Tarixi torpaqlarımıza Böyük Qayıdış davam edir

Doğma torpaqlarımız düşmənin zəhərli pəncələrindən artıq üç ilə yaxındır ki, qurtulub. Vətəndaşlarımız yavaş-yavaş 30 il əvvəl gözü yaşlı çıxdıqları dədə-baba torpaqlarına sevinc hissi ilə qayıdır.

Qarabağda, sözün əsl mənasında həyat yenidən canlanıb. Görülən işlər, aparılan islahatlar bu gün özünü büruzə verir. Doğma torpaqlarımızın yenidən canlanması uzunmüddətli, lakin şərəfli bir yoldur. Ölkə başçımız üçün Qarabağdakı əhalinin hüquqlarını qorumaq və ərazi bütövlüyünü təmin etmək hər zaman priotitet olub. Qarabağ bölgəsində həyata keçirilən bərpa-quruculuq işləri dövlət-özəl tərəfdaşlığına, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Yeni sağlamlıq mərkəzləri, təhsil ocaqları, sosial təminat müəssisələri inşa edilir. Görülən işlərlə Prezident İlham Əliyev yaxından maraqlanır. Təkcə 2021-ci ildə Qarabağ bölgəsinə ölkə başçımızın 32 səfəri olub. Bütün səfərlərində "Qarabağda cənnət yaradacağıq" deyən ölkə başçımız bu günə qədər verdiyi bütün vədləri, sözləri yerinə yetirib. İlk gündən yenidənqurma məsələsi prioritet olub. Cənnətməkan guşələrimizdən biri də Füzulidir. Ölkə başçımızın xüsusi diqqəti nəticəsində Füzuli şəhəri sürətlə inkişaf edir, çiçəklənir. Ən son texnologiya və təchizatlarla yenidən qurulan şəhərə Prezident İlham Əliyev dəfələrlə səfər edib, görülən işlərlə tanış olub.

Ötən ay dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub. Tikintisi davam edən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yolun Tuğ dairəsinədək olan 48 kilometrlik hissəsi altı, 33,7 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarət olacaq. Ümumilikdə isə yolun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 984, viadukların uzunluğu isə 2090 metrdir. Qeyd edək ki, yolun tikintisində ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlamadan istifadə olunub. Bu yol vasitəsilə vətəndaşlarımız daha sürətli və əlverişli formada  ünvanlarına çatacaqlar. 

Qeyd edək ki,  gələn ay Füzulidə 30 ildən sonra ilk dəfə "birinci zəng" çalınacaq. Yeni məktəb binası uşaqların ixtiyarına veriləcək. Təhsil millətin gələcəyidir. Bunu əsas prioritet bilən ölkə başçımız Füzuli şəhərində ən yüksək səviyyəli məktəblərin tikintisinə üstünlük verib. Bildirək ki, cari il may ayının 5-də ölkə başçımız və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar. Şübhəsiz ki, məktəbin inşası iki ölkə arasındakı dostluq münasibətindən xəbər verir. Qeyd edək ki, məktəbin tikintisi bu ilin son ayında başa çatacaq. Məktəb binası üç hektar ərazidə inşa edilib. Bina iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət yerləri, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək.

2040-cı ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Növbəti 20 ildə isə əhali sayı 1993-cü illə müqayisədə 2.5 dəfə artacaq. Əhalinin məskunlaşması üçün 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Vətəndaşların sağlam həyat tərzi yaşaması üçün ölkə başçımız şəhərdə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub. Bu, Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, eyni zamanda ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur.

Birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. İkinci mərhələdə isə Füzuli şəhərinin əhalisinin qalan 20 faizinə xidmət göstərən, tutumu 5 min kubmetr olan su anbarı inşa olunacaq.

Hazırda şəhərdə vətəndaşlar üçün yüksək səviyyədə şərait yaradılıb. Cari ayın 18-də həmyerlilərimizin bir hissəsi tarixi dədə-baba torpaqlarına yola düşüb. Belə ki, ilk olaraq 90 nəfərdən ibarət 23 ailə doğma şəhərinə qayıdıb. Ümumilikdə isə birinci mərhələdə Füzuli şəhərinə 144 ailənin köçürülməsi nəzərdə tutulub. Artıq avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə, yəni 509 nəfər iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmışdılar. Ötən il Zəngilan şəhəri ilə başlayan Böyük Qayıdış bu gün Füzuli ilə davam edir. Ümumilikdə, mindən çox vətəndaş artıq öz doğma torpaqlarına qovuşub. Növbəti aylarda bu ənənə davam edəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".