Təhsilə həsr edilmiş həyat
Sosial həyat

Təhsilə həsr edilmiş həyat

İnsanın keçdiyi ömür yolu onun seçdiyi sənətlə həmyoldaşdır. Tale hər insana bir ömür yolu bəxş edir. Onu necə yaşamaq isə istək və dözümün iradəsi ilə nizamlanır, məsuliyyəti ilə seçilir.

Son yüz ildə qlobal dünyanın böyük dönüş nöqtəsində olduğunun şahidiyik. Hər bir ölkə özünün milli dəyərləri ilə seçilir, təhsili ilə inkişaf edir. Bütün sənətlərin başlanğıcı da elə məhz təhsil ocaqlarından, məktəbdən keçir. Zamana söykənən ömür. Çox da uzaq olmayan keçmiş bir dövrün bütün çətinliklərinə sinə gərmiş, həyatın ağırlıqlarını içində qövr etmiş təhsil fədaisi - müəllim ömrü. O ömür ki, Babanlı Baba müəllim adı ilə minlərin sevgisini qazanmış, yaşamış və yaşamaqdadır. Kimdir, Babanlı Baba?

O, 1927-ci ilin yayında Qazax mahalının Şıxlı elində dünyaya göz açmışdır. Atası Mahmud Məhəmməd oğlunun əsli Türkiyənin Babanıoğlu soylarındandır. 1920-30-cu illərdə əmiləri Qazaxın sayılıb-seçilən təhsil fədailəri idi. Əmilərinin sənətinə olan məhəbbəti Kiçik Babanın müəllim olmaq arzularına çevrilirdi. İllər yüyrək olur deyirlər. Böyük Vətən müharibəsi illərində Baba məktəbi bitirərək Qazax Müəllimlər İnstitutuna daxil oldu, təhsil aldı və sevdiyi bu sənətdə ilk addımını Şəmkirin Dəllərcəyir və Könüllü kəndlərində atdı. Bu illərdə bacısı Gülbəslə birlikdə Qazax Müəllimlər İnstitutunda təhsil alan Dünya xanımla ailə həyatı qurur. Həyat yoldaşı və bacısının yeni təyinatları Saatlı rayonuna verildiyindən Baba müəllim də orada işləmək qərarına gəldi.

Muğan düzü. Üç gəncin həyat yüklü taleyi. İlk aylar bir çox çətinliklər yaşandı. Təyinat aldıqları Məmmədabad kəndində qayğısız günlərlə üzləşdilər. Çətin günlərin ömrü az olar deyirlər. Amma bunun üçün dözüm, iradə, səbir gərək idi. Gənclərin çalışqanlığı, fədakarlığı və ən nəhayət, bu yolda mübarizələri öz bəhrəsini verməyə başladı. Məmmədabad kəndində dərs hissə müdiri kimi fəaliyyətə başlayan Baba müəllim bir neçə il sonra rayonun digər kənd məktəbinə direktor vəzifəsinə təyinat aldı. Baba Babanlı bu vəzifənin nə qədər məsuliyyətli olduğunu dərk edir və sənətinə olan sevgisi ona bu yolda mübariz olmağa çağırırdı. Beləliklə, o, 1953-cü ildə 26 yaşında Kirovkənd kənd (indiki Cəlalkənd) yeddiillik məktəbinə direktor təyin olundu. Bacısı və ömür-gün yoldaşı ilə birgə olduqca geridə qalmış, təhsilin vəziyyəti bərbad olan bir obanın tale yükünü çiyinlərində daşımağa başladı. Əvvəlcə, məktəbdən yayınmış uşaqlar və onların valideynləri ilə söhbətlər aparıldı. Yorulmadan axşamlar işdən yorğun gələn valideynlərlə görüşlər keçirir, xüsusi olaraq, qızların məktəbə cəlb edilməsi işini gücləndirirdilər. Görülən işlər öz bəhrəsini verməyə başlamışdı. Baba müəllimi təhsil ocağının köhnə bir binada yerləşməsi də artıq narahat etməyə başlamışdı. Arzusu yeni bir məktəb binası tikdirmək idi. Odur ki, bu çətinliyi aradan qaldırmaq üçün mərkəzə yollanır, nazirlikdə bu sahəyə nəzarət edən rəhbər işçilərlə görüşür. Görüş çətin olsa da, məmnunluq və razılıq hissi ilə geri qayıdır. Cəmi bir il müddətinə 490 yerlik orta məktəb binası inşa etdirir. Təbii ki, bundan sonra bütün tələblərə cavab verən bir məktəb - orta məktəb statusu qazanmağa vəsiqə alır. Getdikcə böyüyən pedaqoji kollektivdə daha savadlı kadrların işləməsinə çalışan Baba müəllimin tələbkarlığı, pedaqoji kollektiv üzvlərinə ədalətli yanaşması və işgüzar bir rəhbər olması onun nüfuzunu artırırdı. Məktəbin əldə etdiyi nailiyyətlər onu təkcə rayon məktəbləri arasında deyil, respublikanın təhsil ocaqları arasında nümunəvi bir məktəb kimi tanımışdı. Artıq bu təhsil ocağının məzunlarının səsi nəinki respublikamızda, eləcə də ümumittifaq miqyasda əks-səda doğurdu. Asan başa gəlməyən bu nəticələri Baba müəllim bütövlükdə kollektivin qələbəsi sayırdı. O, görülən işlərin məqsəd və məramını düşünür, kollektivdə müzakirə edir, fikir mübadiləsi aparırdı. Pedaqoji və direktoryanı müşavirələri vaxtlı-vaxtında həyata keçirirdi. Sinif rəhbərlərinin hesabatlarını dinləyər, fənn müəllimlərinin qayğı və problemlərini diqqət mərkəzində saxlayardı. Hər bir müəllimə ata qayğısı ilə yanaşardı. Bu səmimiyyət pedaqoji kollektiv üzvlərinin diqqətindən yayınmaz, ona olan hörmət və məhəbbəti artırardı. Təbii ki, bu xüsusiyyətləri ona uzun müddət bir təhsil ocağında qüsursuz işləməyə, el-oba arasında böyük nüfuz qazanmağa imkan verdi. Bu obaya bağlılıq həyat fəaliyyətinin 40 ildən artıq bir dövrünə sirayət etdi. O, bu illərdə doğulduğu və boya-başa çatdığı Qazax mahalından uzaq olsa da, sanki ikinci bir doğma el-oba, yurd yeri qazanmışdı. Üç oğul və dörd qız atası oldu. Həyat yoldaşı Dünya xanımla birgə Saatlı torpağında övladlarını boya-başa çatdırdı, tərbiyə və təhsil verdi. Qızları müxtəlif sahələrdə ali təhsil aldı. Oğlanların hər üçü elm yolunu seçdi. Ölkənin tanınmış alimləri səviyyəsinə yüksəldilər.

Bütün bunlar yorulmaq bilməyən təhsil fədaisinin arzulara söykənən ömrünün qızıl həriflərlə yazılmış bir tarixinə çevrildi. Bu gün Qazax mahalında, Ağstafa rayonunda həyatının 95 ilini yaşayan qocaman təhsil korifeyinə uzun ömür, cansağlığı diləyir, həyat yoldaşı Dünya xanımla xoş günlər keçirməyi arzulayırıq!

Sərvan KƏRİMOV.