Təkrar ömür dərsləri
Region

Təkrar ömür dərsləri

Hər il iyul ayının bu günlərində Şirvan şəhərindəki 14 saylı məktəbin bütün siniflərində dərslərin mövzusu onun ömür yoluna həsr olunur. Azərbaycanın Milli Qəhrəmanı Rəfael Şərafət oğlu Həbibovun anım günlərində məktəbin yetirməsi olan bu igid döyüşçünün parlaq tərcümeyi-halı yenidən vərəqlənir, gənc nəslə örnək, nümunə timsalı kimi təqdim olunur. Hər il iyul ayının bu günlərində Rəfaelə həsr olunan dərslər təkrar edildikcə, bu ömür yolu daha dərin məna kəsb edir. Rəfael 1964-cü il aprel ayının 2-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır.

Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytenant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iştirakçısı idi.

Gənc zabit Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərildi. İlk günlərdən təcrübəli zabit kimi döyüşlərə atıldı. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və sair kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak etdi. Bu kəndlərin çoxu erməni quduzlarından azad olundu. Rəfael Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərdi. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən düşmənlə qarşı-qarşıya çıxıb düşməni onların özlərinin PDM-24 maşınının heyəti ilə birlikdə məhv etdi. 1992-ci il iyulun 6-da Çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşdü. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də şəhidlik zirvəsinə yüksəldi.

1994-cü ilin avqustunda dövlət başçısının müvafiq fərmanı ilə respublikamızın suverenliyi və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Bir vaxtlar təhsil aldığı 14 saylı orta məktəb indi onun adını daşıyır. İyul ayının bu günlərində Rəfaelin ömür yoluna həsr olunmuş dərslər hələ çox təkrar ediləcək.

Tofiq HÜSEYN,

"Respublika".