Elinə layiq oğul
Region

Elinə layiq oğul

Röyal Qulam oğlu İbrahimov doğulub boya-başa çatdığı Lənkəran rayonu, Vel kəndində qəlbi sevdalı, qibtə olunası bir yeniyetmə kimi böyük hörmət qazanmışdı. Çünki o, həyatı dərk edən ilk gündən Vətəninə, xalqına işıq olmaq arzusu ilə yaşadı. İkinci Qarabağ müharibəsində canını Vətəninə, xalqının xoşbəxt gələcəyinə fəda etməklə paklıq, saflıq dünyasına dönərək ən uca zirvəyə ucaldı. İndinin özündə də boylandığı qeyrət zirvəsindən yer üzünü səadətə, xoşbəxtliyə haraylayır.

Lənkəran elinin qəhrəman oğlu Röyal İbrahimov 2020-ci ilin iyulunda əsgərliyə yola düşəndə evdəkilərə belə deyir: "Erməni dığaları çox qudurub. Qisas vaxtı gəlib. Onları öldürməyə gedirəm. Heç narahat olmayın, Vətənə, hamıya layiqli oğul olacağam".

Düşdüyü cəbhə bölgəsində Röyal Vətənə məhəbbət, düşmənə nifrət hissini nümunəvi xidməti ilə bildirir. Bütün təlim məşqlərində döyüş igidliyinə görə fərqlənən Röyal müqəddəsliyinə tapındığı yurdunun hər qarışını yağı tapdağından qurtulması üçün düşmənlə savaşa girməyə hazır durur.

2020-ci il sentyabrın 27-də işğalçı erməni dığaları cəbhə xətti boyunca hərbi mövqelərimizi, yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tuturlar. Cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri ilə əks-hücuma keçir və İkinci Qarabağ müharibəsi başlanır. Bu günü çoxdan gözləyən Röyal əlinə silah alıb düşmənlə sona qədər vuruşub qisas alacağına and içir. Cəbrayılda qanlı müharibə meydanına atılan igid əsgər yağıya qan uddura-uddura Şuşaya çatır. Vətənə, torpağa halal sevgisi neçə-neçə ağır sınaqlarda onu qoruyur. Cəbrayılın, Zəngilanın, Qubadlının, Ağdamın azadlığı uğrunda polad sinəsini irəli verib düşmənin üzərinə qartal tək şığıyır, göstərdiyi şücaət əsgər yoldaşlarına da nümunə olur. Oba-oba əsir düşmüş, parçalanmış Azərbaycanımız bütövləşdikcə, Röyal zəfər günümüzə doğru daha inamla irəliləyir.

Onun sonuncu döyüş yeri Şuşa olur. Ağır müharibə meydanında son nəfəsinə qədər mübarizə aparır. Noyabrın 2-də şərəfli şəhidlik zirvəsinə ucalır.

Bəli, 18 yaşlı Röyal İbrahimov canını Vətənə fəda etməklə örnək olan bir tarix yazdı. Adında bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadan igid dövlət tərəfindən "İgidliyə görə", "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Zəfər ORUCOĞLU.