Terrorçu dövlətin “məişət
Digər xəbərlər

Terrorçu dövlətin “məişət" yalanı

Bildiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə planlı terror hücumu baş verdi. Hadisə zamanı səfirlik əməkdaşlarından ikisi yaralanmış və Orxan Əsgərov şəhid olmuşdur. Terrorçu ölkənin hadisəni diqqətlərdən yayındırmaq istəməsi, beynəlxalq hüquq normalarını ciddi şəkildə pozması, yaşananların terror aktı olmamasına cəhd etməsi İran rejiminin çadra altındakı çirkin simasını dünyaya göstərdi.

Baş verən terror aktını məişət zəmnində adi bir hadisə kimi qələmə  verməyə çalışan İran öz çirkin əməlini gizlətmək üçün müxtəlif üsullara əl atır. İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməməsi və beynəlxalq hüquq normalarını kəskin şəkildə pozması dünya ictimaiyyətinin də diqqətindən kənarda qalmadı. İranda törədilmiş terror aktı təkcə ölkəmizdə deyil, beynəlxalq arenada da sərt tənqidlərə məruz qalmaqda davam edir. Artıq digər ölkələr diplomatik əlaqlərin dayandırılması və Tehrandaki səfirliklərinin gələcəyi barədə ciddi şəkildə düşünür.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul zamanı dövlətimiz tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını qeyd etdi. Dövlətimizin başçısı terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülmədiyini vurğuladı.

Dövlətimiz tərəfindən ədalətin bərpası üçün bütün hüquqi və dinc addımların atılması prosesi sürətlə davam edir. İranın Azərbaycanın səfirliyinə terror hücumu ilə bağlı Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində sənədlərin qəbuluna mane olması terror hadisəsinin beynəlxalq arenada müzakirəsinə və mühakiməsinə əngəl törətmə cəhdlərindən biridir. Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın lehinə dəstək verən yalnız 2 ölkənin olması isə saxta İslam ölkəsinin planlarını puç edir.

Hadisə zamanı şəhid olan Orxan Əsgərovun qatili - Yasin Hüseynzadəni terror aktında günahlandırmaq bir yana, qəhrəmancasına kameralar qarşısına çıxaran terror ölkəsi öz ermənipərəst mövqeyini biruzə verir. Terror hadisəsindən bir neçə saat əvvəl terrorçunun səfirliyin qapısını sındırmaq cəhdləri, silahı ilə səfirliyimizin qarşısında iyirmi dəqiqə boyunca vaxt keçirməsi və bütün bu olanların heç bir polis və mühafizə qüvvələri tərəfindən əngəllənməməsi terror aktını törədən Yusif Hüseynzadəni və planı tərtib edən molla rejimini ifşa edir. Öz yerli medialarında hadisəni yumuşaldaraq məsələyə "məişət" donu geyindirilməsi, saxta şahidlərin ifadələri və qərəzli istintaq prosesi həqiqəti qaranlıqda qoymağa çalışan İran rejiminin qorxu dolu çırpıntılarından xəbər verir. Görüntülərdən də aydın olduğu kimi, terrorçunun  içəri daxil olduğu andan etibarən atəş açmağa başlaması və səfirlik əməkdaşlarının üzərinə yürüməsi terror aktını təsdiqləyir. Terrorçunun bu hadisəni törətməsi İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələri özündə əks etdirir. Xüsusən də İran kimi bir dövlətdə belə hadisələrin təsadüfi və "məişət" adı altında baş verməsi gerçəyi əks etdirmir. İrandakı mövcud siyasi gərginlik şəraitində sərbəst toplaşmaq hüququndan, söz haqqından istifadə edərək meydanlarda etiraz səsini ucaldanları güllələyən, dar ağacından asan rejimin ölkəmizə qarşı törədilmiş siyasi terror aktında səssizliyə bürünməsi onların Azərbaycana qarşı məkrli siyasətini bir daha təsdiq edir. Həmçinin törədilən hadisənin dövlət səviyyəsində icra edilmiş siyasi terror olduğu aydın görünür.

Bundan əvvəl, ötən ilin avqustunda Londonda yerləşən Azərbaycan səfirliyinin binasına dini şüar yazılı bayraq taxmış, divarlara, pəncərələrə ərəb dilində şüarlar yazmış və səsləndirmiş fars-molla rejiminin dəstəkçiləri olduğundan hər iki terror aktının sifarişçisinin İran olduğunu təsdiq edir. Hücumu törədən qurum üzvlərinin "molla"larla yaxın münasibətlərə malik olduqları da bəlli oldu.

Ermənipərəst mövqeyini tarix boyu nümayiş etdirən saxta İslam ölkəsi bu kimi çirkin terror aktlarının təkcə ölkəmizdə deyil digər ölkələrin ərazilərində də həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti ayırır. Təbii ki, bu maliyyələşmənin qaynağı heç də onun apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi deyil. İranla Ermənistan torpaqlarımız işğal olunan zaman bu əraziləri narkotik trafiki, çirkli pulların yuyulması, silah alveri üçün platformaya çevirmişdi. Buradan əldə edilən çirkli pulları isə erməni banklar vasitəsilə leqallaşdırılırdı. 44 günlük Vətən müharibəsindən sonra İranın həmin gəlir mənbəyi tamamilə kəsildi. Torpaqlarımız azad olunduqdan sonra İranın Ermənistana maliyyə, yanacaq və silah dəstəyinin hansı qarşılıqlı əsaslarla həyata keçməsi tamamilə aydın oldu. Öz növbəsində əldə edilən gəlirin təriqətlərə və terror qruplaşmalarına paylanması isə diqqətdən yayınmamalıdır. Eyni zamanda İranın Azərbaycana qarşı istifadə üçün Ermənistana raket sistemləri ilə yanaşı, "şəhid dron"ları verməsi özünü islam ölkəsi hesab edən birinin digər islam ölkəsinə ən böyük düşmənçiliyidir.

Bir neçə il əvvəl ABŞ-ın Maliyyə Nazirliyinin sifarişi ilə İranla bağlı hazırlanmış xüsusi hesabatda qeyd olunurdu ki, Tehran rejimi neft-qaz və digər iqtisadi resurslarından əldə etdiyi gəlirlərin böyük hissəsini Yaxın Şərq ölkələrində "İran İslam İnqilabı" ideyalarının həyata keçirilməsi məqsədlərinə yönəldir. Beləliklə də Yaxın Şərqin  bir neçə ölkəsində İrana bağlı terror şəbəkələri gücləndirilmiş olur. Bununla yanaşı, region dövlətlərini təhdid altında saxlamaq üçün, "Atom sənayesi"nin inkişafına şərait yaradılır. Bu barədə ABŞ-ın 30 tədqiqat mərkəzinin hazırladığı sənədlərə nəzər yetirmək kifayət edir.

Nurlan ABDALOV,

"Respublika".