TERRORU TÖRƏDƏNLƏR CƏZASIZ QALMAMALIDIR
Digər xəbərlər

TERRORU TÖRƏDƏNLƏR CƏZASIZ QALMAMALIDIR

Münxen şəhərində mətbuata açıqlama verən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı həqiqəti bütün dünyaya çatdırdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı törədilən terror aktıdır.

Çox təəccüblüdür ki, islam dövləti terrorçuluğu özünə peşə seçib. Dəfələrlə ayrı-ayrı ölkələrin Tehranda yerləşən diplomatik nümayəndəliklərinə hücumlar təşkil edilib.  Amerika, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və digər ölkələrin İrandakı səfirlikləri terror aktına məruz qalıblar.

Gizli niyyət gec-tez özünü büruzə verir. Qərbi Azərbaycandan, Qarabağdan, Şərqi Zəngəzurdan soydaşlarımızı zorla çıxaran, torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan, dini və tarixi abidələrimizi viran qoyan, ata-babalarımızın yurd yerlərini xarabazara çevirən təcavüzkar Ermənistana dəstək verən qonşudan nə istəsən gözləmək olar. Uzun illərdir ki, İran islam bayrağı altında müstəqil Azərbaycana qarşı ikiüzlü, riyakar, xoşagəlməz siyasət həyata keçirir.

Azərbaycan Xarici İşlər Nazirliyi İranın sərgilədiyi anti-Azərbaycan mövqeyinə, diplomatik missiyamıza olan təhdidlərə dəfələrlə etirazını bildirib, səfirliyin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi barədə İran tərəfinə müraciətlər edib. Təəssüf ki, müraciətlər nəticəsiz qalıb.

Yanvar ayının 27-də Tehrandakı səfirliyimizə əvvəlcədən planlaşdırılmış silahlı hücum həyata keçirilib. İranın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış Yasin Hüseynzadə hadisədən qabaq iki dəfə maşınla səfirliyimizin qarşısından keçib. Üçüncü dəfə bilərəkdən, diqqəti cəlb etmək məqsədilə səfirliyimizin maşınını arxadan vurur, əlində avtomat silah İran polisinə əl edib içəri daxil olur. Vəzifə başında olan İran polisi terrorçunu zərərsizləşdirmək əvəzinə, qanlı cinayətin törədilməsinə imkan yaradır.

İranın hüquq-mühafizə orqanları tərəfindən yarım saatdan çox davam edən qanlı hadisənin qarşısının alınmasına heç bir cəhd göstərilmir. Nəticədə səfirliyimizin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov vəhşicəsinə qətlə yetirilir. Səfirliyin daha iki əməkdaşı Mahir İmanov və Vasif Tağıyev odlu silahdan açılan atəşlə ağır yaralanırlar.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, qanlı terror hücumu nazirliyin təkidli müraciətlərinə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.

Göründüyü kimi, terror aktı qabaqcadan hazırlanıb. İran hakimiyyətinin qanlı hadisəyə operativ qaydada müdaxilə etməməsi, dəhşətli cinayəti törətmiş şəxsi cəzadan yayındırması dediklərimizi bir daha təsdiqləyir. İran dövləti imzaladığı beynəlxalq konvensiyanın tələblərini kobud şəkildə pozaraq hadisədən dərhal sonra terrorçunu televiziyaya çıxarır, iki gün sonra onu ruhi xəstə elan edir. İranın mövqeyi heç bir məntiqə, əndazəyə sığmır.

Möhtərəm Prezidentimizin müsahibəsində qeyd olunduğu kimi "biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Buna görə, İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik".

Ataların gözəl bir məsəli var: günəşli gündə səni kölgə kimi izləyən, lakin buludlu havada gözdən itən adamı heç vaxt özünə dost hesab etmə.

Qardaş FƏTULLAYEV,

"Masallı Ziyalıları" İctimai Birliyinin sədri.