Təxribatlar düşmənin acizliyini göstərir
Digər xəbərlər

Təxribatlar düşmənin acizliyini göstərir

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Amma qərb qonşumuz öz törətdiyi təxribatlarla regionda sülhün bərqərar edilməsində maraqlı olmadığını təsdiqləyir. Səngiməyən erməni təxribatları bunun əyani sübutudur. Ermənistanın bu cür məkrli planları regionda sabitliyə təhdid yaradır.

Ermənistan baş nazirinin rəhbərlik etdiyi rejimin revanşist addımları, həmçinin onun İkinci Qarabağ savaşındakı tarixi zəfərimizlə barışa bilməməsi bölgədə gərginliyin artmasına gətirib çıxarır. 44 günlük Vətən müharibəsi bitdikdən sonra dəfələrlə sülhə maraqlı olduğunu və bu istiqamətdə lazımi addımları atacağını bəyan edən Paşinyan hələ də öz vədlərinə əməl etmir. Başqa sözlə desək, Ermənistan baş naziri reallığa gəldikdə, beynəlxalq ictimaiyyətin fikrini dezinformasiyalarla yayındırmağa çalışır. İki ölkə arasındakı münasibətlərin normallaşdırılması məqsədilə Brüsseldə, Kişineuda, Moskvada baş tutan görüşlərdə sülhdən dəm vuran baş nazirin dedikləri ilə əməllərinin ziddiyyət təşkil etdiyini asanlıqla görmək mümkündür.

Xain haylar hətta öz havadarlarını da çirkin əməllərinə oyuncaq edir. Görünür, onlar Azərbaycanın hər cür təhdid və təxribatlara adekvat cavab verməyə qadir olduğunu unudurlar.

Ardı-arası kəsilməyən erməni təxribatlarının davamı olaraq avqustun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən silahlı mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd ediblər. Şübhəsiz, Ordumuzun bölmələri tərəfindən hayların apardığı işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə lazımi tədbirlər görülüb. Ümumiyyətlə, avqustun 13-də də axşam saatlarından başlayaraq avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi atəşə tutub. Xain qərb qonşumuz Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizə müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəş açıb. Düşmən yenə bölmələrimiz tərəfindən görülən adekvat tədbirlər nəticəsində susdurulub. Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb. Bəyanatda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması qeyd olunub. Bundan başqa, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanmasının müşahidə olunduğu da bəyanatda öz əksini tapıb. Bir məqamı da qeyd etmək lazımdır ki, bu, erməni qüvvələrinin ordumuza qarşı törətdiyi ilk cinayət və təxribat aktı deyil, artıq adət halına çevrilib. Belə ki, iyulun 19-da da Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Boyəhməd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimiz də atıcı silahlardan fasilələrlə atəşə tutulmuşdu. Düşmənin bu təxribatının qarşısı da ordumuz tərəfindən qətiyyətlə alınmışdı.

 Əslində, Ermənistan tərəfi bununla beynəlxalq hüququn, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndində təsbit olunmuş öhdəliklərini ciddi şəkildə pozmuş olur. Çünki haylar bu təxribatlarla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bir daha işğal etməyə çalışdığını bəlli edir. Onlar, həmçinin məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmalarının qarşısını alır, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi əngəl yaradır. Ermənistan tərəfi, bununla yanaşı, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. Bütün bunlar bir daha deməyə əsas verir ki, işğalçı ölkənin tək niyyəti sülhdən boyun qaçırmaqla regionda öz çirkin əməllərini reallaşdırmaqdır. Amma Prezident İlham Əliyevin uğurlu siyasəti, həmçinin rəşadətli Azərbaycan ordusunun gücü bütün erməni təxribatlarının qarşısını almağa qadirdir.

Ermənistan tərəfinin təxribatları sadəcə bunlarla da yekunlaşmır. Bildiyimiz kimi, ötən günlərdə Laçın yolunun girişində 21 yük maşınının saxlanılması da ölkəmizin ərazi bötüvlüyünə hörmətsizlik əlaməti kimi qiymətləndirilməlidir. Çünki xain qonşumuz rəsmi şəkildə dövlətimizin icazəsi olmadan ərazilərimizə yük maşınları gətirməyə cəhd edib.

Şübhəsiz, Ermənistanın bu cür təxribatları Azərbaycanın sülh strategiyasını həyata keçirməsinə əngəl deyil. Haylar Qarabağ da daxil olmaqla, ölkəmizin ərazi bütövlüyünü tanıdığını açıq şəkildə bəyan edib. İndi isə bu istiqamətdə daha ciddi addımlar atmalıdırlar. Çünki qərb qonşumuzun qeyri-konstruktiv mövqeyi onu gülünc vəziyyətə salmaqdan başqa bir işə yaramır.

Nurlan ABDALOV,

"Respublika".