Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş geniş tərkibli kollegiya iclası
Səhiyyə

Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş geniş tərkibli kollegiya iclası

Tibb işçilərinin peşə bayramı ilə əlaqədar səhiyyə naziri Teymur Musayev, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, habelə tibb ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

Tədbirdə səhiyyə naziri Teymur Musayev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək vurğuladı ki, bu il adları müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış iki böyük şəxsiyyətin – dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoymuş görkəmli alim və həkim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır. Bildirildi ki, məhz 17 iyun tarixində Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyi yaradılıb: 105 illik bir dövrdə Azərbaycan səhiyyəsi şərəfli və çətinliklərlə dolu bir yol keçib.

Nazir Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib.

“Respublika”.