Torpağın köksünə vurulan yaralar sağalır
Sosial həyat

Torpağın köksünə vurulan yaralar sağalır

Müharibələr nə qədər ağır, uzunmüddətli olsa da, bir gün başa çatır, ancaq onun fəsadlarının aradan qaldırılmasına illərlə vaxt lazım gəlir. Çünki hərbi döyüşlərdə tərəflər ələ keçirdikləri əraziləri minalar, partlamamış hərbi sursatlarla çirkləndirir ki, bu da postmüharibə dövründə böyük problemlər yaradır. Bəzən ölkələrin bu gözəgörünməz düşmənlə mübarizəsi on illərlə davam edir. Məsələn, Yuqoslaviyanın dağılmasından sonra öz ərazisinin bütövlüyü uğrunda müharibə aparmış Xorvatiyada torpaqların minalardan təmizlənməsi işinə 20 il vaxt lazım gəlib. Mozambikdə isə bu iş 23 ilə başa çatdırılıb.

Ukraynalı hərbi ekspert Mixail Jiroxov yazır ki, "minalardan təmizləmə işinə sərf olunan vaxt müharibənin davam etdiyi müddətdən təxminən 5 dəfə çox olur". Bu fikrə əsaslansaq, onda İkinci Qarabağ müharibəsində son hərbi əməliyyatların getdiyi ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə cəmi 7-8 ay lazım gələ bilərdi, ancaq məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında Qarabağ müharibəsi əslində 30 ilə yaxın müddətdə davam edib və düşmən işğal atında saxladığı ərazilərdə uzun illər minalar basdırıb, istehkamlar qurub. Bu mənada, Azərbaycan ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rəsmiləri bildirirlər ki, işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi azı 10-15 il çəkəcək. Həmçinin qeyd edirlər ki: "İşğaldan azad olunmuş ərazi çox böyükdür, minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıqdır. Buna görə də dəqiq vaxt söyləmək çətindir. Bu o demək deyil ki, sakinlər evlərinə qayıtmaq üçün 10-15 il gözləyəcək. İlk öncə, yaşayış yerləri minalardan təmizlənəcək, insanlar üçün təhlükəsiz sayıldıqdan sonra öz yurd-yuvalarına qayıda biləcək". Hazırda bu istiqamətdə böyük işlər görülür...

"Çox sevinirəm ki, belə bir vacib işdə Azərbaycan qadınları da iştirak edir... ABŞ hökuməti də dünyada minaların təmizlənməsi prosesində yaxından iştirak edir. Dövlətimiz bu məsələdə böyük vəsaitlər xərcləyib. 1999-cu ildən bəri ABŞ Azərbaycana minalarla mübarizə humanitar proqramlarını dəstəkləmək üçün təxminən 38 milyon dollar ayırıb. Bundan sonra da Azərbaycanda mina təmizlənməsi işində ABŞ dövləti niyyətinə sadiq qalacaq və Qarabağın işğaldan azad edilmiş ərazilərinin minadan təmizlənməsi işinə yaxından dəstək olacaq". Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı bildirib.

Minalar bəşəriyyət üçün daha bir təhlükədir. BMT-nin dəyərləndirmələrinə əsasən bu gün dünyada 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyona yaxındır. Hər gün orta hesabla dünyada 70-dək insan minaya düşür, minalardan zərər çəkmiş hər 3 nəfərdən biri isə uşaqdır.

1996-cı ildə BMT-nin təşəbbüsü ilə humanitar məqsədlə "minalardan təmizləmə əməliyyatları üçün beynəlxalq standartlar" işlənib hazırlanıb ki, bu standartların ərazilərin təmizlənməsi işi ilə bağlı tələbi belədir: 20 santimetrədək qalınlığı olan torpaq təbəqəsinin 99,6 faizi mina və partlayıcı maddələrdən təmizlənməlidir. Reallıq isə onu göstərir ki, minaların aşkarlanması və zərərsizləşdirilməsi üçün mövcud texniki vasitələr bu qədər yüksək təmizlənməni təmin etmir və nəticədə ərazilərin 80 faizindən çoxu minaaxtaranlar tərəfindən təmizlənir.

Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan müharibədən əvvəl mövcud olmuş təmas xətti boyu və işğalda olan ərazilərdəki minalanmış sahələrin xəritəsini Ermənistandan tələb edir: "Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini  vermir, bundan imtina edir. Halbuki, biz dəqiq bilirik ki, onlarda belə xəritələr var", - deyən Prezident İlham Əliyev bildirib ki, Ermənistan onda belə bir xəritənin olmasını nə təsdiq, nə də təkzib edir.

Mütəxəssislər qeyd edirlər ki, sahənin təmizlənməsi həmin ərazinin mina ilə çirklənməsindən, relyefdən və müəyyən qədər də hava şəraitindən asılı olsa da, mina xəritələrinin olması işin sürətinə təsir edən ən əsas amildir. Mina təmizlənməsi işi zaman və böyük vəsait tələb edir, eyni zamanda bu prosesdə müxtəlif vasitələrdən istifadə olunur. Axtarış itlərindən və robotlardan istifadə isə yeni deyil. Minaların təmizlənməsində Azərbaycanda robot və heyvanlardan istifadə edilir.

Təəssüflə qeyd etməliyik ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasındadır. Belə ki, işğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Bu böyük həcmli işin öhdəsindən gəlmək üçün ölkəmiz bütün yardım təkliflərinə hazırdır. 2023-cü ilin mayında Bakıda keçirilən minatəmizləmə fəaliyyətilə bağlı "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda ikinci beynəlxalq humanitar konfransda BMT-nin Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru İlene Kohn tədbir iştirakçılarına onlayn müraciətində bildirib ki, BMT ölkələrin minalardan təmizlənməsinə, minaların yayılmasının qarşısının alınmasını təşviq etməyə davam edəcək: "Azərbaycan hökuməti, ANAMA minaların təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görür. ANAMA həm də digər ölkələrlə təcrübəsini bölüşür ki, bu da çox vacibdir".

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi bu gün Azərbaycan üçün həlli vacib olan əsas məsələlərdən biridir. İndiyə qədər bu istiqamətdə xeyli iş görülüb, 116 574 mina və hərbi sursat zərərsizləşdirilib. 129 min 831 hektar ərazi minalardan təmizlənib. Bu prosesdə ölkəmizə beynəlxalq miqyasda yardımlar edilir. Azərbaycan Türkiyə ilə işbirliyi həyata keçirir. Böyük Britaniya da prosesdə iştirak edir.

Bütün çətinliklərə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə və bərpa-quruculuq işləri paralel şəkildə aparılır. Torpağın köksünə vurulan yaralar sağalır, illərin ayrılığını yaşayan insanlar doğma yurd yerlərinə qayıdırlar.

Zümrüd QURBANQIZI,

"Respublika".