Torpaqşünaslıq və Aqrokimya İnstitutu işğaldan azad olunmuş ərazilərdə tədqiqata başlayıb
Digər xəbərlər

Torpaqşünaslıq və Aqrokimya İnstitutu işğaldan azad olunmuş ərazilərdə tədqiqata başlayıb

İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışın təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə yanaşı, bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlərə də başlanılıb. Qarabağın işğaldan azad edilmiş torpaqlarının tədqiqi məsələləri aqrar sahəyə aid elmi fəaliyyətlə məşğul olan alimlərin üzərinə mühüm vəzifələr qoyur. Bu məqsədlə Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə görüşüb.

“Respublika” xəbər verir ki, bu barədə institutdan məlumat verilib. Bildirilib ki, görüş zamanı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi fəaliyyəti və Tərtər rayonu ərazisində xüsusilə rayonun işğaldan azad olunmuş ərazilərində torpaq tədqiqatları aparmaq məqsədilə qarşılıqlı iş prinsipi haqqında müzakirələr aparılıb. Həmçinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Tərtər rayonunun elmi tədqiqat müəssisələri arasında birgə əməkdaşlığın yaradılması, elmi araşdırmaların təşkili məsələləri müzakirə olunub.

Daha sonra ərazidə əkinə yararlı torpaqlarda bağaltı, taxılaltı sahələrindən torpaqların qiymətləndirilməsi məqsədilə analiz üçün torpaq nümunələri götürülüb. Tərtər rayonunun işğaldan azad olunmuş Çaylı kəndi və digər ərazilərdən monitorinq məqsədilə torpaq nümunələri götürülüb və ərazi vizual olaraq tədqiq edilib.